Təhsilin inkişafı ilə yanaşı, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən valideyn himayəsindən məhrum və ya xüsusi qayğıya ehtiyacı olan uşaqlara hər zaman dövlət qayğısı göstərilmiş, onların təhsili, təlim-tərbiyəsi, mənəvi inkişafı daim diqqət mərkəzində olmuş, istedadlarının üzə çıxarılması, bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilmişdir. Bu qayğının bariz nümunəsi kimi Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbini qeyd edə bilərik.
Bu məktəb bu gün öz fəaliyyəti ilə əsl nümunəvi təhsil və ya belə desək, həm də isti ailə ocağı kimi xüsusi qayğıya ehtiyacı olan uşaqlara qucaq açıb. Həmişə elm xadimləri, ziyalıları ilə fərqlənən Ordubad elmi mühiti məktəbin fəaliyyətinin ilk günündən rayonun bilikli müəllimlərindən təşkil olunmuş bir kollektiv yarada bilib. İnternat məktəbinin fəaliyyəti hər zaman diqqət mərkəzində olmuş, burada formalaşan hər bir şagird əsl vətənpərvər gənc kimi məktəbdən ayrılmışdır.
Məktəbin fəaliyyətində sayılıb-seçilən müəllimlərin rolu da böyük olmuş, onların sayəsində məhz bu gün də öz tarixi ənənəsini yaşadan, özünəməxsus spesifik xüsusiyyətləri ilə seçilən təhsil ocağı formalaşmışdır. Muxtar respublikamızın müxtəlif rayonlarından təhsil almaq üçün buraya axın başlamış, təhsil ocağı valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqlarının oxumaq imkanı əldə etmələri üçün ideal ünvana çevrilmişdir.
1964-cü ildə internat məktəbi üçün yeni 420 şagird yerlik bina, 300 yerlik yataqxana korpusu inşa edilmiş və həmin ildən məktəb 340 şagird kontingenti ilə fəaliyyətini davam etdirmişdir.
Heç şübhəsiz ki, təhsil sahəsində qazanılan bütün uğurların arxasında hərtərəfli dövlət qayğısı dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Ordubad şəhər internat tam orta məktəbinin fəaliyyəti üçün zəruri tədris şəraiti yaradılmışdır. Yenidən əsaslı təmir olunaraq müasir infrastrukturla zənginləşdirilmiş 469 şagird yerlik məktəbin binası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2006-cı il dekabrın 21-də istifadəyə verilmişdir. İki mərtəbədən ibarət tədris korpusu, 3 mərtəbədən ibarət 134 yerlik yataqxana və zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət yeməkxana binasının fəaliyyət göstərdiyi məktəb kompleksində 18 sinif, 2 yardımçı otaq, fizika, kimya, biologiya olmaqla, 3 laboratoriya, 2 elektron lövhəli sinif, internetə çıxışı olan 1 kompüter otağı, 2 müəllimlər və 1 elektron lövhəli şahmat otaqları, hərbi kabinə, bufet və idman zalı yerləşmiş, həmin otaqlar lazım olan müasir avadanlıq və infrastrukturla təmin olunmuşdur.
Məktəbdə tədrisin keyfiyyətinin artırılması məqsədilə zəngin kitabxananın olması burada təhsil alan şagirdlərin biliklərinin, intellektual səviyyələrinin yüksəldilməsinə geniş imkanlar açır.
İnternat məktəbində şagirdlər isti yemək, çay və yataqla təmin olunurlar. Məktəbin tərbiyəçi müəllimlərinin nəzarəti ilə şagirdlərə gündəlik məşğələlər təşkil edilir və növbəti günün dərslərinin hazırlanmasında onlara köməklik göstərilir. Həmçinin burada şagirdlərin muzeylərə ekskursiyası, şeir, rəsm, inşa yazı və digər müsabiqələr də təşkil edilir. Məktəbdə şagirdlər asudə vaxtlarını səmərəli keçirmək üçün şahmatla, voleybol, basketbol, stolüstü tennis kimi digər idman növləri ilə də məşğul olurlar.
Bu gün təhsil ocağında 59 müəllim-tərbiyəçi və 62 texniki heyət şagirdlərin qayğısını çəkir. Məktəbdə yerləşdirilən camaşırxana, hamam, dərzi, bərbər, ayaqqabı təmiri otaqları, bufet, üstüaçıq yaşıl meydança və idman zalı gənc nəslin sağlam böyüməsində mühüm rol oynayır.
Hazırda 491 şagirdin təhsil aldığı internat təhsil sahəsindəki göstəricilərinə görə 2007-2008-ci tədris ilində respublikada “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qaliblərindən biri olmuşdur. Fəaliyyətinə görə məktəbin müəllimlərindən 1-i “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 3-ü isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, 1-i isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Yaradılan yüksək tədris şəraitinin nəticəsidir ki, Ordubad şəhər internat tam orta məktəbində hər il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan şagirdlərin sayı artır. Son bir neçə ilə nəzər salsaq, bunu aydın görmək olar. Belə ki, 2016-2017-ci tədris ilində məktəbi 17 məzun bitirmiş, onlardan 3-ü fərqlənmə attestatı almışdır. Məzunların14-ü ali, 1-i isə orta ixtisas təhsili müəssisəsinə qəbul olmuş, onlardan 4-ü 500-700 arası bal toplamışdır. 2017-2018-ci tədris ili üçün nəticələr daha da ürəkaçan olmuşdur. Belə ki, həmin il məktəbi 15 məzun bitirmiş, onlardan 5-i fərqlənmə attestatına layiq görülmüşdür. Məzunların hamısı Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuş, 5-i 500-700 intervalında bal toplamışdır. 2018-2019-cu tədris ilində isə məktəbi 15 şagird bitirmiş, 14-ü yüksək nəticə göstərərək Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuş, 4-ü 500-700 arası bal toplamışdır. Həmin məzunlardan 1-i isə Prezident təqaüdünə layiq görülmüş, 1-i qızıl medal, 1-i fərqlənmə attestatı ilə təhsilini başa vurmuşdur. Son 8 ildə ali məktəblərə tələbə qəbulunda Ordubad internat tam orta məktəbi həmişə ön sıralarda olmuş, məktəbi bitirən şagirdlərin 85,6 faizi tələbə adına layiq görülmüşdür.
Məktəbin fəaliyyətində əsas məqsəd burada təhsil alan hər bir şagirdin savadlı, vətənpərvər, dünyagörüşlü böyüməsidir. Ümid edirik ki, məktəbin builki qəbul göstəricisi ötən illərdən geri qalmayacaq, bu təhsil ocağı yenə də öncül məktəblər sırasındakı yerini qoruyub saxlayacaqdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti