AMEA Naxçıvan Bölməsində AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, pedaqogika üzrə elmlər doktoru, professor Oruc Həsənlinin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək tədbirin iyulun 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında Oruc Həsənlinin 70 illik yubileyinin qeyd edilməsi ilə bağlı müvafiq qərara əsasən təşkil edildiyini bildirib.
Qeyd olunub ki, professor Oruc Həsənli 1950-ci il avqustun 15-də Şərur rayonunun Ələkli kəndində anadan olub, 1967-ci ildə orta məktəbi bitirib, 1968-1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. Bir müddət kənd məktəbində müəllim, sonra Naxçıvan Dövlət Universitetində assistent, müəllim, baş müəllim və dosent vəzifələrində işləyib, Naxçıvan Dövlət Universitetinin professoru olub. 1993-2008-ci illərdə “Naxçıvan” Universitetinin tədris işləri üzrə prorektoru işləyən Oruc Həsənli 2010-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışıb. 1992-ci ildə pedaqogika üzrə fəlsəfə doktoru, 2006-cı ildə isə pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi alan Oruc Həsənli 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Uzun illər muxtar respublikada pedaqoji kadrların hazırlanmasında böyük əmək sərf edən ziyalının səmimiliyi, ünsiyyətcilliyi, sadəliyi və xeyirxahlığı onu həm çalışdığı kollektivə, həm də tələbələrinə sevdirib. 220-dən artıq elmi əsərin, o cümlədən 26 kitab və monoqrafiyanın müəllifi olan Oruc Həsənlinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, 2007-ci ildə o, “Tərəqqi” medalı ilə təltif edilib, 2014-cü ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Muxtar respublikanın ictimai həyatında yaxından iştirak edən Oruc Həsənli 3-cü, 4-cü və 5-ci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib. Ömrünü elmin inkişafına həsr edən gözəl insan, fədakar alim Oruc Həsənlinin xatirəsi muxtar respublikamızda yaşadılır və bundan sonra da unudulmayacaqdır.
Akademik İsmayıl Hacıyev çıxışının sonunda tədbir iştirakçıları, elm və təhsil işçiləri adından göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıq edib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirə onlayn formada qoşularaq “AMEA-nın müxbir üzvü Oruc Həsənlinin elmi-ictimai fəaliyyəti” mövzusunda çıxış edib. O bildirib ki, keçirilən tədbir Azərbaycan pedaqogika və psixologiya elminin inkişafında böyük rolu olan Oruc Həsənlinin xatirəsinə ehtiramın ifadəsi, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin muxtar respublikada alimə, elmə, görkəmli sənətkarlara dövlət səviyyəsində göstərdiyi diqqət və qayğının parlaq ifadəsidir.
Vurğulanıb ki, Oruc müəllimin əsas fəaliyyəti pedaqogika, pedaqogikada isə diyarşünaslıqla bağlı olub. Diyarşünaslıq özündə pedaqogikanı birləşdirməklə yanaşı, eyni zamanda vətənpərvərlik, diyarı sevmək, diyarın görkəmli şəxsiyyətlərini öyrənmək, tanımaq, tanıtmaq baxımından əhəmiyyətlidir. Alimin pedaqogika və diyarşünaslıq sahəsində apardığı tədqiqatlar pedaqoji əhəmiyyəti ilə yanaşı, həm də geniş mənada, sosial və ictimai xarakteri ilə də seçilir. Vurğulanıb ki, bütün bunlara görə də Oruc Həsənlinin tədqiqatları pedaqogika sahəsində olduğu kimi, ictimai elmlərin tarixində də özünəməxsus yer tutur və mühüm əhəmiyyətə malikdir.
Qeyd olunub ki, Oruc müəllim muxtar respublikada pedaqoji fəaliyyətlə də səmərəli şəkildə məşğul olub. Onun fəaliyyətinin böyük hissəsi Naxçıvan Dövlət Universiteti ilə bağlı idi. Tədris etdiyi Diyarşünaslıq və Sosial psixologiya fənləri yeni nəslin milli şüurunun, vətənpərvərlik tərbiyəsinin formalaşmasına, ölkə dəyərlərinin daha dərindən sevilməsinə, öyrənilməsinə şərait yaradırdı. Oruc müəllim pedaqogika və psixologiyada ictimai və sosialyönümlü dəyərləri bir pedaqoq, müəllim, tədqiqatçı alim kimi özünəməxsus şəkildə səciyyələndirirdi. Onun həm də yaxşı təşkilatçı və rektor kimi Naxçıvan Müəllimlər İnstitutunun yenidən qurulmasında, inkişaf etdirilməsində mühüm xidmətləri olub.
Akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA-nın müxbir üzvü kimi fəaliyyəti qısa dövrü əhatə etsə də, tanınmış alim Azərbaycan miqyasında pedaqogika və psixologiya elminə, eləcə də təhsilə verdiyi töhfələrlə daim xatırlanacaq.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov “Professor Oruc Həsənli və Naxçıvan Müəllimlər İnstitutu”, Bakı Elm və Təhsil Mərkəzinin prezidenti, pedaqogika üzrə elmlər doktoru, professor Fərahim Sadıqov “Şərəfli alim ömrünün dəyərli səhifələri”, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Akif İmanlı “Pedaqoji kadrların hazırlanmasında Oruc Həsənlinin xidmətləri” mövzularında çıxış edərək tanınmış təhsil təşkilatçısı və nüfuzlu alimin elmi, ictimai fəaliyyətindən geniş söhbət açıblar.
Sonra mərhumun ailə üzvlərindən həyat yoldaşı Zərifə Həsənli, oğlu Eldəniz Həsənli çıxış edərək minnətdarlıqlarını bildiriblər.
Sonda professor Oruc Həsənlinin elmi-pedaqoji və ictimai fəaliyyəti ilə bağlı slayda və alimin əsərlərindən ibarət sərgiyə baxış olub.
Güntac ŞAHMƏMMƏDLİ