Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyətə başlayacağı tarix dəqiqləşib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub: "Nazirlər Kabineti bundan əvvəl qərar vermişdi ki, tədris və təlim-tərbiyə prosesi mayın 31-dək dayandırılsın. Buna qədər bir neçə müddətdə oxşar qərarlar qəbul olunmuşdu. İlk qərar martın 3-dən 9-dək verilmişdi, daha sonra mərhələli şəkildə Operativ Qərargah bu müddəti uzatmışdı.
Sonuncu verilən qərar isə bununla bağlıdır ki, mayın 31-dən iyunun 14-nə qədər, yəni tədris ilinin sonuna qədərki müddətlə bağlı bir qərara ehtiyac var idi. Operativ Qərargah belə qərar verdi ki, proses tədris ilinin sonuna qədər dayandırılacaq. Bu, sadəcə prosedur bir qərardır, yəni müddəti tamamlamaq üçün olan qərardır. Tədris ilinin sonu təqvim ilinin sonu demək deyil".
"Dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub. İndidən dəqiq günü demək mümkün olmasa da, sentyabr ayında başlayacaq. Yeni tədris ili ilə bağlı tətbiq olunacaq qaydalarla bağlı isə tədris müddəti başlayanda məlumat veriləcək", - deyə qurum rəsmisi əlavə edib.