22 Dekabr 2024, Bazar

Ölkəmizdə təhsil strategiyasının əsasını qoymuş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Gənc nəslin tərbiyəsinə və təhsilinə ciddi fikir versək, onda gələcəyimiz üçün böyük işlər görmüş olarıq”. Ulu öndərin müəyyənləşdirdiyi inkişaf və tərəqqi strategiyasına böyük ehtiramla yanaşılan muxtar respublikamızda bu məsələyə çox ciddi önəm verilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təhsilin davamlı inkişafını təmin edən sərəncamların imzalanması, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksəkixtisaslı kadr hazırlığını təmin edən Dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi təhsilin beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına təkan verib, müasir bilik və bacarıqlara yiyələnməni təmin edib. Təhsil sahəsində innovativ təlim metodlarının tətbiqi, səriştəli müəllimlərin peşəkarlığının yüksəldilməsi, şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi, onların istedadlarının aşkar olunması və inkişafı istiqamətində mühüm addımlar atılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2020-ci il 4 avqust tarixdə “Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması haqqında” imzalanan Sərəncam bu istiqamətdə atılan növbəti addım kimi elmi-pedaqoji ictimaiyyət tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanıb.
İxtisaslı kadrların hazırlanmasında böyük rol oynayan təmayüllü liseyin yaradılması muxtar respublikamızda ilk deyil. Bundan əvvəl dəqiq elmlər üzrə kadrların hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılıb. Müasir tədris şəraiti ilə təmin olunan liseydə muxtar respublikanın ayrı-ayrı rayonlarından olan istedadlı uşaqlar təhsil alırlar. Onlar dövlət hesabına yataqxana və yüksəkkeyfiyyətli yeməklə təmin edilirlər. Liseydə təhsil iki pillədə – ümumi orta və tam orta təhsil pillələrində aparılır. Burada yaradılan şəraitin nəticəsidir ki, 5 ildir, fəaliyyət göstərən liseyi 76 məzun bitirib, onların 3-ü qızıl, 1-i gümüş, 14-ü isə fərqlənmə attestatına layiq görülüb. Fərəhlidir ki, məzunların hamısı respublikanın müxtəlif ali məktəblərinə daxil olaraq tələbə adını qazanıb. Həmin məzunlardan 28-nin göstəricisi isə 500-700 bal intervalında olub. Qəbulu müsabiqə yolu ilə aparılan liseydə təhsil almaq üçün hər il müraciət edən şagirdlərin sayı artmaqdadır.
Bu gün muxtar respublikada yeni və ixtisasyönümlü təhsil müəssisələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi baxımından uzaq gələcəyə hesablanan ən uğurlu addımlardan biridir.
İnanırıq ki, Ali Məclis Sədrinin təşəbbüsü ilə yaradılan Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey də, bu mənada, özünü doğruldacaq və təbiət elmləri sahəsi üzrə kadrların hazırlanması işinə öz töhfəsini verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR