Dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edən “Naxçıvan” Universiteti Türkiyənin İstanbul Universiteti ilə əməkdaşlığı yeni tədris ilində daha da genişləndirir.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu İstanbul Universitetində olub. Prorektor ali təhsil ocağının bir sıra rəhbər şəxsləri ilə görüşüb.
Görüşlər zamanı İstanbul Universitetinin İqtisad fakültəsi ilə “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsi arasında əməkdaşlığın genişləndirilməsi əsas diqqət mərkəzində olub. İstanbul Universitetinin İqtisad fakültəsinin dekanı, professor Sayım Yorğun ilə görüşdə İqtisadiyyat ixtisası üzrə ali təhsil ocaqlarında olan müəllimlərin qarşılıqlı mübadiləsi ilə bağlı protokollar imzalanıb, universitetlər arasında ikili diplomun təşkili, ”Naxçıvan” Universitetində yeni yaradılmış “Kompüter mühəndisliyi” ixtisasının günün tələblərinə uyğunlaşdırılması məqsədi ilə bağlı təcrübə mübadiləsi, İqtisadiyyat ixtisasının ingilis dilində akreditə edilmiş tədrisi ilə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa İstanbul Universiteti ilə “Naxçıvan” Universiteti arasında 2020-2021-ci tədris ilində 7 ixtisas üzrə tələbə təcrübə mübadiləsinin aparılması ilə bağlı razılıq əldə olunub.
Görüşdə ötən tədris ilində müəllim mübadilə proqramı ilə “Naxçıvan” Universitetində olan İstanbul Universitetinin müəllimi, professor Haluk Tanrıverdi də iştirak edib. Professor “Naxçıvan” Universitetində, ümumilikdə, Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən diqqətdən danışıb. Bildirib ki, İstanbul Universiteti ilə “Naxçıvan” Universiteti arasında əməkdaşlıq bundan sonra da inkişaf etdiriləcək.
Seyfur HACIMURADOV