Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən XI sinif şagirdləri üçün iyunun 10-da və 11-də keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb.
DİM-dən bildirilib ki, apelyasiya komissiyasına müraciət etməzdən əvvəl şagirdlər Mərkəzin saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət edib. DİM abituriyentlərin nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq.
İyunun 10-da və 11-də keçirilən imtahanlarda iştirak edən və Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər iyulun 6-dan 8-dək apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.
Şagirdlər (abituriyentlər) iş nömrəsi və şəxsiyyəti təsdiqləyən sənədin nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Burada “Ev telefonu”, “Mobil telefon”, “E-mail” bölmələrində müvafiq məlumatlar qeyd edilir. “Apelyasiyanın nəticələrinin izahını necə əldə etmək istəyirəm” hissəsində təklif olunan variantlardan biri seçilir. Şagirdin imtahanla bağlı hər hansı xüsusi bir qeydi varsa, “ümumi qeyd” hissəsinə yaza bilər.
Daha sonra tapşırığın nömrəsini və müraciətin məzmununu (yazılı cavabın səhvən başqa tapşırıq üçün ayrılmış yerə yazılması, yazı işinin yenidən qiymətləndirilməsi, cavabın səhv kodlaşdırılması, sual kitabçasına baxılması, tapşırığın şərtinin izah edilməsi) seçməklə şagird istəyini aydın şəkildə müvafiq sahələrə daxil edib qarşısındakı “Yadda saxla” şəkil–düyməsini basmalıdır. Digər tapşırıqlara verdiyi cavabların da qiymətlərdirilməsi ilə bağlı şagirdin iradları varsa, əməliyyatı təkrar etməlidir. Müraciətlər tam formalaşdırılandan sonra (müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur) fotoşəklin altında “Qeydiyyata al” düyməsini basmaq lazımdır. Verilən məlumatı diqqətlə oxuduqdan sonra “Təsdiq et” düyməsini basmaqla şagird müraciəti yekunlaşdırmış olur. Müraciətlə bağlı araşdırma başa çatdıqdan sonra ərizədə qeyd edilmiş elektron poçt ünvanına və ya telefon nömrəsinə şagirdlə bağlantı vaxtı barədə məlumat göndəriləcək.
Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı, valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Müraciətlərə iyulun 13-dən başlayaraq onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) qaydada baxılacaq.