AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikası ərazisində elmi tədqiqatlar aparan Xaraba Gilan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin “Naxçıvanın orta əsr şəhərləri: Aza (tarixi-arxeoloji tədqiqat)” monoqrafiyası “Avropa” nəşriyyatında çapdan çıxıb.
İnstitutdan bildirilib ki, monoqrafiya Naxçıvanın orta əsr şəhərlərindən biri olan Azanın tarixinin və maddi mədəniyyətinin tədqiqinə həsr edilib. E.ə. I minilliyin əvvəllərindən mixi yazılarda adı gedən Aza yaşayış yeri yalnız iki min il sonra – XIV-XVI əsrlərdə şəhər kimi mövcud olub, Osmanlı-Səfəvi müharibələri gedişində bir neçə dəfə dağıntıya məruz qalaraq şəhər statusunu itirib.
Monoqrafiyada qısa şəkildə bölgənin siyasi tarixinə də toxunulur. 1256-cı ildə Hülakü xan İsmaililəri darmadağın etdikdən sonra onlardan bir qrupu Ordubadın şərq tərəfində, Zəngəzur silsiləsinin əlçatmaz yerlərində məskən salaraq uzun müddət gizli yaşayıb, İsmaili təriqətini Naxçıvan və Maku bölgələrində yayıb. Nüsnüs kəndindəki “Qırx kimsənə” pirinin onlara aid olması haqqında fikirlər var.
Naxçıvanda geniş yayılan daha bir dini cərəyan nöqtəvilik (insan ruhunun canlılara və cansızlara keçməsi) olub. Bu cərəyan sovet dövrünün ilk vaxtlarına qədər davam edib. Orta əsr Aza şəhəri və ətrafındakı kəndlər nöqtəviliyin mərkəzi olub. Bu fikri nöqtəvilərin sitayiş etdikləri, qəbirlərin üzərinə, pirlərə, kəndlərə yaxın təpələrin üzərinə qoyulub və oraların ziyarətgaha çevrilməsinə səbəb olmuş qeyri-adi görünüşlü qara rəngli çay daşlarıdır. Aza orta əsr qəbiristanlığında, Aza pirində bu daşlar indi də durur və yerli əhali arasında onların qeyri-adi gücə malik olduğuna, gecələr gəzərək səhərlər öz yerinə qayıtdığına, hətta böyük daşların “balaladığına” inananlar var. Bu inancları, XX əsrin 20-ci illərində burada tədqiqat aparan V.M.Sısoyev və K.N.Smirnov da qeyd ediblər.
Monoqrafiyada Aza şəhərinin arxeoloji tədqiqi, indiyədək saxlanmış abidələri və onların dövrü haqqında ətraflı məlumat verilir. Maraqlıdır ki, Aza şəhərinin abidələri XIX əsrin ortalarından tədqiqatçıların diqqət mərkəzində olsa da, şəhərin iç qalası haqqında indiyədək heç bir məlumat verilməmişdi. Aza şəhərinin üçqat müdafiə divarları ilə əhatə olunmuş iç qalası 2013-cü ildə Xaraba Gilan arxeoloji ekspedisiyasının tədqiqatları zamanı aşkar olunub. Hazırda şəhərin XIV-XVI əsrlərə aid abidələri içərisində beştağlı körpü, qəbirüstü daş sənduqələr, türbə və hamam az-çox salamat qalıb. Abidələrin kütləvi şəkildə dağıdılması 1828-1830-cu illərdə buraya ermənilərin köçürülməsindən sonra baş verib. Erməni tədqiqatçı S.V.Ter-Avetisyanın yazdığına görə, XIX əsrin 70-ci illərində türbənin kaşıları sökülərək, onlardan beştağlı körpünün yaxınlığında inşa olunan karvansaranın karnizində istifadə olunub.
Aza orta əsr şəhərinin istehsal etdiyi və xarici bazara çıxardığı məhsullar içərisində dövrün yazlı mənbələrində dəfələrlə adı keçən və arxeoloji tədqiqatların da təsdiq etdiyi şərabı xüsusilə qeyd etmək lazımdır. Etnoqrafik tədqiqatlar göstərir ki, bölgədə 30-dan çox üzüm növü yetişdirilib.
Şəhərin geniş ticarət əlaqələrinə malik olduğunu arxeoloji qazıntılar zamanı əldə edilən numizmatik materiallar da sübut edir. Həmin materiallar içərisində Bizans sikkələri, Mardin Artuklularından Nəsirəddin Artuk Arslanın (1201-1239) adından kəsilmiş mis sikkə, Osmanlı pulları, Səfəvilərə aid sikkələr xüsusən əhəmiyyətlidir.
Aza şəhəri və ətrafında qədim zamanlardan Kəngərli tayfasının iki qolu məskunlaşmış, şəhərin iqtisadi və siyasi həyatında mühüm rol oynamışdır. 1724-cü ildə Kəngərli Mənsur bəyin qoşunu ilə Osmanlı qoşunu arasında Aza yaxınlığında olan döyüş zamanı buradakı kəndlər dağıdılıb, əhalisinin bir hissəsi öldürülüb, sağ qalanları dağlara sığınaraq sonradan başqa bölgələrdə yaşayan qohumlarının yanına köçüblər. V.N.Qriqoryevin məlumatına görə, əhali yalnız XIX əsrin əvvəllərində buraya qayıda bilib.