Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasında onlayn ustad dərsi keçilib.
70 müəllim və tələbənin iştirak etdiyi “Bayatı-Şiraz muğamı” mövzusunda onlayn dərsi Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının İnstrumental muğam kafedrasının müdiri, dosent Malik Mansurov keçib.
İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov giriş sözü ilə çıxış edərək ali təhsil ocağında keçilən onlayn dərslərin müəllim və tələbələrin təcrübəsində artan rolu haqqında məlumat verib.
Azərbaycan Respublikasının Əməkdar artisti Malik Mansurov muğamlarımız haqqında ətraflı danışıb, “Bayatı-Şiraz” muğamından ətraflı bəhs edib. O vurğulayıb ki, bu muğam XIX əsrin sonlarınadək “Bayatı-İsfahan” dəstgahı kimi tanınıb, sonra sərbəst muğama çevrilib. Bildirilib ki, “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi-musiqi” (“musiqinin gəlini”) adlandırılır.
Sonda mövzu ətrafında çıxışlar olub, suallar cavablandırılıb.
Telli MUSTAFAYEVA