Müasir şəraitdə respublikamızda sosial-iqtisadi inkişafa nail olmaq və mövcud inkişafın dayanıqlığını təmin etmək düzgün iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Ölkənin şəhər və rayonlarında istifadəyə verilən müəssisələr, bu sahədə həyata keçirilən kompleks tədbirlər iqtisadiyyatda bir sıra dəyişikliklərə səbəb olmuş və əmək bazarında ixtisaslaşmış işçi qüvvəsinə olan tələbi artırmışdır.
Son dövrlərdə regionlarda sənaye məhəllələrinin və yeni istehsal sahələrinin yaradılması, istehsal və emal müəssisələrinin açılması onu deməyə əsas verir ki, beynəlxalq iqtisadi inteqrasiya üçün müxtəlif peşələrə uyğun mütəxəssislərə ehtiyac artır. Bu gün muxtar respublikanın sosial-iqtisadi inkişafı baxımından Dövlət proqramlarının reallaşdırılması nəticəsində məqsədyönlü islahatlar həyata keçirilir. İqtisadiyyatın davamlı inkişafı keyfiyyətli işçi qüvvəsinin formalaşmasını tələb edir və əmək bazarına uyğun kadr hazırlığının həyata keçirilməsi zərurətini yaradır.
Həyata keçirilən məqsədyönlü siyasətin ən mühüm göstəricilərindən biri əhalinin məşğulluğunun təmin olunması, bununla da yaşayış şəraitinin yaxşılaşdırılmasıdır.
Muxtar respublikada quruculuq və abadlıq işləri milli və yerli memarlıq xüsusiyyətləri nəzərə alınmaqla inşa edilir. Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi respublikamızda əsas prioritet sahələrdəndir. Bütün bunlar ixtisaslı kadrlara, o cümlədən peşə sahiblərinə tələbatı artırır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmaqdadır. Dövlət proqramının icrasına uyğun olaraq təkcə ötən il muxtar respublikada 3250 yeni iş yeri yaradılıb.
Uğurla reallaşdırılan Dövlət proqramları əsasında muxtar respublikanın sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq digər sahələrlə bərabər peşə təhsilinin inkişafı da diqqətdə saxlanılıb. Bu nöqteyi-nəzərdən ölkəmizdə, o cümlədən muxtar respublikamızda son dövrlərdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas hədəflərindən biri də kadrların hazırlığının səmərəliliyinin artırılması olmuşdur. Hazırda aparılan təhlillər göstərir ki, texniki-peşə təhsili təhsil sisteminin aparıcı istiqaməti olmaqla, bazar iqtisadiyyatının tələblərinə uyğun ixtisaslı kadrlara tələbatın ödənilməsində əsaslı rol oynayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov peşə təhsilinə yüksək qiymət verərək demişdir: “Peşə təhsili hər bir ölkə üçün ali təhsil qədər əhəmiyyətlidir. Çünki iqtisadiyyatın bütün sahələrində ali təhsilli mütəxəssislərlə yanaşı, peşə ixtisası olan kadrlara da böyük tələbat vardır”.
Muxtar respublikada sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsində ümumi daxili məhsulda özəl bölmənin payı 92 faizdən artıqdır. Hazırda muxtar respublikada məşğul əhalinin 83 faizə yaxını özəl sektorda çalışır. Sözsüz ki, sahibkar öz bazarının davamlılığını və keyfiyyətini təmin etmək üçün kadr seçərkən daha yaxşısına, işinin öhdəsindən gələ biləninə üstünlük verəcəkdir. Bazar iqtisadiyyatının tələblərinə uyğun düzgün peşə seçimi həm sahibkar, həm də kadr üçün əsas amillərdəndir.
Texnoloji dəyişikliklər nəzərə alınmaqla yüksək keyfiyyətə nail olmaq üçün ixtisasartırma kurslarının da əhəmiyyətini qeyd etmək olar ki, bu da əksər peşələr üçün çox əhəmiyyətlidir.
Hazırda əhalinin məşğulluğunun təmin olunmasında muxtar respublika ərazisində fəaliyyət göstərən məşğulluq mərkəzləri və keçirilən əmək yarmarkaları da əsaslı rola malikdir. Əhalinin məşğulluğunun təmin olunması məqsədilə muxtar respublikada ailə təsərrüfatlarının yaradılmasına dövlət tam dəstək verir.
Muxtar respublikada sağlam təhsil mühitinin yaradılması gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların, həmçinin özəl sektorun ixtisaslı kadrlarla təminatına öz müsbət təsirini göstərir. Belə ki, Naxçıvan, Şərur və Ordubad şəhərlərində Texniki Peşə və Sürücülük məktəbləri, Naxçıvan şəhərində Peşə Liseyi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Naxçıvan Regional Peşə Tədris Mərkəzi fəaliyyət göstərir. Bu təhsil müəssisələri ən yeni texnologiyalarla, elektron lövhələr, kompüter dəstləri ilə təchiz olunub, emalatxanalar yaradılıb. Bütün bunlar gənclərin keyfiyyətli təhsil almalarına zəmin yaradır. Hazırda peşə təhsili və peşə hazırlığı proqramları əmək bazarının, o cümlədən işəgötürənlərin tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığını həyata keçirir.
Ötən il Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas təhsili müəssisələrində, ümumilikdə, 4080 nəfər müxtəlif peşələrə yiyələnib.
Dövlət proqramlarının icrasına uyğun olaraq muxtar respublikada xalq tətbiqi və milli xalçaçılıq sənəti ənənələrinin inkişaf etdirilməsi üçün müxtəlif vaxtlarda qalayçı, misgər və tənəkəçi, ağac üzərində oyma, toxucu, keçəçi və xalçaçı peşələri üzrə də kurslar təşkil edilib. Dərzi sexləri, bərbərxana və qadın gözəllik salonlarında çalışmaq istəyən şəxslər müəyyənləşdirilərək müvafiq peşələr üzrə kurslara cəlb olunub. Müasir dövrə uyğun sahələrdən bələdçi, ofisiant, lift mexaniki, fotoqraf, videooperator, aşpaz köməkçisi, çörəkçi, qazanxana maşinisti, qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşə kurslarının təşkilinə xüsusi önəm verilib.
Muxtar respublikada işaxtaran və işsiz vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması sahəsində fəaliyyəti tənzimləmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzi də fəaliyyətini günün tələbləri səviyyəsində davam etdirir. Ötən il burada təşkil edilmiş kurslara 6 ixtisasartırma olmaqla, 21 ixtisas üzrə 402 nəfər, cari ildə isə 1 ixtisasartırma olmaqla, 5 ixtisas üzrə 79 nəfər cəlb edilmişdir. Kursu uğurla bitirmiş müdavimlərin, xüsusilə sağlamlıq imkanları məhdud və hərbi xidmətdən yeni tərxis olunan şəxslərin işlə təminatı diqqətdə saxlanılır. Naxçıvan Regional Peşə Tədris Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xidmət və milli tətbiqi sənət sahələri üzrə təşkil olunmuş kurslara ötən il 18 məhkum cəlb edilib.
Peşə hazırlığı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na əsasən tənzimlənir. Naxçıvan Regional Peşə Tədris Mərkəzində bu qaydalara əsasən peşə hazırlığı peşə təhsilinin dövlət standartlarına uyğun olaraq təşkil edilir və kurslarda təhsil müddəti 3 aya qədərdir. Peşə hazırlığının təşkili zamanı üç ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayanlar üstün hüquqa malikdirlər. Onu da qeyd edək ki, burada işsiz şəxslərin peşə hazırlığı ödənişsiz təşkil olunur. İşsiz kimi qeydiyyata alınmış şəxslər Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanlarının göndərişi ilə peşə hazırlığı aldığı dövrdə aylıq təqaüd almaq, onlar üçün nəzərdə tutulmuş infrastrukturdan istifadə etmək hüququna malikdirlər. Təhsilini başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlər təhsil haqqında dövlət sənədi, yəni sertifikatla təmin edilirlər.
Bütün bunlara əsaslanaraq demək olar ki, əmək bazarının tələbinə uyğun peşə seçimi öz peşəsini sevərək inkişaf etdirməklə bir mütəxəssis kimi formalaşmaq baxımından əsas ola bilər. Bəzi gənclərimiz zərərli vərdişlərdən kənarlaşıb, mövcud imkanlardan səmərəli istifadə edərək müxtəlif peşələrə yiyələnməklə məşğulluqlarını yüksək səviyyədə təmin edə bilərlər. Bunun üçün muxtar respublikamızda hər cür şərait vardır, qalır yaradılan şəraiti düzgün qiymətləndirərək vaxtı və zəkanı düzgün istiqamətə yönləndirmək.
Vüsal Süleymanlı
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Məşğulluq Agentliyinin direktoru