Naxçıvan Dövlət Universisitetində yeni infrastruktur layihələrinin həyata keçirilməsi, müasir tədris korpuslarının istifadəyə verilməsi peşəkar kadrların hazırlanmasına öz müsbət töhvəsini verməkdədir. Aparılan quruculuq işlərinin nəticəsində hər bir fakültə ən son texnoloji avadanlıqlarla təchiz edilən tədris korpusu ilə təmin edilib. Yaradılan bu imkanların nəticəsində tələbə qəbulu üzrə plan yerlərinə olan maraq ilbəil artıb, yüksək ballı tələbələrin məhz universiteti seçim imkanları genişlənib. Xarici tələbələrin artım dinamikasında əldə edilən yüksək səviyyədə artım ali təhsil ocağının Beynəlxalq əlaqələrinin düzgün və sistemli idarəedilməsi nəticəsində mümkün olub. Hazırda universitet xarici tələbələrin müraciti və qəbul sayına görə ölkə üzrə öncüllüyünü qoruyur.
Universitetin növbəti uğurlu layihəsi tədrisi xarici dillərdə olan ixtisasların açılmasıyla bağlıdır. Ali təhsil ocağının mövcud kadr potensialı, maddi-texniki bazasının verdiyi imkanlar bu sahədə uğurlu kadr hazırlığının tam mümkünlüyünü təmin edir. Universitetin gələcək strateji hədəfləri kimi beynəlxalq rəqabətlilik layihələrində səmərəli iştirakı, ikili diplom məsələləri tədrisi xarici dillərdə ixtisasların fəaliyyətə başlamasını zəruri edir.
2020-2021-ci tədris ilində “İqtisadiyyat” ixtisası üzrə ingilis dilində tədrisin aparılması nəzərdə tutulub.
Universitetdə yeni yaradılmış “İqtisadiyyat və idarəetmə” fakültəsinin bazasında yaradılmış və tədrisi ingilis dilində olacaq “İqtisadiyyat” ixtisasında artıq tədris planları təsdiq edilib, fənlər ingilisdilli müəllimlər arasında bölüşdürülüb. Dərs bölgüləri mövcud müəllim potensilalı ilə bərabər xaricdə yüksək təhsil almış məzunlar hesabına təmin edilib. Fakültənin nəzdində yaradılmış müstəqil iqtisadi kitabxana fonduna ingillisdilli ixtisas ədəbiyyatları daxil edilib, dərs prosesi üçün auditoriyalar müəyyənləşdirilib.
Müəllim və tələbələrin akademik mobillik proqramı çərçivəsində Avropa Universitetləri ilə əməkdaşlıq əsas prioritet kimi müəyyənləşdirilib. Ali təhsil ocağının mövcud imkanları gələcəkdə bu ixtisasların sayının artırılmasına tam zəmanət verir. Universitet məzunlarının karyera imkanlarının da dəyərləndirildiyi bu layihədə xarici tələbələrin də universitetdə təhsil almaq imkanlarının artacağı proqnozlaşdırılır.
Səadət Əliyeva NDU-nun Televiziya,
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri