“Naxçıvan” Universitetinin İdarəetmə kafedrasının təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə iqtisadi əlaqələri: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn elmi konfrans keçirilib.
Onlayn konfransı giriş sözü ilə İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə açaraq konfransın keçirilməsinin əhəmiyyətindən danışıb.Bildirib ki, xarici iqtisadi əlaqələrin yaradılmasında Azərbaycanın potensial partnyorlarından biri kimi qardaş Türkiyə Respublikası çıxış edir. İki ölkə arasındakı əlaqələrin araşdırılması zamanı aydın oldu ki, müasir dövrdə Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq iqtisadiyyatın bir çox sahələrində inkişaf edir. Lakin son vaxtlar Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq xüsusən xarici ticarət və investisiya qoyuluşu istiqamətlərində daha çox inkişaf edir.
Daha sonra universitetin İdarəetmə kafedrasının müdiri İradə Bağırovanın “Azərbaycanın region dövlətləri ilə iqtisadi əlaqələri”, kafedranının müəllimi Mədinə Allahverdiyevanın “Azərbaycan və Türkiyə iqtisadi əlaqələrində gələcək perspektivləri” və İdarəetmə fakültəsinin “Maliyyə nəzarəti və audit” ixtisasında təhsil alan I kurs tələbəsi Gültəkin Əhmədovanın “ Azərbaycan və Türkiyə iqtisadi əlaqələrində TANAP layihəsinin rolu” mövzusunda çıxışları dinlənilib.
Bildirilib ki, Türkiyənin Azərbaycanla əlaqələri yüksək strateji səviyyədədir. Qarşılıqlı etibar və həmrəylik əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.
Seyfur Hacımuradov