22 Dekabr 2024, Bazar

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə bütün sahələrdə olduğu kimi, elm sahəsinin inkişafında da əvəzsiz xidmətlər göstərmişdir. Görkəmli dövlət xadiminin ölkə elminin inkişafı sahəsində qəbul etdiyi mühüm tarixi qərarlardan biri də 2002-ci il 7 avqust tarixli Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılmasıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təşkili və formalaşdırılması ilə əlaqədar ulu öndərin sədrliyi ilə 2002-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasında müşavirə keçirilmişdir. Müşavirədə bölmənin yaradılması zəruriliyindən bəhs edən ümummilli lider Heydər Əliyev demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüflər olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib...”

Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı nəticəsində bölmənin Aparatı, Tarix, Etnоqrafiya və Arxeоlоgiya, İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar və Biоresurslar institutları müasir tələblərə cavab verən binalarla təmin edilmişdir. Batabat Astrоfizika Rəsədxanasının Batabat stansiyası və Biоresurslar İnstitutunun Nəbatat bağının, Оrdubad rayоnunun Aşağı Əylis kəndində həmin institutun Biоkimyəvi tədqiqatlar labоratоriyası üçün inzibati binalar tikilib istifadəyə verilmiş, rəsədxananın teleskop sistemi yenidən qurulmuşdur. Bölmənin nəzdində müasir avadanlıqlarla təchiz olunan “Tusi” nəşriyyatı, “Yaşıl aptek”, “Arxeologiya və Etnoqrafiya muzeyi”, Distant Təhsil Mərkəzi, İnformasiya Kommunikasiya Texnologiyaları otağı yaradılmışdır. Seysmoloji xidmət şöbəsi zəruri müasir avadanlıqlar və proqram təminatı ilə təchiz olunmuşdur. Nəbatat bağı ərazisində “Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istixana qurulmuşdur. Həmçinin ötən müddətdə bölmənin Elmi Kitabxanasının bazasında elektron kitabxana yaradılmış və 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılmış, 6 oxucu yeri olan elektron oxu zalı istifadəyə verilmişdir. Kitabxana surət­köçürmə aparatı, printer, elektron daşıyıcılarda olan məlumatların vizual və səsli izlənməsi üçün bir ədəd tele­vizor və mobil elektron lövhə ilə təmin edilmişdir. Bundan əlavə, bölmədə Vətən tarixi, Arxeologiya, Fiziki kimya ixtisasları üzrə dissertasiya şuraları yaradılmışdır ki, bu şuralar da muxtar respublikada elmi kadr hazırlığında mühüm rol oynayır. Bölmə kоmpüter, kоmpüter avadanlıqları ilə təmin оlunmuş, internet şəbəkəsinə mütəmadi qоşulmaq imkanı yaradılmışdır. Müxtəlif elmi-tədqiqat laboratoriyaları ən müasir avadanlıq, elmi cihazlar və kimyəvi reaktivlərlə təchiz edilmişdir.

Muxtar respublika ərazisində etno­qrafik və epiqrafik, onomastik, dialektoloji və folklor, təbii sərvətlər, flora və fauna, o cümlədən nadir kitab və əlyazmaların toplanılması, elmi ekspedisiyaların aparılması, qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, maddi mədəniyyət nümunələrinin elmi cəhətdən analiz edilməsi bölmə qarşısında duran əsas vəzifələrdəndir. Şöbə və laboratoriyaların komplektləşdirilməsi, ixtisaslı elmi kadrların hazırlanması, eləcə də elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və elmin istehsalata tətbiqi də diqqətdə saxlanılan əsas məsələlərdən biridir. Ötən illərdə bölmədə müəyyən olunan müvafiq profillərə uyğun tədqiqat işləri aparılmış, mühüm elmi nəticələr əldə edilmiş və çoxsaylı elmi əsərlər ortaya qoyulmuşdur.
Naxçıvan Bölməsi fəaliyyəti dövründə bir çox uğurlar əldə etmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyə və qayğısı ilə 2 cildlik “Naxçıvan Ensiklоpediyası”, Azərbaycan və ingilis dillərində “Naxçıvan abidələri ensiklоpediyası”, 3 cildlik “Naxçıvan tarixi”, “Naxçıvanın tarixi atlası”, “Naxçıvan teatrının salnaməsi”, 3 cildlik “Naxçıvan folkloru antologiyası”, 2 cildlik “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, Azərbaycan və rus dillərində “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, Azərbaycan, ingilis və rus dillərində “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası”, 2 cildlik “Naxçıvan coğrafiyası” və digər fundamental elmi əsərlər hazırlanaraq nəşr edilmişdir. Bölmədə Naxçıvan ərazisində qeydə alınmış 1200-dən artıq arxeoloji, tarix və mədəniyyət abidəsi haqqında elmi məlumatlar hazırlanmış və pasportlaşdırılmışdır.
Muxtar respublika ərazisində aparılan araşdırmaların nəticələri əsasında elmin müxtəlif sahələrinə işıq salan çoxsaylı tədqiqat əsərləri təkcə Naxçıvanın deyil, ümumilikdə, Azərbaycan elminin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bölmənin fəaliyyəti dövründə əməkdaş­ların 228 monoqrafiyası, 210 kitabı, 8761 elmi məqalə və konfrans materialı, 219 tezisi, 50 bukleti, 28 metodik vəsaiti, 7 kitabça, 6 dərs vəsaiti, 22 xəritə olmaqla, 5 tövsiyəsi çap olunmuşdur. Əsərlərdən 24 monoqrafiya, 19 kitab, 1862 məqalə və konfrans materialı, 71 tezis xaricdə işıq üzü görmüşdür. Bu gün bölmə əməkdaşlarının müxtəlif ölkələrdə bir sıra xarici dillərdə çap olunan kitab və monoqrafiyaları, beynəlxalq kodlu jurnallarda işıq üzü görən çoxsaylı sanballı elmi əsərləri, Türkiyə, İran və Fransanın müxtəlif qəzetlərində dərc olunan elmi-kütləvi məqalələri Naxçıvanda aparılan elmi araşdırmaların beynəlxalq aləmdə tanınmasına zəmin yaradır. Bu dövrdə 28 patent alınmışdır. Bölmə əməkdaş­ları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Fundamental Tədqiqatlar Fondu, Ümumdünya Təbiəti Mühafizə Fondunun elmin müxtəlif istiqamətləri üzrə keçirdikləri qrant müsabiqələrində iştirak edərək 19-u respublika və 4-ü beynəlxalq səviyyəli olmaqla, 23 qrant layihəsinin qalibi оlmuşlar.
Dövlətin dəstəyi ilə hər il elmi ezamiyyələrə göndərilən bölmə əməkdaşları ötən illərdə Türkiyənin İstanbul şəhərinin Süleymaniyə Kitabxanasında və Topqapı Sarayı Muzeyində, Rusiya Dövlət Tarix Arxivində, Rusiya Dövlət Hərbi-Tarix Arxivində, Gürcüstan Milli Arxivində, Gürcüstan Milli Mərkəzi Kitab­xanasında, Gürcüstan Dövlət Tarix Muzeyində, İngiltərənin Milli arxivlərində, digər arxiv, muzey və kitabxanalarında olmuş, orada Naxçıvanla bağlı toplanılan yeni materialları tədqiqata cəlb etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində son illər fundamental tədqiqat işləri həyata keçirən bölmənin Təbii Ehtiyatlar və Bioresurslar institutlarının laboratoriyalarında tətbiqyönümlü tədqiqatlar aparılır. Ali Məclis Sədrinin “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlər nəticəsində müalicəvi palçığın qatılaşdırılma, qurudulma metodikası, texniki şərtləri hazırlanmış, həm krem, həm də quru toz formasında qablaşdırılaraq əczaxanalara satışa göndərilmişdir. Həmçinin Darıdağ arsenli suyundan quru qalığın alınması üçün istehsal şəraiti yaradılmış, eyni zamanda Biləv zəy süxurundan üç birləşmənin alınması istiqamətində geniş tədqiqatlar aparılır. Qabıllı və Duzdağdan gətirilən gil nümunələrinin tərkibi bölmə əməkdaşları tərəfindən müəyyən edilmiş, gil əsasında yuyucu tozun hazırlanması istiqamətində tədqiqatlar davam etdirilir. Naxçıvan Muxtar Respublikası ərazisində, ümumilikdə, 30 faydalı bitki qrupu müəyyən edilmişdir. Bioresurslar İnstitutunun laboratoriyasında steril şəraitdə qurudulan dərman bitkilərindən xüsusi seçilmiş reseptlərə əsasən qarışıqlar hazırlanaraq qablaşdırılmış və bölmənin “Yaşıl aptek”inə, eyni zamanda muxtar respublikada fəaliyyət göstərən digər əczaxanalara satış üçün göndərilmişdir. Bundan başqa, bölmənin Biokimyəvi tədqiqatlar laboratoriyasının bazasında bitkilərdən müxtəlif efir yağları, gülab, boya, doşab alınması planlaşdırılmış və gülab istehsal edilmişdir. Laboratoriyanın imkanlarından istifadə etməklə gül suyunun istehsalını artırmaqla nanə cövhəri, çaytikanı, kəklikotu, yovşan, razyana, çöl nanəsi, üzərlik yağları, sarıçiçəkdən həm rəng, həm də toxumundan yağ, o cümlədən həmərsin doşabı, müxtəlif çeşidli mürəbbələr və kompotlar istehsal etmək nəzərdə tutulmuşdur.
Fəaliyyəti dövründə AMEA Naxçıvan Bölməsinin 68 əməkdaşı Türkiyə, İran, Rusiya, Gürcüstan, Fransa, Almaniya və başqa xarici ölkələrdə keçirilən 482 beynəlxalq konfrans, konqres və simpоziumlarda iştirak etmişdir. Eyni zamanda bölmədə müxtəlif elm və tədris müəssisələrinin iştirakı ilə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ”, “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə”, “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı”, “Naxçıvan qalaları: tarixdə və günümüzdə”, “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” və digər beynəlxalq simpozium və konfranslar keçirilmiş, Türkiyə, İran, Rusiya, ABŞ, Misir və digər ölkələrdən öz araşdırmaları ilə elm aləmində tanınan tədqiqatçılar dəvət olunmuşlar.
Bölmənin arxeoloq alim və gənc tədqiqatçıları 2006-cı ildən başlayaraq Beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyasının tərkibində muxtar respublikanın Ovçular təpəsi, Duzdağda və 2013-cü ildən I Kültəpə, Uçan Ağıl, Şorsu, Zirincli, Uzunoba yaşayış yerlərində arxeoloji tədqiqat aparmışlar. Tədqiqatlarda Türkiyə, Almaniya, Suriya, Macarıstan, İtaliya, Kanada və digər ölkələrin mütəxəssisləri də yaxından iştirak etmişdir. Azərbaycan-ABŞ beynəlxalq arxeoloji ekspedisiyası 2008-ci ildə Oğlanqala, 2014-cü ildən isə Qızqala yaşayış yerində və onun ətrafında AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə ABŞ-ın Pensilvaniya, Avstraliyanın Monash, Böyük Britaniyanın Oksford universitetlərinin arxeoloqları ilə birlikdə arxeoloji tədqiqat aparmışlar. Beynəlxalq ekspedisiyanın əldə etdiyi nəticələr “Amerikan Arxeoloji Jurnalı”, “İranica Antica”, “Российская археология”, “TUBA-AR” və digər Tomson Science indeksinə daxil olan jurnal və beynəlxalq məcmuələrdə nəşr olunmuşdur. Aparılan tədqiqatlarla bağlı “Naxçıvanın Eneolit mədəniyyətinin Yaxın Şərq ölkələri ilə əlaqələri”, “Naxçıvantəpədə 2017-2018-ci illərin arxeoloji tədqiqatları”, “Erkən və Orta Tunc dövründə Şərqi Anadolu və Gürcüstanın mədəni əlaqələri”, “Naxçıvançay və Sirabçay vadisi abidələrinin tədqiqi”, “Oğlanqalada arxeoloji araşdırmalar”, “Qızqala yaşayış yeri və nekropolunun Şərqi Anadolu və Azərbaycanın Boyalı qablar mədəniyyətinin öyrənilməsində əhəmiyyəti” və sair mövzularda beynəlxalq konfranslarda məruzələr edilmişdir. Naxçıvanın tarixi ilə yanaşı, onun təbiəti də beynəlxalq ekspedisiyaların diqqət mərkəzindədir. Bioloq alimlərimiz müxtəlif illərdə türkiyəli mütəxəssislər ilə birgə ot bitkilərinin öyrənilməsi, Macarıstan Quşları Müdafiə Cəmiyyətinin üzvləri ilə birlikdə muxtar respublikanın orta dağlıq zonasında quşların yerləşməsi və mövcud vəziyyətinin araşdırılması, Fransanın Milli Kənd Təsərrüfatı İnstitutunun alimləri ilə bərabər bitkilərdə virus xəstəliklərinin araşdırılması, Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin alimləri ilə birgə yabanı arıların tozlanma prosesindəki iştirakına dair tədqiqatlar aparmış, Almaniyadan gələn ornitologiya üzrə beynəlxalq ekspedisiyaların tərkibində muxtar respublikanın ayrı-ayrı ərazilərində bu işləri davam etdirmişlər. Bununla yanaşı, Bioresurslar İnstitutunun əməkdaşları Rusiya Elmlər Akademiyasının əməkdaşları ilə “Naxçıvanda qışlayan Ağqaşqaz və digər su quşlarının öyrənilməsi” layihəsi üzrə tədqiqat aparmış və nəticələri “Kazarka” jurnalında dərc olunmuşdur.
Göstərilən dövlət qayğısı nəticəsində bölmənin beynəlxalq əlaqələri də genişlənmişdir. Bu elm ocağı hazırda Türkiyənin İstanbul, Ankara, Ərzurum, İqdır, Qars universitetləri, İranın Təbriz Dövlət Universiteti, Təbriz Milli Kitabxanası, Şimali Makedoniya Respublikasının “Vision” Universiteti, Rusiya Federasiyasının Elmlər Akademiyası, Moskva Dövlət, Tomsk universitetləri, Yer Maqnetizmi, Krım Astrоfizika Rəsədxanası, Ümumdünya Təbiəti Mühafizə Fondu, Gürcüstan Respublikası Batumi Botanika Bağı, ABŞ, Fransa və digər xarici ölkələrin elmi müəssisələri ilə yaxından əməkdaş­lıq edir. Bölmə əməkdaşları muxtar respublika ərazisində ABŞ-ın Pensilvaniya, Avstraliyanın Monash, Oksford universitetlərinin arxeoloqları, o cümlədən Almaniyanın Humboldt Universitetinin və digər xarici ölkələrdən gələn bioloq mütəxəssisləri ilə birgə tədqiqatlar aparmışlar. Beynəlxalq ekspedisiyaların əldə etdiyi nəticələr “Web of Scien­ce”, “Scopus” və digər elmi bazalara daxil olan impakt faktorlu jurnallarda çap edilmişdir. Tədqiqatların nəticələri ilə bağlı beynəlxalq konfranslarda məruzələrlə çıxış edilmişdir. Ölkə hüdudlarından kənarda da tanınan və xarici tədqiqatçılar tərəfindən elmi əsərlərinə istinad edilən alimlərimizin uğurlu nailiyyətlərinin beynəlxalq səviyyədə qəbul edilməsinin nəticəsidir ki, bölmə əməkdaşlarından bir neçəsi elm və təhsilin inkişafındakı xidmətlərinə görə xarici ölkələrin mükafatlarını almış, eyni zamanda beynəlxalq qurumların və jurnalların redaksiya heyətinə üzv seçilmişlər.
AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən birgə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində bölmə alimlərinin rəhbərliyi ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri müxtəlif layihələrdə uğurlu nəticələr əldə etmişlər.
Bölmə əməkdaşlarının elm və təhsilin inkişafında göstərdiyi səmərəli fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. Ölkə Prezidentinin müvafiq sərəncamları əsasında 3 nəfər “Əməkdar elm xadimi”, 2 nəfər “Əməkdar müəllim”, 4 nəfər “Tərəqqi” medalı, 2 nəfər isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunmuşdur. Əməkdaşlardan biri Prezident təqaüdünə, digəri isə Prezident mükafatına layiq görülmüşdür. O cümlədən 3 nəfər ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar “Yubiley qızıl medalı”, 2 nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı, bir nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunmuşdur. Bölmənin 4 əməkdaşına Naxçıvan şəhərində mənzil, bir əməkdaşa isə torpaq sahəsi verilmişdir. Bütün bunlar ölkə­mizdə elm adamlarına, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin işinə göstərilən diqqətin, dövlət qayğısının bariz ­nümunələridir.
Qazanılan son elmi uğurlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 7 sentyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun da mühüm rolu vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrlə bağlı müşavirədə də vurğulandığı kimi fondun yaradılması elm sahəsində fundamental araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə yeni layihələrin həyata keçirilməsi kimi mühüm mərama xidmət edir və zəngin elmi potensiala malik muxtar respublikamızda daha böyük elmi nailiyyətlərin qazanılmasına öz töhfəsini verməkdədir.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları qarşıya qoyulan vəzifələrin bundan sonra da yüksək səviyyədə yerinə yetirilməsinə, mövcud elmi potensialdan səmərəli istifadə etməklə elmi-tədqiqat işlərinin müasir tələblər səviyyəsində aparılmasına çalışacaqlar.

Türkanə Bəylərli
AMEA Naxçıvan Bölməsinin
Beynəlxalq əlaqələr və informasiya şöbəsinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR