22 Dekabr 2024, Bazar

Bu gün dövlətimiz tərəfindən təhsil sahəsinin diqqətdə saxlanılması, müasir təhsil infrastrukturunun, möhkəm maddi-texniki bazanın və güclü kadr potensialının yaradılması xarici tələbələrin də təhsil almaq üçün ölkəmizə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvana üz tutmasına səbəb olub. Bu qədim diyarda əldə olunan sosial-iqtisadi inkişaf, burada təmin olunan təhlükəsiz həyat, multikulturalizm ənənələrinin layiqincə qorunub saxlanılması Naxçıvandakı ali təhsil müəssisələrinə gələn əcnəbi tələbələrin sayının ilbəil daha da artması ilə nəticələnib. 

“Naxçıvan – sakit, firavan şəhər mənim təhsil məbədimdir,” – deyən Nigeriyadan olan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin birinci kurs tələbəsi Joseph Uvezele Okpamen də artıq 2 ilə yaxın bir müddətdə muxtar respublikamızda yaşayır və təhsil alır. O deyir ki, Naxçıvana gəlməzdən əvvəl bura haqqında çox cüzi məlumatım var idi. Dostum Simon məndən əvvəl muxtar respublikaya ali təhsil almaq üçün gəlmişdi. O, burada oxuduğu illər ərzində tətil üçün ölkəmizə qayıdanda mənimlə görüşür, Naxçıvan haqqında öz təəssüratlarını bölüşürdü. Bu ərəfədə orta məktəbi bitirməyimə az bir müddət qaldığına görə dostumun dediklərinə bir daha əmin olmaq üçün internet üzərindən Naxçıvan haqqında araşdırma apardım və nəticədə, budur artıq buradayam və ali təhsil alıram.

Müsahibim qeyd edir ki, muxtar respublikada təhsilin səviyyəsi çox yüksəkdir və tədrisdə ən müasir texnologiyalar tətbiq olunur. Universitetimizdə dünyanın bir çox ölkəsindən təhsil alan tələbələr var. Əminliklə deyə bilərəm ki, Naxçıvanda gənclərin, o cümlədən xarici tələbələrin təhsil alması ilə yanaşı, yaşaması və işləməsi üçün də hərtərəfli şərait yaradılıb ki, mən də onlardan biri kimi yüksək səviyyədə ali təhsil alır, dərsdən sonra işləyirəm.
Fikrimcə, Naxçıvan mənim gördüyüm yerlər arasında multikultural dəyərləri, tolerantlığı qoruyub saxlayan və əks etdirən nadir yerlərdəndir. Burada insanlar çox mehriban, gülərüzdür. Bu məni ali təhsil aldığım diyara daha çox bağlayır. Pandemiyanın dünyanı sınağa çəkdiyi bir vaxtda Azərbaycan dövləti əcnəbi tələbələrə də öz dəstəyini əsirgəməyib. Belə ki, muxtar respublikada təhsil alan bütün xarici tələbələrə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə bir neçə dəfə maddi yardım, ərzaq payı, Ramazan bayramında isə iftar payıverildi. Bizə göstərilən bu qayğıya görə Azərbaycan dövlətinə, Naxçıvana minnətdarıq. Mən xoşbəxtəm ki, bu diyarda təhsil alıram. Naxçıvanda da dinindən, dilindən, irqindən asılı olmayaraq, heç kimə fərq qoyulmadan hər kəsə qayğı göstərilir. Muxtar respublikanın təmiz, abad, səliqəli və təhlükəsiz yer olması da bütün xarici tələbələrin ürəyincədir.
Joseph söyləyir ki, burada təhsil aldığım 2 ilə yaxın bir vaxtda Naxçıvanın gəzməli-görməli, tarixi yerlərində də olmuşam. Duzdağ Fizioterapiya Mərkəzi, Duz Muzeyi, Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Əlincəqala” tarixi abidəsi və muzeyi, eləcə də Naxçıvan şəhərində yerləşən bir çox muzey ilə tanış olmuşam. Bunun sayəsində öyrənmişəm ki, bura çox qədim tarixə malik olan yurd yeridir.
Müsahibim bildirir ki, boş vaxtlarını daha çox müxtəlif janrlarda musiqi dinləyərək dəyərləndirir. Çünki musiqini çox sevir. Nigeriyalı bir tələbənin milli musiqimiz haqqında söylədiyi bu fikirlər bir azərbaycanlı kimi insanın qəlbini qürur hissi ilə doldurur:
– Naxçıvana gələndən sonra Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları və başqa janrlarda olan musiqi nümunələri ilə maraqlandım, dinləməyə başladım. Azərbaycan xalq musiqi nümunələri məni valeh etdi. Dərslərin yorğunluğundan sonra bir neçə dəqiqə xalq musiqilərini dinləməklə bütün ruhumun dincəldiyini hiss edirəm. Bunun nəticəsidir ki, mən Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Bakıda Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirak etdim, bir-birindən gözəl musiqilər, mahnılar, kompozisiyalar dinləyərək, sözün həqiqi mənasında, zövq aldım. Çünki mənim fikrimcə, musiqinin dili yoxdur və musiqi bütün dünya insanlarını birləşdirən mənəvi körpüdür.
Azərbaycan musiqisi isə ecazkar gözəlliyi ilə kimliyindən asılı olmayaraq, insanın ruhunu oxşayır, daxili aləmini zənginləşdirir, mənən saflaşdırır, gözəlləşdirir. Bu həm də xalqınızın çox qədim milli-mənəvi dəyərlərə, yüksək bədii zövqə, ali bəşəri hisslərə malik olmasından soraq verir.
Müsahibimin musiqi sevgisi ilə yanaşı, həm də gözəl səsi var və Azərbaycan xalq mahnılarını özünəməxsus şirinliklə ifa edir. Bununla bağlı o qeyd edir ki, Nigeriya xalq musiqisi ilə Azərbaycan xalq musiqisi tamamilə fərqli olduğu üçün ilk vaxtlarda xeyli çətinlik çəkdim. Bu çətinliklər arasında dil problemi də var idi. Ancaq buradakı musiqiçi dostlarımın da dəstəyi, xalq mahnılarını müntəzəm dinləməklə gözəl nəticə əldə etdim və mən artıq muxtar respublikada səhnəyə də çıxıram. Hələlik repertuarımda “Sarı gəlin”, “Bana-Bana gəl” (“Koroğlu” kino­filmindən Dəli Həsənin mahnısı), “Qaragilə”, “Ayrılıq” və digər mahnılar var və hər gün yeniləri üzərində çalışıram. Burada olduğum vaxtı yaxşı dəyərləndirib Azərbaycan muğamlarını da öyrənmək niyyətindəyəm.
Müsahibim son olaraq bildirdi ki, mən Naxçıvanda olmaqdan, burada həkimlik kimi müqəddəs peşənin sirlərinə dərindən yiyələnməklə yanaşı, çox sevdiyim ifaçılıq sənətində də uğur qazanmaqdan zövq alıram. Bunun üçün mənə burada təhsil almağı məsləhət görən dostum Simona minnətdaram. O olmasaydı, bəlkə də, mən bu gözəl məkandan hələ də xəbərsiz idim. Burada yaşadıqlarım qarşısında hər gün öz-özümə “Nə yaxşı ki, Naxçıvandayam və nə yaxşı ki, burada təhsil alıram”, – deyirəm...

 Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR