http://oldserqqapisi.az/index.php/humanitar/elm-v-t-hsil/24003-mustaezhillik-doevrundae-nakhdzh-van-aebaedi-muhitindae-baedii-taerdzumae-maesaelaelaerinae-bakh-sh.html#sigProGalleriaf83f58f231
2012-ci il oktyabr ayının 19-da keçirilən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxışında Yazıçılar Birliyinə bir sıra problemlərin həlli ilə əlaqədar tapşırıqlar vermişdir. Həmin tapşırıqlardan biri də bədii tərcümə sənətinin inkişafı ilə bağlı olmuşdur. Ali Məclisin Sədri demişdir: “Ciddi problemlərdən biri də bədii tərcümə ilə bağlıdır. Bu olmadan bədii əsərləri tərcümə edib yaymaq mümkün deyil. Muxtar respublikamızda elmi və publisistik əsərlərin, tarixi mövzuda yazılmış kitabların tərcüməsi sahəsində müəyyən təcrübə vardır. Lakin istər klassik, istərsə də müasir bədii əsərlərin tərcüməsi sahəsində boşluq qalmaqdadır. Muxtar respublikada xarici dillərdən birbaşa tərcümə ilə məşğul olan yazıçı və şairlərin olmasını əsas götürərək Yazıçılar Birliyi nəzdində bədii tərcümə mərkəzi yaratmaq mümkündür”.
Konfransdan sonra Yazıçılar Birliyinin nəzdində bədii tərcümə mərkəzi yaradılmışdır. Qeyd edək ki, bədii tərcümə sahəsində əvvəllər qazanılmış təcrübə mərkəzin öz işini düzgün qurmasını sürətləndirib. Ümumilikdə, şair və yazıçılarımızdan Həmid Arzulunun, Şirməmməd Qüdrətoğlunun alman və ingilis dillərindən etdiyi tərcümələr kitab şəklində oxuculara çatdırılıb. Mərhum şairimiz Vaqif Məmmədovun, istedadlı şair Elxan Yurdoğlunun türk poeziyasından tərcümələri ayrıca kitab şəklində oxuculara təqdim edilib. Son illərdə isə AMEA-nın müxbir üzvü Əbülfəz Amanoğlunun dünya ədəbiyyatının korifeylərindən sayılan Cəlaləddin Ruminin “Məsnəvi”sini ilk dəfə olaraq dilimizə çevirməsi müsbət ədəbi hadisə kimi dəyərləndirilir. Qeyd edək ki, üç kitabdan ibarət olan “Məsnəvi” Ali Məclis Sədrinin xüsusi qayğısı ilə çap olunaraq oxucuların ixtiyarına verilib.
Bir məsələni də diqqətə çatdırmaq lazımdır ki, muxtar respublikamızda yaşayıb-yaradan şair və yazıçılarımız əsərlərin böyük bir qismini orijinaldan tərcümə ediblər. Əvvəllər, xüsusilə keçmiş Sovetlər Birliyi dövründə dilimizə olan tərcümələr, əsasən, rus dili vasitəsilə aparılırdı. Ancaq respublikamız müstəqillik əldə etdikdən sonra orijinaldan tərcüməyə xüsusi əhəmiyyət verilir, tərcümə işləri bu istiqamətdə aparılır.
Qeyd edək ki, tərcümə mərkəzi tərəfindən üç kitabdan ibarət olan “Dünyaya pəncərə” adlı almanax yüksək səviyyədə işlənərək oxucuların ixtiyarına verilib. Bu kitablara daxil olan əsərlərin böyük bir qismi orijinaldan edilən tərcümələrdir. Şeirlər toplanan hissəyə türk, rus, ingilis, fransız dillərindən olan tərcümələr daxildir. Kitabın ingilis dilindən tərcümələr yer alan hissəsi, demək olar ki, tamamilə filologiya üzrə fəlsəfə doktoru Şirməmməd Qüdrətoğluya məxsusdur. Tərcüməçinin burada Vilyam Şekspir, Tomas Mur, Corc Qordon Bayron, Lənqston Hyuz, Stivenson, Persi Bişi Şelli, Robert Berns, Koleric, Çarlz Makkey, Lonqfellou, Tomas Hud kimi məşhur ədiblərdən etdiyi tərcümələr özünə yer alıb.
Geniş elmi-ədəbi ictimaiyyət arasında Şamil Zaman bir ədəbiyyatşünas, istedadlı şair və nasir, eyni zamanda bacarıqlı tərcüməçi kimi tanınır. Onun Azərbaycan dilinə tərcümə etdiyi görkəmli fransız yazıçısı Prosper Merimenin “Məhəbbət ilahəsi”, Qəzənfər Paşayevin tərtib etdiyi “Nostradamusun möcüzəli aləmi” kitabları Şamil Zamanın tərcüməçilik sahəsindəki uğurlu addımlarındandır. O, Viktor Hüqo, Onore de Balzak, Aleksandr Dümanın əsərlərindən Azərbaycan dilinə etdiyi tərcümələrlə istedadlı və zəhmətkeş bir tərcüməçi olduğunu təsdiq etdirib. Qədim Naxçıvan diyarında dünyaya göz açan Şamil Zamanı digər tərcüməçilərdən fərqləndirən cəhətlərdən biri onun, həmçinin doğma Azərbaycan ədəbiyyatından nümunələri birbaşa fransız dilinə yüksək bədiiliklə tərcümə etməsidir. Onun Məmməd Arazın “Dünya sənin, dünya mənim”, Elmira Qasımovanın “Xatirə”, Vaqif Məmmədovun “Zirvədən baxanda” kitablarını fransızcaya tərcüməsi ölkəmizdə və Fransada rəğbətlə qarşılanıb. Görkəmli akademik İsa Həbibbəylinin ön sözü ilə işıq üzü görən, Şamil Zamanın tərcümələrinin yer aldığı “Naxçıvanın şeir çələngi” antologiyasında Azərbaycan ədəbiyyatının böyük bir qolunu təşkil edən Naxçıvanda yaşayıb-yaradan şairlərin şeirləri təqdim olunub. Bir faktı da nəzərə çatdırmaq lazımdır ki, Şamil Zamanın tərcüməsində fransız ədəbiyyatının görkəmli nümayəndəsi Qustav Floberin “Salambo” romanı tərcümə mərkəzi tərəfindən 2020-ci ildə nəşr olunub.
Qeyd etmək lazımdır ki, ədəbiyyata əvvəlcə şeirlə gələn, daha sonra həm nəsr, həm də alman dilindən bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərən, geniş oxucu kütləsinin rəğbətini qazanmış filologiya elmləri doktoru Həmid Arzulunun Efraim Lessinqdən “Əsgər səadəti”, Bertold Brextdən “Üçüncü imperiya”, “Cuhud arvad”, “Ədalət məhkəməsi” kimi dram əsərlərinin sanballı tərcüməsi mərkəz tərəfindən hazırlanan “Dünyaya pəncərə” adlı kitabda özünə yer alıb.
Naxçıvanda bədii tərcümə ilə məşğul olan tərcüməçilərdən biri də Şirməmməd Qüdrətoğludur. Qeyd edək ki, görkəmli Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin Ali Məclisin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilən “Qoca və dəniz” əsəri, həmçinin “Əcəl zəngi”, “Əlvida silah” kimi romanları Azərbaycan oxucularına yaxşı tanışdır. Şirməmməd Qüdrətoğlunun tərcüməsində məşhur yazıçı E.Heminqueyin hekayələri “Dünyaya pəncərə” kitabında oxucuların ixtiyarına verilib və rəğbətlə qarşılanıb. Şirməmməd Qüdrətoğlu, eyni zamanda qədim ingilis ədəbiyyatının ən qədim və həcm etibarilə ən böyük nümunəsi olan “Beəvulf” eposundan da tərcümələr edib və bu tərcümə də digər nümunələrlə yanaşı, tərcüməçinin “Ürəkdən ürəyə” adı ilə nəşr olunan ingilisdilli poeziya nümunələrinin orijinaldan tərcüməsi toplusunda maraqla oxunan əsərlər sırasındadır.
Qeyd edək ki, oxucular şeirlərdən ibarət “Dünyaya pəncərə” kitabında Kəmalə Ağayevanın, Hüseyn Razinin, akademik İsa Həbibbəylinin, Muxtar Qasımzadənin, Şamil Zamanın tərcüməsində Aqniya Barto, Aleksandr Blok, Boris Pasternak, Rəsul Həmzətov, Rimma Kazakova, Vladimir Basin, Rəmz Babacan, Əhməd Sövqi, Klod Jozef Ruqe Dö Lil, Pyer Jand dö Beranje, Viktor Hüqo, Şarl Zasayi kimi məşhur şairlərin yaradıcılığı ilə tanış olmaq imkanı qazanıblar.
Bir faktı da diqqətə çatdırmaq lazımdır ki, Ələddin Abbasovun, Hüseyn Əsgərovun, Bağır Qədimovun tərcümələrində də bir sıra xarici ölkə yazıçılarının maraqlı hekayələri işıq üzü görüb. Ələddin Abbasovun Xorxe Luis Borxesdən tərcümə etdiyi “Pedro Salvadores”, Bağır Qədimovun Əli Çapar Nailpurdan tərcümə etdiyi “Küləkli gecə” hekayələri ifadə səlisliyi və orijinallığı ilə diqqəti cəlb edir.
Muxtar respublikamızda bədii tərcümə sahəsində öz dəstxəti ilə tanınan müəlliflərdən biri də Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, publisistik yazıları ilə daim diqqət mərkəzində olan Hüseyn Əsgərovdur. Onun 2017-ci ildə “Əcəmi” nəşriyyatında çap olunan “Gülüşlərin cingildəsin saz kimi” kitabında publisistik yazıları ilə yanaşı, rus və türk, eləcə də rus dili vasitəsilə Avropa və Amerika müəlliflərindən etdiyi tərcümələr bədii tərcümə sahəsinə böyük töhfədir. Hüseyn Əsgərov Əziz Nesinin “Şərməndi nə vaxt doğulub”, “Xəzinədəki paslı tənəkə”, Anton Çexovun “Hiylə”, Yordan Popovun “Duel”, İqor Danilov İvuşkinin “Təbiətin möcüzəsi”, “Reanimasiya”, Mixail Zoşşenkonun “1 aprel zarafatı” və sair əsərləri dilimizə uğurla tərcümə edib. Hüseyn Əsgərov, eyni zamanda rus dili vasitəsilə də tərcümələrə böyük önəm verir. Bunlardan Mark Tvenin “Həzrəti Adəmin gündəliyindən səhifələr”, Robert Tompkisin “Həqiqət sorağında”, Dariuş Bitnerin “Fərasətli çilingər” kimi hekayələri Azərbaycan oxucularının böyük rəğbətini qazanıb. Qeyd edək ki, Hüseyn Əsgərovun tərcümələri, eyni zamanda “Dünyaya pəncərə” adlı kitabın hekayələr hissəsində də yer alıb. Burada müəllifin Əziz Nesindən “Yağış yağanda”, “Karın könlündəki”, “Unikal mikrob”, Avtandil Adeaşvilidən “Sizin işiniz deyil”, Aleksandr Matyuşkindən “Elmə əsasən”, Arkadi İnindən “Maraqlı iş”, Xosrov Şahanidən “Plastik əməliyyat” kimi tərcümələri təqdirəlayiqdir.
Mərhum şairimiz Vaqif Məmmədov da bədii tərcümə sahəsində uğurlu addımlar atıb. Onun “Dünyaya pəncərə” kitabına daxil olan tərcümələrindən İslam Beytullah Erdidən “Yaşamaq haqqı”, İmdad Avşardan “Həmdi kirvə” hekayələri, eləcə də Yəhya Akengin, Ataol Bəhramoğlu, Səbri İbrahim Alagöz, Osman Baymak, Niyazi Hüseyn Bəxtiyar, Ömər Osman Erendoruk, İlhami Emin, Necati Zekeriye və başqa türk müəlliflərindən tərcümə etdiyi şeirlər Vaqif Məmmədovun bədii tərcümə sahəsindəki məhsuldar fəaliyyətinin bəhrəsi kimi diqqəti çəkir.
Qeyd edək ki, bədii tərcümə sahəsində maraqlı məqamlardan biri Naxçıvan ədəbi mühitində yazıb-yaradan müəlliflərin əsərlərinin başqa dillərə tərcümə olunması, bu yolla da bədii ədəbiyyatımızın dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu sahədə Həmid Arzulu, Şamil Zamanın adlarını, xüsusilə qeyd etmək yerinə düşər.
Bu baxımdan şair və yazıçılarımızın qardaş Türkiyədə tanıdılması sahəsində də uğurlu addımlar atılmaqdadır. 2016-cı ildə Ankarada şair Elxan Yurdoğlunun çevirməsi ilə çap olunan “Naxçıvan konulu şeirlər” kitabı da bu səmərəli və mühüm işin bariz nümunəsidir. Burada Naxçıvan torpağının yetirməsi olan şairlərimizdən Asim Yadigar, Elman Həbib, Vaqif Məmmədov, Xanəli Kərimli, Əbülfəz Muxtaroğlu, Validə Hüseynova, İlyas Fərəməzoğlu, Lütfiyyə Əsgərzadə, Zeynəb Naxçıvanlı, Həsənəli Eyvazlı və digər çox sayda müəllifin adını çəkmək olar ki, onların yaradıcılığına məxsus şeirlər kitabda şair Elxan Yurdoğlunun çevirməsi ilə təqdim olunub. Qeyd etmək lazımdır ki, Elxan Yurdoğlu, həmçinin türk şairlərindən də dilimizə çevirmələr edib ki, bu poetik nümunələr “Dünyaya pəncərə” kitabının şeirlər hissəsində dərc olunub. Atilla İlhan, Xeyrəddin İvgin, Hüseyn Nihal Atsız, Yavuz Bülent Bakiler və digər müəlliflərdən etdiyi tərcümələr Elxan Yurdoğlunun təkcə istedadlı şair kimi deyil, eyni zamanda istedadlı bir tərcüməçi kimi də formalaşdığını sübut edir.
Bütün bunlar, həmçinin Naxçıvan Dövlət Universitetində 30 aprel 2020-ci ildə “Azərbaycan bədii tərcümə sənətinin inkişafında naxçıvanlı ziyalıların rolu” mövzusunda keçirilən onlayn konfrans dövlətimiz tərəfindən ədəbiyyatımıza, eləcə də Naxçıvan ədəbi mühitinə və bədii tərcümə sənətinin inkişafına göstərilən yüksək diqqət və qayğıdan xəbər verir.
Xumar MƏMMƏDOVA
Naxçıvan Dövlət Universitetinin dosenti