Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya iyun ayında da öz fəaliyyətini gücləndirmiş, qanunvericilikdən, əsasnamədən və iş planından irəli gələn vəzifələri icra etmişdir. Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət edilmiş və 1 dövlət orqanının qanunauyğun olmayan 2 qərarı ləğv etdirilmişdir.
Ay ərzində ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılmış, ehtiyat kadrlar siyahısında olan 1 nəfər işlə təmin olunmuşdur. Ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün el
an edilmiş müsabiqənin test imtahanı keçirilmişdir. 10 vakant vəzifənin tutulması üçün sənəd təqdim etmiş 18 namizəddən 10-u test imtahanında iştirak etmiş, namizədlərdən 5-i müvafiq keçid balını toplamışdır. Ötən ay Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test mərhələsi keçirilmişdir. Müsabiqəyə 27 vakant vəzifə çıxarılmış, keçirilmiş test imtahanlarında 12 namizəd iştirak etmiş, 7 nəfər keçid balını toplamışdır. Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində alman dili müəllimliyi və digər vakant vəzifələrə işə qəbul üçün keçirilmiş test imtahanlarında 150 namizəd iştirak etmiş və onlardan 130-u müvafiq keçid balını toplamışdır. Keçid balını toplamış namizədlərin sənədləri işə təyinat üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir.
İyun ayında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müvafiq dövlət orqanlarının müraciətləri nəzərə alınmaqla vakant sektor müdiri vəzifələrinin tutulması üçün 2 nəfərin iştirakı ilə test imtahanı keçirilmişdir. Sektor müdiri vəzifələrinin tutulması üçün keçirilmiş test imtahanlarında müvəffəqiyyət qazanaraq sertifikat əldə etmiş 2 nəfərin müsahibə mərhələsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi qismində iştirak edilmişdir. Bundan əlavə, müvafiq dövlət orqanları tərəfindən 17 dövlət qulluqçusunun iştirakı ilə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş daxili müsahibələrdə müsahibə komissiyasının üzvü kimi iştirak edilmişdir.
Hesabat dövründə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən vergi, dövlət qulluğu və müəllimlərin işə qəbulu üzrə təşkil olunmuş hazırlıq kurslarında, ümumilikdə, 108 namizəd iştirak etmişdir. Komissiya tərəfindən 18 sentyabr 2019-cu il tarixdə elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan 59 nəfərin iştirakı ilə 12 iyun 2020-ci il tarixdə Dövlət Bayrağı Muzeyində təntənəli andiçmə mərasimi olmuşdur. Maliyyə Nazirliyinin 20, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin 26 əməkdaşının iştirakı ilə “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirilmişdir.
Ay ərzində Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində və müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu davam etdirilmişdir. Keçirilən tədbirlər və test imtahanlarında sosial məsafə qorunmuş, tibbi maskalardan istifadə olunmuş və digər sanitar-gigiyenik tələblərə əməl edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti