AMEA Naxçıvan Bölməsində Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyasının onlayn təqdimatı keçirilib.
Tədbiri İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq görkəmli alimin həyat və yaradıcılığından danışıb. Bildirib ki, cəmi 55 il ömür yaşayan professor Hüseyn Həşimli 30-a yaxın kitab və monoqrafiyanın, 340-dan çox elmi, yüzlərlə qəzet məqaləsinin müəllifi idi. O, Naxçıvan ədəbi mühitinin inkişaf yolları, bədii yaradıcılığın əsas istiqamətləri və mövzu rəngarəngliyini arxiv materialları və tarixi nəşrlərdə olan ədəbi nümunələr əsasında geniş tədqiq edib.
Əbülfəz Quliyev qeyd edib ki, qədim və zəngin tarixə malik Naxçıvanın iyirminci əsrdə yetirdiyi görkəmli ziyalılar sırasında yazıçı, tərcüməçi, publisist və ictimai xadim Əli Səbri Qasımovun özünəməxsus yeri vardır. Onun qələmə aldığı roman, povest və hekayələr, yüzlərlə ədəbi-tənqidi və publisistik məqalələr, müxtəlif xalqların ədəbiyyatlarından etdiyi tərcümələr dəyərini bu gün də saxlamaqdadır. Görkəmli yazıçı-publisist haqqında monoqrafiya professor Hüseyn Həşimlinin fundamental və uzunmüddətli araşdırmalarının nəticəsi olaraq ərsəyə gəlib.
Onlayn təqdimat mərasimində iştirak edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, yeni nəşr çoxşaxəli yaradıcılığı ilə xalqa, Vətənə ləyaqətlə xidmət göstərmiş unudulmaz ziyalıya həsr olunan dəyərli tədqiqat kimi mühüm əhəmiyyətə malikdir. Diqqətə çatdırılıb ki, görkəmli ədibin ədəbi-tənqidi və publisistik irsinin tədqiqinə həsr olunan araşdırmalarda çoxsaylı materialların əksəriyyəti ilk dəfə elmi dövriyyəyə gətirilib. Tədqiqat əsərində yazıçının müxtəlif vaxtlarda qələmə aldığı memuarları, xatirat səpkili məqalələri, bir sıra tarixi hadisələri, sosial-mədəni prosesləri, ədibin müasiri olan görkəmli ziyalılarla bağlı maraqlı məqamları aydınlaşdırmaq baxımından əhəmiyyətli mənbələr kimi təhlilə cəlb edilib.
Onlayn tədbirdə bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdirləri, dosentlər Elxan Məmmədov və Ramiz Qasımov çıxış edib.
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq
əlaqələr və informasiya şöbəsi