“Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsi yeni akademik ildə daha bir irimiqyaslı beynəlxalq layihənin icrasına başlayacaq.
Universitetin mətbuat xidmətindən bildirilib ki, ali təhsil ocağı daha bir beynəlxalq layihəyə tərəfdaş olaraq qoşulub. Erasmus+ proqramı tərəfindən maliyyələşdirilən ECAR (Azərbaycan rektorlar konfransının yaradılması) layihəsinə tərəfdaş seçilən universitet Naxçıvandan bu layihəyə qoşulan ilk və yeganə universitetdir.
Qeyd edək ki, layihə 2020-ci ildəki çağırışında Avropa Komissiyası tərəfindən qəbul edilmiş yeganə milli layihədir. Bakı Biznes Universitetinin koordinatoru olduğu layihənin məqsədi rektorlar konfransı yaratmaq, universitetlər arasında güclü şəbəkə və əməkdaşlığı dəstəkləmək, milli inkişaf strategiyasına uyğun olaraq rektorlar konfransının yaradılması ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığın inkişaf etdirilməsidir. Layihədə Azərbaycandan 15, Avropadan 5 ali təhsil müəssisəsi və təşkilatları iştirak edir.