22 Dekabr 2024, Bazar


Naxçıvan Dövlət Universitetinin fakültə və kafedralarında struktur dəyişikliyi ilə əlaqədar onlayn müşavirə keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən rektor Elbrus İsayev ali təhsil ocağının mövcud imkanlarını dəyərləndirib. Bildirilib ki, yaradılan müasir tədris şəraiti, hər fakültənin ayrıca tədris binasında fəaliyyət göstərməsi müvafiq ixtisasların tədrisini günün tələbləri səviyyəsində qurmaq imkanı yaradır. Ali təhsil ocağına tələbə qəbulunun ilbəil artan dinamika ilə yüksəlməsi və yeni ixtisasların açılması fakültə və kafedraların yenidən formalaşdırılması zərurətini ortaya çıxarır. Eyni zamanda yeni dəyişiklik ixtisasların təsnifata uyğun qurulmasını nəzərdə tutur.       

Vurğulanıb ki, əvvəlcədən aparılan bölgüyə əsasən bəzi uyğun olmayan kafedralar formalaşdırılıb ki, bu da dərs bölgülərinin aparılmasına və tədrisin təşkilinə müəyyən  çətinliklər yaradıb. Diqqətə çatdırılıb ki, elm sahələrinə və fənlərin tədrisinin keyfiyyətinin yüksəldilməsinə  hesablanmış struktur dəyişikliyi professor-müəllim heyətinin ixtisaslarına uyğun komplektləşdirilməsinə imkan verəcək. Qəbul edilən qərara əsasən Beynəlxalq münasibətlər və xarici dillər, Sosial idarəetmə və hüquq fakültələrinin bazasında 2 fakültə - Beynəxalq münasibətlər və hüquq, Xarici dillər fakültələri formalaşdılıb. İqtisad fakültəsi ləğv edilərək  İqtisadiyyat və İdarəetmə fakültəsi yaradılıb.

Beynəlxalq münasibətlər və hüquq fakültəsi özündə Hüquq fənləri, Fəlsəfə və sosial iş, Beynəlxalq münasibətlər, İqtisadiyyat və idarəetmə fakültəsi Iqtisadiyyat, Mühasibat uçotu və maliyyə, Dünya iqtisadiyyatı və menecment, Bələdiyyə və turizm, Xarici dillər fakültəsi isə İngilis dili və metodika, İngilis dili və tərcümə, Rus və Şərq dilləri, Roman-german dilləri kafedralarını formalaşdırıb.

Tibb fakültəsində də ixtisas uyğunluğu nəzərə alınaraq Əczaçılıq və biokimya, Stomatologiya, Ümumi təbabət və kliniki fənlər, Təməl tibb fənləri kafedraları yaradılıb. Yeni kafedralarda ixtisas sahələrinə uyğun olaraq professor-müəllim heyəti formalaşıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində ali təhsil ocağında müasir maddi-texniki bazaya malik yeni tədris korpusları tikilir, mövcud olanlar isə yenidən qurularaq müəllim və tələbələrin ixtiyarına verilir. Xarici dillər fakültəsi üçün də yenidən qurulan və əsaslı sürətdə bərpa edilən binanın yaxın günlərdə istifadəyə hazır olması  göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Səadət Əliyeva

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR