Bu günlərdə Naxçıvan Muxtar Respublikası, Daşkəsən, Şirvan, Ağcabədi, Bərdə, Naftalan, Saatlı, Tovuz, Gədəbəy, Şəki, Şamaxı, Ucar, Qusar, Şəmkir, Qəbələ, İsmayıllı, Zərdab, Şabran, Lerik və Yardımlıda buraxılış və qəbul imtahanları keçirilmiş, həmin imtahanların nəticələrinə əsasən Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin şagirdi İlham Hüseynquliyev 291,8 balla ölkə üzrə birinci, Babək rayon Güznüt kənd tam orta məktəbin şagirdi Fatimə Quliyeva isə 285,3 balla ölkə üçüncüsü olmuşdur.
Qeyd edək ki, İlham Hüseynquliyev muxtar respublika fənn olimpiadasında fizika fənni üzrə 2018-2019-cu tədris ilində I yerə, 2019-2020-ci tədris ilində isə II yerə layiq görülmüşdür.
Fatimə Quliyeva isə 2017-2018-ci tədris ilində muxtar respublika fənn olimpiadasında, 2019-2020-ci tədris ilində isə respublika fənn olimpiadasında kimya fənni üzrə III yerə layiq görülmüşdür.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti