22 Dekabr 2024, Bazar

Bu il ilk dəfə olaraq Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində muxtar respublika ümumtəhsil məktəblərinin müəllimləri də uğurla iştirak edərək qalib olub. Dövlət ümumi təhsil müəssisələri və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün nəzərdə tutulmuş və 9 prioritet istiqamətdə müəyyən edilmiş IV Qrant müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrinin və təhsilverənlərin fəaliyyətində inkişafı dəstəkləmək, onların innovativ fəaliyyətini stimullaşdırmaq və təhsilalanlar üçün daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdan ibarətdir. Müsabiqədə muxtar respublikadan qalib olan 2 məktəb və 3 müəllimin layihəsinin Təhsil Nazirliyində təqdimatı keçirilib.

Təqdimatda çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov təhsilin inkişafına göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, muxtar respublikada təhsilin keyfiyyətinin artırılması təkcə məktəblərdə aparılan quruculuq işləri ilə yekunlaşmır, müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması da daim diqqətdə saxlanılıb. Ali Məclis Sədrinin müvafiq sərəncamlarına əsasən müəllimlərin həftəlik dərs yükü və vəzifə maaşının artırılması muxtar respublikada müəllim nüfuzunun yüksəldilməsinə, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə mühüm təsir göstərmişdir. Bilikli, yüksək intellektual səviyyəyə malik gənc müəllimlərin işlə təminatı da diqqətdə saxlanılmış, göstərilən dövlət qayğısı sayəsində peşəkar müəllim heyəti formalaşıb, bu peşəyə maraq artıb. Həyata keçirilən çoxsaylı tədbirlərdən danışan nazir bildirib ki, son illər ölkəmizin təhsil sistemində aparılan keyfiyyət dəyişikliklərinin əyani nümunəsi kimi inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin təşkili müsbət ənənəyə çevrilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2017-ci ildən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir. Bu il artıq dördüncü dəfədir, keçirilən müsabiqə muxtar respublikada da ümumi təhsil müəssisələri və müəllimlərin bu sahədə xüsusi fəallığına səbəb olub, bu müsabiqədə ilk dəfə olaraq muxtar respublika ümumtəhsil məktəbləri də iştirak edib. Muxtar respublika ümumtəhsil məktəblərinin ilk dəfə müsabiqədə iştirak etməsinə baxmayaraq, ümumi təhsil müəssisələri kateqoriyası üzrə 2, fərdi kateqoriya üzrə isə 3 olmaqla, ümumilikdə, 5 layihə qalib olub. Muxtar respublika ümumi təhsil müəssisələri üzrə qəbul edilmiş layihələr yeni tədris ilindən həyata keçiriləcək. Layihələr 3-12 ay müddətində icra ediləcəkdir. Nazir layihələrin vaxtında icra edilməsini, ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə ciddi nəzarət olunacağını bildirib.
Sonra qaliblər layihələrinin qısa məzmunu, hansı tarixlərdə və necə həyata keçirəcəkləri barədə məlumat veriblər.


Qeyd edək ki, fərdi kateqoriya üzrə qalib olan layihələr “Güvənək və güclənək” şagirdlər və valideynlər üçün psixoemosional davamlılıq üzrə maariflənmənin və psixoloji xidmət dəstəyinin təşkili” (Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin müəllimi Gülxarə Tarverdiyeva), “Ümumtəhsil məktəblərinin ibtidai təhsil səviyyəsində alqoritmləşdirmə və proqramlaşdırma təfəkkürünün formalaşması” (Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin müəllimi Nazim Rəhimov) və “TİMMS, PISA, PİRLS kimi beynəlxalq qiymətləndirmələrin təbliği və təcrübələrin bölüşdürülməsi” (Culfa rayon Göydərə kənd tam orta məktəbinin müəllimi Asudə Məmmədova) layihələridir. Ümumi təhsil kateqoriyası üzrə isə “STEAM Naxçıvanda” (Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey) və “Vətənimizə xidmət edək” – şagirdlərin Azərbaycançılıq məfkurəsi və vətənpərvərlik ruhunda tərbiyəsi kompaniyalarının keçirilməsi, hərbi hazırlıq dərslərinə innovativ yanaşma” layihələri qalib gəlib. (Naxçıvan Qarnizonu tam orta məktəbi).
Sonda qaliblər təhsil naziri Rəhman Məmmədov tərəfindən plaket və hədiyyələrlə mükafatlandırılıb.
Qrant müsabiqəsi üzrə prioritet hesab olunan istiqamətlərdən ən önəmli faktor həmin istiqamətlərdə həyata keçiriləcək layihənin məktəb mühitinə və pedaqoji işçilərin inkişafına müsbət təsir göstərə bilməsidir. İnanırıq ki, qalib olmuş layihələrin mövzularının həm məktəbə, həm pedaqoji heyətə, həm də təhsilalanlara faydası böyük olacaqdır. Çünki layihələrin mövzuları ümumtəhsil mühiti üçün əhəmiyyətli və olduqca da aktual hesab edilir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR