Mənəvi sərvətlərimizdən sayılan kitabların qorunub-saxlanmasında, gələcək nəsillərə çatdırılmasında kitabxanalar mühüm rol oynayır. Kitabxanalar bəşər tarixinin çox qədim dövrlərində meydana gələrək, fəaliyyət göstərdiyi məkan daxilində sosial vasitə kimi mühitdən asılı olaraq formalaşmış, tarixi inkişaf prosesində öz hamisi olan cəmiyyətə xidmət etmiş, onun informasiya tələbatını ödəmişdir. Kitabxana işi milli tərəqqinin mühüm göstəricilərindəndir. Bu, bütün zamanlarda dəyərləndirmə vasitəsi olaraq diqqət mərkəzində dayanmışdır.
Azərbaycanda ilk kitabxanaların yaranması ilə bağlı tədqiqatlarda hələ qədimlərdən ayrı-ayrı bölgələrdə kitabxanaların fəaliyyətindən söz açılır. Kitabxana işinin təşkili, idarə olunması ictimai-siyasi vəziyyət, eləcə də regionların özünəməxsusluğu ilə də əlaqəli olmuşdur. Bu baxımdan mühüm dövlətçilik ənənələrinin formalaşdığı, Şərqin mədəni mərkəzlərindən biri kimi dəyərləndirilən, sivilizasiyalara zaman-zaman misilsiz töhfələr verən Naxçıvanda da kitabxanaların tarixi ciddi əhəmiyyət kəsb edir.
Professor A.Xələfov ölkəmizdə kitabxana işinin misilsiz tərəqqisini xalqımızın mədəni inkişaf sahəsindəki ən böyük nailiyyətlərindən biri kimi dəyərləndirir. Tədqiqatlarda çox haqlı olaraq, kitabxanaların tarixi onu yaradan cəmiyyətin tarixi ilə əlaqələndirilir, araşdırma və təhlillərin bu müstəvidə aparıldığı vurğulanır.
Qədim sivilizasiya mərkəzlərindən olan Naxçıvanda kitabxanaçılığın tarixi burada zaman-zaman baş verən proseslərlə, mədəniyyət tarixi ilə sıx bağlı olmuşdur. Məlumdur ki, hələ XI-XII əsrlərdə Naxçıvan çox sayda görkəmli şəxsiyyətlərin vətəni kimi tanınırdı. Bu, bölgənin elmi və mədəni mühitinin göstəricilərindən biri olaraq diqqəti cəlb edir. Həmin dövrdə naxçıvanlı filosof Əbu Ömər Əbu Əli ibn Sinanın “Qanun” əsərini şərh və təhlil edən Nəcməddin Naxçıvani, Həsən ibn Ömər Naxçıvani öz kitabları ilə yetərincə nüfuz qazanmışdılar. Qaynaqlardan bəlli olduğu kimi, başqa ölkələrdən gəlmiş, Naxçıvanda Atabəylər sarayında sığınacaq tapmış məşhur söz ustadlarından Əsirəddin Ağsunafi, Şərafəddin Şafrux və Zahirəddin Fərabi sənətdə silinməz izlər qoymuşdular. Dahi Nizaminin həmyerlisi Əbu Bəkr Xosrov oğlu Atabəylərin diqqətini cəlb etmiş, onu Gəncədən Naxçıvana gətirmişdilər. 30 ildən artıq Naxçıvanda yaşayan sənətkar gənc şahzadələrin müəllimi və tərbiyəçisi olduğundan Əl-Ustad adı ilə tanınmışdır. Əl-Ustadın qələmindən çıxan 6 poemanın hamısı Atabəylərə həsr olunmuşdu. İyirminci və iyirmi altıncı hekayətləri Naxçıvana həsr olunan “Munisnamə” əsərinin maraqlı taleyi vardır.
Əsərin yeganə əlyazması 800 il Naxçıvanda hifz olunmuş, 1920-ci ildə İngiltərəyə aparılaraq Britaniya muzeyində “Min bir gecə” adı ilə saxlanılmış, 50 il sonra bu əlyazma ingilis alimi Q.M.Mereditin diqqətini cəlb etmişdir. Kitabın səkkiz əsr Naxçıvanda zədəsiz və itkisiz şəkildə qorunub-saxlanılması bölgədə tarixən kitaba və kitabxanaya həssas münasibətə parlaq sübutdur. Bu cür faktlar kitabxana işinin tarixində çox dəyərlidir və fikrimizcə, onların gənc nəslə öyrədilməsi kitaba məhəbbət və münasibət hissini formalaşdırmaqla yanaşı, bir örnək olaraq kitabxana tariximizlə bağlı qürur, iftixar yaradır.
Doğrudan da, kitabxana işinin tarixinə aid biliklər bizə təkcə keçmişi öyrənmək üçün yox, müasirliyi yaxşı başa düşmək, əhaliyə kitabxana xidmətini hərtərəfli yaxşılaşdırmaq üçün də zəruridir. Bölgənin çox qədim zamanlardan misilsiz sənət örnəklərinə malik olması ilə bağlı biliklər milli mədəniyyətə varislik hissinin möhkəmləndirilməsində misilsiz əhəmiyyətə malikdir.Ona görə də, gənc nəslin kitabxana tariximizi dərindən öyrənməsi mühüm vəzifələrdəndir.
O da məlumdur ki, XIII yüzillikdə Naxçıvan mədrəsələrində kitabxanalar mövcud olub. Bu kitabxanalarda müxtəlif işçilər çalışıblar. Bu isə kitabxana işinin idarəetmə strukturunun öyrənilməsində çox əhəmiyyətli faktordur. Bölgədə XII əsrin sonlarından məktəb və mədrəsələrin fəaliyyət göstərməsini nəzərə alsaq, Naxçıvanda kitabxana tarixi barədə müəyyən fikir və qənaətlər əldə edə bilərik.
Həmin mədrəsələrdə və onların kitabxanalarında olan dərslikləri tədqiqatçılar üç yerə bölürlər:
1. Azərbaycanda hazırlanan kitablar;
2. Azərbaycandan kənarda hazırlanan kitablar;
3. Başqa dillərdə olan kitablar .
Bu bölgüyə əsasən hansı ehtimalları ortaya qoymaq olar? Deməli, həmin dövrdə Azərbaycanda, onun tərkib hissəsi olan Naxçıvanda kitablar hazırlanırdı. Başqa ölkələrlə mədəni əlaqələr o dərəcədə inkişaf etmişmiş ki, kənardan da mədrəsə kitabxanalarına kitab gətirilirmiş. Onların arasında başqa dillərdə olan kitablar da var imiş. Fikrimizcə, kitabxana tariximizdə bu faktlar çox əhəmiyyətlidir. Başqa dillərdə olan kitablar o dövrün kitabxanalarında mövcud olan çoxdilli sistem haqqında danışmağa imkan yaradır.
H.Tağıyevin belə bir fikri də diqqəti çəkir: “Azərbaycan alimləri və şairləri yuxarıda izah edilən səbəb üzündən hansı dildə yazmaqlarından asılı olmayaraq doğma xalqının milli və mədəni xüsusiyyətlərini daim hifz edib saxlamışlar”. Bu yönümdən kitabxana tarixinin ədəbiyyat tarixi ilə vəhdətdə araşdırılması və tədrisi çox zəruri məsələlərdən biridir. Bu zaman mədrəsə kitabxanaları ilə yanaşı saray kitabxanalarının da müstəsna əhəmiyyəti çox ciddi faktor kimi nəzərə alınmalıdır.
XIV əsrdə şair, tərcüməçi və alim Savəci Məhəmməd, ədəbiyyatşünas Fəxrəddin Hinduşah Naxçıvani, onun oğlu, tarixçi Məhəmməd ibn Hinduşah Naxçıvani (onun “Vəzifələrin müəyyən edilməsinə dair kitab təlimatı” və başqa kitabı var idi), təbii ki, mədəniyyət tariximizin görkəmli simaları idi.
Həmin dövrdə yaşamış məşhur şair Beyrək Quşçuoğlu da Naxçıvan mənşəli sənətkar kimi dəyərləndirilir. Orta əsrlərdə yaşamış sənətkarların çoxunun şəxsi kitabxanaya və ya kitab rəfinə malik olması tədqiqatlarda öz əksini tapmışdır.
Professor A.Xəlilov yazır: “Cəmiyyətdə yaranan tələbatla əlaqədar olaraq kitabxanaların miqdarı durmadan artır, yeni-yeni kitabxana tipləri və növləri meydana gəlirdi. Müxtəlif dövrlərdə kitaba və kitabxanaya milli tərəqqinin mühüm vasitələrindən biri kimi önəm verən görkəmli şəxsiyyətlər bu məsələdə əsl nümunə göstərmişlər. Yeni kitabxana tiplərinin və növlərinin meydana gəlməsi isə mədəni tərəqqinin mühüm göstəricisi kimi diqqəti cəlb edir.
Tədqiqatlardakı belə bir qeyd, əlbəttə, hər birimizdə təkcə təəssüf hissi yaratmır: “Xüsüsilə VII, IX və XIII əsrlərdə yadellilərin Azərbaycan torpağına basqınları xalqımız üçün böyük fəlakət törətmiş, mədəni abidələrin, o cümlədən kitabların məhv olmasına və oğurlanmasına səbəb olmuşdur. O dövrdə Azərbaycandan aparılan bir çox qiymətli əlyazmaların bu gün belə müxtəlif ölkələrin kitabxanalarında saxlanıldığını tarixi sənədlər sübut edir”. Tarixdən məlumdur ki, Naxçıvan Azərbaycanın ən çox döyüş meydanına çevrilən bölgələrindən olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, 800 il Naxçıvanda hifz olunan “Munisnamə” də bölgənin ağır günlərində İngiltərəyə aparılmışdır. Bu hadisələr milli mədəniyyətimizə ağır zərbələr vurmaqla yanaşı, onun tarixinin öyrənilməsində ciddi çətinliklər yaradır. Bütün bunlara baxmayaraq, Naxçıvan mühüm mədəniyyət mərkəzlərindən olmaqla zaman-zaman bəşər svilizasiyasına öz töhfələrini vermişdir. Bu sahədə kitabxanaçılıq tarixi də misilsiz nailiyyətlərlə zəngin olmuşdur.
Qeyd olunmalıdır ki, Ordubad şəhərindəki Zəhir Əd-Dövlə Məhəmməd mədrəsəsi XVIII yüzillikdə nəinki Naxçıvanda, bütün Azərbaycanda əhəmiyyətli tədris müəssisəsi kimi tanınıb. Bu isə çoxlu səbəbləri olan məsələlərdəndir. Ərazicə çox da böyük olmayan bu bölgə öz məşhur şəxsiyyətləri ilə həmişə seçilmişdir. XVI əsrdə Mirzə Sadıq Ordubadi, Ziyayi Ordubadi və başqaları milli tərəqqiyə əvəzsiz xidmətlər göstərmişlər. Təsadüfi deyil ki, xələfləri onların parlaq ənənələrinə həmişə sadiqlik göstərmiş, mühüm işlər görmüşlər. Əlbəttə, Naxçıvanda kitabxana tarixindən söz açarkən bütün bunlara diqqət yetirmək çox zəruridir. 1905-ci ildə Ordubad şəhərində qiraətxana açılır. Bu barədə M.S.Ordubadinin “Həyatım və mühitim” əsərində də bəhs olunur. Mir Adilin evində açılan bu qiraətxana müxtəlif qəzetlər alırmış, burada dram dərnəyi də təşkil edilibmiş.
Göründüyü kimi, qiraətxana şəhərdə əsl mədəni mərkəz rolunu oynayırmış. M.S.Ordubadinin dediyinə görə, bu qiraətxana 1914-cü ilə qədər işləmişdir. Eləcə də “Molla Nəsrəddin” jurnalının 1907-ci il 6 yanvar nömrəsində Naxçıvandakı “Səadət” qiraətxanasından bəhs olunur. Əlbəttə, bütün bunlar kitabxana və mütaliə mədəniyyətimizin özünəməxsus cəhətlərinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir.
Sədaqət NEMƏTOVA
Naxçıvan Dövlət Universitetinin müəllimi,
filologiya üzrə fəlsəfə doktoru, dosent