İyulun 22-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Şahmat Məktəbində ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlərin praktik biliklərinin yoxlanılması məqsədilə sertifikasiya imtahanlarının ikinci mərhələsi keçirilib. İmtahanın bu mərhələsində birinci mərhələdə uğur qazanmış 18 müəllim iştirak edib.
Xatırladaq ki, iki mərhələdə təşkil olunan sertifikasiya imtahanlarının birinci – test mərhələsi iyulun 20-də Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilmişdir. Qeydiyyatdan keçmiş 20 müəllimin iştirak etdiyi imtahanda test tapşırıqlarının ən azı 50 faizini düzgün cavablandıran 18 nəfər müvafiq keçid balını toplayaraq ikinci mərhələdə iştirak hüququ qazanmışdır.
Qeyd edək ki, sertifikasiya imtahanının ikinci mərhələsində uğur qazanan müəllimlər muxtar respublikanın ümumtəhsil məktəblərində şahmat fənnini tədris etmək hüququ qazanacaqlar.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin
mətbuat xidməti