Kükü çayının yuxarı hissəsində seolittərkibli zolaq
Naxçıvan Muxtar Respublikası flora və fauna ilə yanaşı, mineral sərvətlərinin ehtiyatına və müxtəlifliyinə görə çox zəngindir. Muxtar respublika ərazisində 40-dan artıq müxtəlif faydalı qazıntı yataqları mövcuddur. Bunlardan Duzdağ daş duz, Nehrəm dolomit, Biləv zəy süxurları, Gümüşlü qurğuşun-sink, Kotam kobalt, Xal-xal sərbəst mis, Buzqov, Şahtaxtı, Qarabağlar travertin, Şahbuz, Babək gil minerallar, Gümüşlü kvarsit, Biçənək torf, Gömür kükürd, Parağaçay, Qapıcıq molibden və Ordubad rayonunun Məzrə kəndindən Şahbuz rayonunun Güney Qışlaq kəndinə kimi uzanan seolittərkibli yataqlar kimi sənaye əhəmiyyətli sərvətimizi misal göstərə bilərik.
Təbii sərvətlərin mühafizəsi, onlardan səmərəli istifadə etməklə tətbiqinə nail olmaq, hazırda fundamental elmin mühüm və perspektivli məsələlərindən biridir.
Muxtar respublikanın mineral xammalları içərisində geniş tətbiq sahəsinə malik, xalq təsərrüfatının müxtəlif sahələrində tətbiq olunanlardan biri də seolitlərdir.Seolitlər o qədər geniş tətbiq sahəsinə malikdirlər ki, sadalamaqla bitirmək olmur. Dünya praktikasına əsaslanaraq, demək olar ki, müasir dövrün ən aktual problemi olan tullantıların utilizasiyası və basdırılmasında yüksək fiziki-kimyəvi xassələrə malik və maya dəyəri aşağı olan təbii seolitlərdən geniş istifadə olunur. Unikal xassələrə və spesifik kristal quruluşa malik seolitlər sənaye tullantı qazlarının kükürd və karbon qazlarından təmizlənməsində geniş istifadə olunması məlum və perspektivli sayılır.
Dünyada mövcud olan 200 sintetik və 50-yə yaxın təbii seolitlərdən yalnız səkkizi sənaye əhəmiyyətə malikdir. Sevindirici haldır ki, Naxçıvanın təbii seoliti məhz bu səkkizliyə daxil olanların sırasındadır.
Qeyd edək ki, sənaye əhəmiyyətə malik o yataqlar hesab olunur ki, orada seolitin miqdarı 50%-dən artıq olsun. Naxçıvan Muxtar Respublikasının seolittərkibli yataqlarında bu mineralın miqdarı 70-75% arasında dəyişir və sənaye əhəmiyyətə malikdirlər.
Muxtar respublikanın seolittərkibli yataqları aydın yaşılımtıl-mavi rəngi ilə digər minerallardan fərqlənir. Naxçıvanın seolittərkibli süxurları cənub-şərqdən şimal-qərbə Düylünçay və Qaradərəçaylar arasında, Kolanı kəndinin Nurs-Türkeşçökəkliyindən Zoğalasu çayı boyunca, şimal-qərbə isə Kükü çayından Qızıl Qışlaq kəndinə qədər geniş zolaqla uzanır.
Seolitlərin ən geniş tətbiq sahələrindən biri suyun təmizlənməsidir. Seolitlərin vasitəsilə suyu insan orqanizmi üçün ziyanlı olan maddələrdən-ağır metallar, nitratlar, sulfatlar, xloridlər, fosfatlar və s. təmizləmək mümkündür.
Seolitlərdən doldurucu kimi tara karton qutuların istehsalında istifadə edilir. Belə kartonlar öz daxilində mikroiqlim yaradaraq tərəvəzlərin saxlanma müddətini uzadır, keyfiyyətini saxlayır və onlar zədələnmir. Meyvə-tərəvəz saxlamaq üçün istehsal olunan tara karton qutularının tərkibinin 40%-i təbii seolitdən olması onların saxlanma müddətini 3-5 dəfə artırmış olur. Kağızın istehsalında da seolitdən geniş istifadə edilir.
Neft-kimya sənayesində neftin ayrılması prosesində seolitlərdən katalizator kimi geniş istifadə olunur. Seolit-katalizatorlar üzərində dünyada hər gün 5 milyon ton neft istehsal olunur və belə qurğularda seolitin illik sərfi 350000 ton təşkil edir.
Heyvandarlıq və quşçuluq təsərrüfatında seolitlərdən profilaktik və müalicəvi əlavə kimi istifadə olunması məhsuldarlığın artması ilə yanaşı, heyvan və quşlarda xəstəliyə qarşı profilaktikasını da təmin edir.
Seolitlər gübrə istehsalında, əlavə kimi də tətbiq olunur. Bu halda bir neçə müsbət nəticələr əldə edilir, gübrə torpaqda uzun müddət qalır, qida maddələrinin yuyulmasının qarşısı alınır, sərf olunan gübrənin miqdarı azalır, torpağın mikroflorası yaxşılaşır və məhsuldarlıq artır.
Təbiətdə ən güclü zərərli maddələri insan orqanizmindən xaric edən mineralın seolit olduğu dünya alimləri tərəfindən sübuta yetirilib. Belə ki, seolitlər insan orqanizmində olan zərərli maddələri, ağır metalları öz quruluşuna hopduraraq, orqanizmdən xaric edir. Bu səbəbdən də orqanizmin ən həssas üzvləri,-beyin, sinir, hormon və immun sistem, qara ciyər zərərli maddələrdən mühafizə olunur.
Digər tərəfdən seolitlər tikinti materiallarının istehsalında əlavə kimi geniş istifadə olunur, bu isə onların davamlılığına və möhkəmliyinə müsbət təsir göstərir.
Seolitlərdən stomatologiyada da geniş istifadə edilir. Yeni nəsil stomatoloji farforların tərkibinə seolit əlavə olunur və bu da onların tez dağılmasının qarşısını alır. Sadalanan tətbiq sahələri, bu mineralın nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir. Təbiətin muxtar respublikamıza bəxş etdiyi və geniş tətbiq sahəsinə malik, ehtiyatı milyon tonlarla ifadə olunan bu unikal mineralın xalq təsərrüfatının müxtəlif sahələrində səmərəli tətbiqinə nail olmaq iqtisadiyyatımıza öz töhfəsini verə bilər.
Onu da qeyd edək ki, sintetik seolitlərin yüksək maya dəyəri və az miqdarda istehsal olunduğundan sənaye istehsalında və yeni texnologiyaların hazırlanmasında tətbiqi problemlər yaradır. Bu baxımdan laboratoriya və yaxud sənaye səviyyəsində alınan seolitlərin yerinə təbii seolittərkibli ehtiyatlardan istifadə etmək daha sərfəlidir.
Ümid edirik ki, belə unikal xassəli mineralın tətbiq sahələri genişlənəcək və insan həyatında daha böyük rol oynayacaq.
Günel MƏMMƏDOVA
AMEA Naxçıvan BölməsininTəbii Ehtiyatlar İnstitutunun
laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent