Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının dosenti, Humanitar Araşdırmalar İctimai Birliyinin sədri Nurlanə Mustafayeva Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) onlayn “Vikipediya” təlimlərində iştirak edib.
Bu barədə MEK-dən məlumat verilib. Nurlanə Mustafayeva ilk təlimin maraqlı keçdiyini söyləyib: “Türkiyənin Osmaniyə Korkut Ata Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin müəllimi Elnur Paşanın MEK-də “Vikipediya” təlimlərinin keçirilməsi haqqında statusunu oxudum. Diqqətimi çəkdi. Çünki xarici tələbələrə “Vikipediya”nın türk dili bölməsində material axtaranda çox yanlış məlumatlarla qarşılaşırdım. Təlimlərdə iştirak etmək qərarımı verdim. MEK-in təlimçisi Səbinə Abızadə tərəfindən keçirilən təlimlər çox yüksək səviyyədə təşkil olunmuşdu. Ümid edirəm ki, gələcək təlimlərdə “Vikipediya”da məqalələrin yaradılması, redaktə olunması və zənginləşdirilməsi istiqamətində daha çox məlumatlar əldə edəcəyəm. “Vikipediya”nın türk dili bölməsində yeni məqalələr yaratmağı və məlumatları zənginləşdirməyi düşünürəm”.