22 Dekabr 2024, Bazar

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları hazır­da ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, təhsil sahəsində çox ciddi irəliləyişlər olmuş, qarşıya çıxan problemlər qısa bir zamanda öz müsbət həllini tapmışdır.
Naxçıvan Muxtar Respublikasında da təhsilə göstərilən diqqət və qayğı, bu istiqamətdə aparılan islahatlar, xüsusilə təhsil müəssisələrinin müasir tələblərə uyğun yenidən qurulması yüksələn xətlə müşahidə edilir.

Muxtar respublikanın mühüm ali təhsil ocaqlarından olan “Naxçıvan” Universitetinin əsaslı şəkildə yenidən qurulması, ən müasir maddi-texniki baza ilə təchiz olunması bunun bariz nümunəsidir.
Universitetdə müstəqil təhsil sistemini yaratmaq və onun səviyyəsini yüksəltmək istiqamətində aparılan təhsil islahatları onu Bolonya prosesinə qoşulmağa gətirib çıxarıb. Bu prosesin məntiqi davamı kimi müəllim yönümlü tədrisdən tələbəyönümlü tədrisə keçilib, tədris planları, fənn proqramları dəyişdirilib.
Müasir təhsil sistemində aparılan islahatların təhsilin məzmununun əsaslı dərəcədə dəyişdirilməsi və təlim prosesindəki metod və texnologiyaların xeyli müasirləşməsində əvəzsiz rolu olmuşdur. Qabaqcıl ölkələrin təhsil sistemlərində yaranan yeni baxışlar və interaktiv metodlardan artıq ölkəmizdə də bütün fənlərin tədrisində olduğu kimi, xarici dillərin tədrisi prosesində də geniş miqyasda istifadə edilir.
Xarici dilin tədrisi qarşısında daim “nəyi və necə öyrətməli?” sualı olmuşdur. Hər bir müəllim də tədris etdiyi kursun bu suallara nə dərəcədə cavab verdiyini müəyyənləşdirməlidir. Hazırda xarici dilin tədrisi zamanı öz fikrini xarici dildə ifadə etmək və xarici dildə olan nitqi başa düşmək kimi iki tələb əsas götürülür. Bu tələblərin irəli sürülməsi bir daha göstərir ki, xarici dillərin tədrisində əldə ediləcək uğurlar, əsasən, metodika ilə bağlıdır. Dərslərin audio və ya videoqeydlərini aparmaqla, tələbələrə sorğu vərəqi təqdim etməklə, onlarla müsahibə aparmaqla, dərsi dinləmək üçün həmkarlarını və ya onlardan heç olmazsa, birini dəvət etməklə bu nəticənin nə qədər uğurlu olub-olmamasını yoxlamaq mümkündür.
Dil öyrənmək bu sahədə bacarıqları inkişaf etdirməklə mümkündür. Bu səbəblə öyrənməni, sadəcə, kitab vasitəsilə oturaq şəkildə həyata keçirməmək əsas şərtlərdən biridir. İnteraktivliyi qorumaq məqsədilə tələbələri tamamilə olmasa da, qismən qrammatikadan qopararaq davamlı danışığa, yazmağa, dinləməyə və oxumağa istiqamətləndirmək nəticə verə bilər.
Ənənəvi təlim sistemində bilikləri əldə etmək üçün öyrənəni iki əsas bilik mənbəyi (müəllim və dərslik) qane edirdisə, bu gün həmin mənbələr kifayət etmir. Bu səbəbdən müasir təlimin başlıca vəzifələrindən biri öyrənməyi öyrətməkdir, yəni öyrənənlərə bilikləri müstəqil əldə etmək bacarığını aşılamaqdır. Yalnız təlim metodlarının keyfiyyətcə dəyişdirilməsi, bilikləri mənimsəmə zamanı yaradıcı təfəkkürdən fəal istifadə edilməsi səmərə verə bilər. Eyni zamanda şəxsiyyətyönümlü belə tədris prosesi inkişaf proseslərinin keyfiyyətinə də təsir edəcək: idraki və sosial fəallığı artırmaqla şəxsiyyətin dəyərlərini və vərdişlərini formalaşdıracaq. Bu tələblərin nəzərə alınması yaradıcı təfəkkürə və yeni biliklərə müstəqil yiyələnmə üsullarını özündə birləşdirən interaktiv təlim texnologiyalarına üstünlük verməyi tamamilə zəruri edir. Dünya təcrübəsi göstərir ki, interaktiv təlim metodu dərsin keyfiyyətini artırmaq üçün güclü vasitə ola bilər. Bu metod öyrənənlər üçün dərsi çox maraqlı və cəlbedici edir.
İnteraktivlik təlim prosesində müəllim və tələbə arasında işin gedişindən, mövzudan, şərhdən, dialoqdan, rollu oyundan həmin anda meydana çıxan yanaşmadır. Yəni bu tərz əvvəldən planlaşdırılmır, təlim prosesinin gedişi bu məqamı ortaya çıxarır və daha çox öyrənənin müstəqilliyi, müdaxiləsi ilə baş verir. Digər tərəfdən interaktivlik öyrənənlərin özləri arasında da ola bilər. Əsas cəhət odur ki, bu prosesdə əməkdaşlıq edən öyrənənlər və öyrədən eynihüquqlu mövqedə dayanırlar.
Bildiyimiz kimi, hazırkı dövrdə təlim prosesində əsas diqqət mərkəzi tələbə, onun şəxsiyyəti və unikal dünyasıdır. Buna görə də bu günün müəlliminin əsas məqsədi təlim fəaliyyətinin təşkilində ən yaxşı üsul və formaları seçməkdir. Xarici dil müəlliminin vəzifəsi hər bir tələbə üçün dilin praktik mənimsənilməsinə şərait yaratmaq, onların aktivliyini, yaradıcılığını nümayiş etdirməyə imkan verəcək və xarici dili öyrənmə prosesində mənimsəmə bacarıqlarını gücləndirəcək təlim metodlarını seçməkdir. Xarici dilin tədrisinin müasir texnologiyaları – əməkdaşlıq şəraitində öyrənmə, layihə metodologiyası, yeni informasiya texnologiyalarından istifadə təlimdə şəxsiyyət­yönümlü yanaşmanın gerçəkləşməsinə, tələbələrin bacarıqlarını, öyrənmə səviyyələrini yüksəltməyi nəzərə alaraq təlimin fərdiləşdirilməsinə və fərqlənməsinə şərait yaradır.
Bu gün xarici dil müəllimləri interaktiv təlim texnologiyalarından istifadə etməklə xarici dilin öyrənilməsində, tələbələrin elmi maraqlarının artırılması və öyrənmədə müsbət motivasiyanın gücləndirilməsində qarşıya çıxan problemləri həll edə bilərlər. Xarici dilin tədrisinin interaktiv forma və metodlarından istifadə şəxsiyyətyönümlü yanaşmaya əsaslanaraq yerinə yetirilməlidir.
Təlim materialları əsasında tələbələrin qarşılıqlı əməkdaşlıqları və təşkilatçılıq bacarıqları, bütövlükdə, təlim fəaliyyətinin səmərəliliyinin artırılmasında güclü bir amilə çevrilə bilər.
Deyilənlərdən belə bir nəticəyə gəlirik ki, interaktiv təlim zamanı tələbənin mövqeyi “kəşf edən”, “tədqiqatçı” mövqeyidir. O, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən bunları müstəqil tədqiqat prosesində həll edir. Öyrənənlər təlim prosesinin tamhüquqlu iştirakçısı olaraq bu prosesdə tədqiqatçı kimi çıxış edirlər və bilikləri fəal axtarış və kəşflər prosesində mənimsəyirlər.
Müəllim problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, tələbələr qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodik köməklik göstərir.
Sonda alman dili müəllimi kimi deyə bilərəm ki, indiyədək bu dilin çox az sayda məktəbdə tədris olunması və abituriyentin ixtisas seçimində heç bir dil məlumatı olmadan alman dilini seçməsi və ya praktik cəhətdən dil biliklərinin zəif olması biz müəllimlərə tədris prosesində interaktiv metoddan istifadədə çətinliklər yaradırdı. Lakin muxtar respublika rəhbərinin böyük qayğısı və təşəbbüsü nəticəsində artıq qarşıdan gələn 2020-2021-ci tədris ilində bir çox şəhər və kənd məktəblərində alman dilinin tədrisinə başlanılacaq.
İnanırıq ki, Avropa təhsil sisteminin metod və üsullarından geniş və özünəməxsus şəkildə istifadə edərək xarici dilin tədrisində yaranan problemləri müvəffəqiyyətlə aradan qaldıra biləcəyik.

İradə CƏFƏROVA
“Naxçıvan” Universitetinin müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR