“Naxçıvan” Universitetində “Azərbaycan və Türkiyə iqtisadi əlaqələri: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə açaraq bildirib ki, qardaş Türkiyə Respublikası xarici iqtisadi əlaqələrin yaradılmasında Azərbaycanın potensial partnyorlarından biri kimi çıxış edir. İki ölkə arasındakı əlaqələrin araşdırılması zamanı aydın oldu ki, müasir dövrdə bu iki ölkənin əməkdaşlığı iqtisadiyyatın bir çox sahələrinin inkişafına şərait yaradıb. Son vaxtlar isə bu iqtisadi əməkdaşlıq xüsusən xarici ticarət və investisiya qoyuluşu istiqamətlərində daha çox özünü göstərir.
Sonra universitetin İdarəetmə kafedrasının müdiri İradə Bağırovanın, kafedranın müəllimi Mədinə Allahverdiyevanın və İdarəetmə fakültəsinin Maliyyə nəzarəti və audit ixtisasında təhsil alan I kurs tələbəsi Gültəkin Əhmədovanın müxtəlif mövzularda məruzələri dinlənilib.
Bildirilib ki, Türkiyənin Azərbaycanla əlaqələri yüksək strateji səviyyədədir. İki qardaş ölkə arasında qarşılıqlı etibar və həmrəylik əsasında formalaşan bu əlaqələr beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.
Seyfur Hacımuradov