Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub. Bu səbəbdən 2020-ci ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən nəzərdə tutulan mövzular tədris olunmadığı üçün buraxılış imtahanı proqramlarından çıxarılıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. DİM-in saytında 2020-ci ilin yanvar ayında “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilmiş ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları qısaldılmış formada təqdim edilib. Təqdim olunan proqramların qısaldılmış variantında bölmə başlıqları nömrələnib və fənn üzrə proqramın sonunda çıxarılan mövzular qeyd olunub.
“Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları”nın tam mətni ilə “Abituriyent” jurnalının xüsusi buraxılışlarında tanış olmaq mümkündür. Jurnalların elektron versiyasını (PDF formatda) “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti (http://eservices.dim.gov.az/ejurnal) vasitəsilə ödəniş əsasında əldə etmək olar.
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün imtahan proqramlarından çıxarılan mövzular da yaxın günlərdə sayta yerləşdiriləcək.
Qeyd: 1. 9-cu sinif ingilis dili, alman dili, fransız dili və ərəb dili fənləri üzrə mövzular müvafiq dövrədək tədris olunduğundan bu fənlər üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.
Qeyd: 2. 11-ci sinif ingilis dili, alman dili, rus dili (xarici dil) və russkiy yazık (tədris dili) fənləri üzrə mövzular müvafiq dövrədək tədris olunduğundan bu fənlər üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.