“Naxçıvan” Universiteti və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqlarının sosial və hüquqi tərəfləri” mövzusunda onlayn konfrans keçirilib.
Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, uşaq hüquqlarının müdafiəsinin hərtərəfli təmin olunması ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Uşaqların keyfiyyətli təhsil almaları, yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması ölkəmizdə dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanov bildirib ki, muxtar respublikada uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir, yaxşı təhsil almaları, layiqli vətəndaş kimi formalaşmaları istiqamətində bir çox işlər görülür, müasir avadanlıqlarla, kitabxanalarla, idman zalları və müasir kompüter dəstləri ilə təchiz olunmuş yeni məktəb binaları tikilərək istifadəyə verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmiş, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmiş, monitorinq qrupu yaradılmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları – Reyhan Sadiqova, Həbibə Əliyeva və Rəşad Allahverdiyevin, “Naxçıvan” Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimləri Gülçin Ağayeva, Aysel Abbasova və Nuray Hacıyevanın çıxışları dinlənilib.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.
Seyfur Hacımuradov