Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan şəhərində baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib.
Qəbul imtahanı Bakı şəhərində 6, Naxçıvan şəhərində isə 1 binada keçirilib. İmtahanda iştirak etmək üçün respublika üzrə ümumilikdə 1525 namizəd ərizə verib. Naxçıvan şəhərində keçirilən imtahan 14 nömrəli tam orta məktəbdə baş tutub. İmtahan bütün binalarda eyni vaxtda, saat 11:00-da başlayıb. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.
İmtahanda iştirak edən namizədlərə 100 test tapşırığı təqdim olunub. Hər bir sual bir balla qiymətləndirilir. Qeyd edək ki, imtahanın birinci mərhələsində 40 baldan az toplayan namizədlər ikinci mərhələyə buraxılmır. Namizədlərin təhlükəsizliyinin qorunması məqsədilə imtahanda iştirak edən hər bir şəxs maskadan istifadə edib.
Namizədlərin nəzərinə çatdırırıq ki, imtahanın cavabları son 3 gün ərzində Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında açıqlanacaq.
Nurlan Sadiqov