“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və riskin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və peşə magistri hazırlığı” mövzusunda Erasmus + LMQ SANTE layihəsinə start verilir. Naxçıvan Dövlət Universitetinin də qatıldığı layihənin müddəti 3 ildir. Layihənin məqsədi səhiyyə maarifinin yüksəldilməsi, səhiyyə sisteminin inkişafı və ixtisaslı tibbi kadrların hazırlanması, onların tibbi bacarıqlarının inkişaf etdirilməsidir.
Layihə təlim-tədris proqramlarını inkişaf etdirmək və təlimdə innovasiyaların tətbiqinə nail olmaq üsullarını qarşısına məqsəd qoyur. Partnyor ölkələrin səhiyyə və təhsil nazirliklərinin dəstəklədiyi layihənin təşəbbüskarı Yunanıstanın Qərbi Attika Universiteti, regional koordinatoru isə Azərbaycan Texniki Universitetidir. Layihədə Avropa İttifaqından Afina Universiteti, Nice Universiteti, Cluj Universiteti, Rusiya Federasiyasından 8 universitet, Qazaxıstandan 6 universitet iştirak edir. Layihədə ölkəmiz həm də M.Seçenov adına Moskva Tibb Universitetinin filialı, Onkologiya Mərkəzi ilə təmsil olunur.
Səadət ƏLİYEVA