22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Şəhər və Rayon Təhsil şöbələrinin əməkdaşları və muxtar respublika ümumtəhsil məktəbləri direktorlarının iştirakı ilə pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin sertifikasiyası ilə bağlı onlayn müşavirə keçirilib.

Onlayn qaydada keçirilən müşavirədə Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, son illər muxtar respublikada təhsilin inkişafı istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdən danışıb.

Təhsil naziri bildirib ki, ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin  19 iyun 2020-ci il tarixli 110 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilmişdir. Qaydaya əsasən, 2020-2021-ci tədris ilindən başlayaraq muxtar respublikada müəllimlər ödənişsiz və mərhələli şəkildə sertifikasiyaya cəlb olunacaqlar.

Vurğulanıb ki, sertifikatlaşdırma ilə bağlı nazirlik tərəfindən hazırlıq işləri aparılır. Bu gündən prosesin şəffaf və obyektiv təşkili məqsədilə 5 üzvü Təhsil Nazirliyi, 2 üzvü isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşı olmaqla, ümumilikdə, 7 nəfərdən ibarət Sertifikatlaşdırma Şurası yaradılır. Şura sertifikatlaşdırmanın aparılması ilə bağlı təşkilati işlərə başlayacaq, sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulan təhsilverənlərin siyahısını müəyyənləşdirəcəkdir.

Nazir Şuranın Əsasnaməsi ilə bağlı müvafiq tapşırıqlar verib, Şura üzvləri arasında vəzifə bölgüsü aparıb.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən birgə keçiriləcək sertifikasiya 2 mərhələdə - test və müsahibə mərhələsində videoçəkiliş təmin edilməklə aparılacaqdır.

Test mərhələsi kompüterdə elektron qaydada həyata keçiriləcək və  təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim ediləcək və hər bir sual 1 balla qiymətləndiriləcək. Azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılacaqlar.

Sertifikatlaşdırmanın II mərhələsi olan müsahibə mərhələsində isə hər bir təhsilverənin qiymətləndirilməsi proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı kimi meyarlar əsasında maksimum 40 balla aparılacaqdır.

Bildirilib ki, sertifikatlaşdırmanın test mərhələsində minimum 30, müsahibə mərhələsində isə azı 20 bal toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunacaq və onlara sertifikat veriləcək. Lakin hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, eyni zamanda uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçməyəcəklər. İlk dəfə işə qəbul olunanlar 5 ildən sonra sertifikasiya olunacaqlar.

Nazir qeyd edib ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Qaydaya əsasən təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər və təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Bildirilib ki, sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edəcəklər. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edəcəklər. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi həmin tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin   70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv ediləcək.

Sonra Şəhər və Rayon Təhsil şöbələrinin müdirləri sertifikasiyaya hazırlığın vəziyyəti, görülən işlər haqqında məlumat verib və yaranan suallar cavablandırılıb.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR