AMEA Naxçıvan Bölməsində elmi istehsalatın hazırlığının vəziyyəti ilə bağlı ümumi yığıncaq keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev bu elmi qurumun tərkibindəki elmi-tədqiqat müəssisələrində aparılan tədqiqatlardan, əldə edilən nəticələrdən danışıb. Bildirib ki, elmə, onun inkişafına dövlət dəstəyi, qayğısı sayəsində elmi tədqiqatların maddi-texniki bazasının möhkəmləndirilməsi səmərəli nəticələrin əldə olunmasına şərait yaradıb. Alim son illər bölmənin Təbii Ehtiyatlar və Bioresurslar institutlarının laboratoriyalarında tətbiqyönümlü tədqiqatlar aparıldığını deyib. O qeyd edib ki, Təbii Ehtiyatlar İnstitutunda “Darıdağ” arsenli suyundan quru qalığın alınması üçün istehsal şəraiti yaradılıb, eyni zamanda Biləv zəy süxurundan üç birləşmənin alınması istiqamətində geniş tədqiqatlar aparılıb. Müalicəvi “Şorsu” palçığı həm krem, həm də quru toz formasında qablaşdırılaraq əczaxanalara satışa göndərilib, o cümlədən Qabıllı və Duzdağdan gətirilən gil nümunələrinin tərkibi müəyyən edilib, gil yuyucu materialın həm toz, həm də pasta formasında istehsalına başlanılıb.
Tədqiqatlar nəticəsində muxtar respublika ərazisində yem, dərman, efir yağlı, boyaq əhəmiyyətli, barverən, yeyilən yabanı qida bitkiləri, aşı maddəli, lifli, kitrəli, qlükozidli, alkaloidli, vitaminli, kosmetik və digər olmaqla, faydalı bitki qrupu müəyyən edilib. İsmayıl Hacıyev bölmənin Bioresurslar İnstitutunda steril şəraitdə qurudulan dərman bitkilərindən, hələlik 16 adda ürək və qan-damar sistemi, mədə-bağırsaq, qaraciyər, duzlaşma, şəkər və digər xəstəliklərin müalicəsində istifadə edilməsi üçün xüsusi təcrübələrlə yoxlanılmış reseptlər əsasında dərman bitkisi qarışığı hazırlandığını söyləyib. Dərman bitkisi qarışığının Naxçıvan şəhərində fəaliyyət göstərən Yaşıl Aptekdə və regionun müxtəlif əczaxanalarında satışa çıxarıldığını diqqətə çatdırıb.
Vurğulanıb ki, institutun Biokimyəvi tədqiqatlar laboratoriyasında artıq gülab istehsal edilir. Laboratoriyada həmçinin dağnanəsi, kəklikotu, üzərlik, yovşan, razyana, dazı və digər 14 bitki toxumundan yağlar, gülxətmi, sumax, boymadərən, çölnanəsi və başqa 18 adda bitki ekstraktı, bundan başqa, müxtəlif çeşidli mürəbbə, doşab və kompotlar, həmçinin dezinfeksiya, müalicəvi dərman məqsədilə istifadə edilən suyun da alınmasına başlanılıb ki, yaxın gələcəkdə onların istehsalının genişləndirilməsi və satışa verilməsi nəzərdə tutulur.
Sonra Biоkimyəvi tədqiqatlar labоratоriyasının elmi işçisi Aydın Qəmbərov iştirakçılara bitkilərdən dərmanların, müxtəlif yağların alınma mərhələsi, onların qablaşdırılması barədə ətraflı məlumat verib.
Tədbirə yekun vuran İsmayıl Hacıyev Naxçıvanın təbii sərvətlərinin öyrənilməsi üçün əlverişli şərait yaradan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.
AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti