22 Dekabr 2024, Bazar

Azərbaycan xalqının taleyüklü hadisələrlə dolu olan bir dövrü çoxəsrlik dövlətçiliyimiz tarixində əvəzsiz yeri olan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan dövlətini və millətini zamanın çətin sınaqlarından çıxararaq, ölkənin bütün sahədə tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Xalqımız məhz onun sayəsində mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü minilliyə qədəm qoymuşdur.

 Ümummilli liderin Azərbaycanın təhsil sisteminin inkişafında da müstəsna rolu və xidmətləri olmuşdur. Onun rəhbərliyi altında hələ ötən əsrin 70-80-ci illərində bu inkişaf daha yüksək mərhələyə çatmış, təlim-tərbiyə müəssisələrinin şəbəkəsi xeyli təkmilləşdirilmiş, bir sıra müasir təhsil ocaqları yaradılmış, təhsilin maddi-texniki bazası möhkəmləndirilmiş, milli kadrların hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Belə ki, respublikanın bütün regionlarında çoxsaylı yeni tipli məktəbəqədər müəssisələr, ümumtəhsil, texniki peşə və orta ixtisas təhsili məktəbləri tikilmiş və istifadəyə verilmişdir. 1969-1982-ci illərdə Azərbaycan təhsil sistemi və onun inkişaf xronologiyasını özündə əks etdirən bir sıra statistik göstəricilərə nəzər salaq. Həmin dövrdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə, orada tərbiyə alanların sayı isə, müvafiq olaraq, 110 mindən 147 minə çatmışdı. 1971-ci ildə Naxçıvanda Politexnik Texnikumu, 1975-ci ildə isə Orta İxtisas Musiqi Məktəbi fəaliyyətə başladı. Bir məsələni də qeyd etmək lazımdır ki, ulu öndərin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır.

1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək, 765-dən 2117-yə çatdırılmışdır. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi.
Ulu öndərin uzaqgörən düşünülmüş siyasəti nəticəsində respublikamızın hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislər ordusunun yetişdirilməsinə nail olunmuşdur. 70-ci illərin ortalarından hər il, orta hesabla, 800-1000 nəfər, 80-ci illərin əvvəllərindən isə ildə 1000-1400-ə qədər gənc respublikadan kənarda tanınmış ali məktəblərə təhsil almağa göndərilmişdir. Bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.

1970-ci illərdə məktəb müəllimlərinin həvəsləndirilməsi sahəsində görkəmli dövlət xadiminin məqsədyönlü fəaliyyəti orden və medallara layiq görülmüş maarif işçilərinin sayının 8718 nəfərə çatması, o cümlədən də 3 nəfər müəllimin həmin dövrün ən yüksək adı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi ilə nəticələnmişdir. 1980-ci ildə dahi rəhbərin şəxsi təşəbbüsü ilə “Azərbaycan SSR əməkdar ali məktəb işçisi” fəxri adı təsis edilmiş, bütün bu tədbirlər tezliklə ali məktəb həyatında mənəvi-psixoloji iqlimi kökündən dəyişdirmiş, ali təhsildə keyfiyyət dəyişikliklərinə gətirib çıxartmışdır. 817 müəllim “Əməkdar müəllim” adını almışdır. Bütün bunlar ümummilli liderin müəllim əməyinə, müəllim şəxsiyyətinə olan sonsuz ehtiramının, təhsil işinə əsl rəhbər qayğısının, tamamilə haqlı olaraq, məntiqi nəticəsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası müstəqilliyə qədəm qoyduğu vaxtlarda təhsil sahəsində də böhranlı vəziyyətlə qarşılaşmışdı. Arzuolunmaz tendensiyalar meydana çıxmışdı. Təhsilə dövlət qayğısı tamamilə unudulmuşdu. 1993-cü ilin 15 İyun- Qurtuluş Günündən sonra Azərbaycan təhsili də böhrandan, uçurumdan, fəlakətdən qurtardı. Ulu öndərin hakimiyyətə xilaskar missiyalı qayıdışı ilə təhsildə tənəzzül, dağılma prosesi dayandırıldı. Təhsilin öz məcrasına düşməsi, onun inkişafı üçün əlverişli iqtisadi şərait, hüquqi, mənəvi-əxlaqi mühit yarandı. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə respublikamızda həyata keçirilən sosial-iqtisadi, ictimai-siyasi, mədəni və dövlət quruculuğunda baş vermiş dəyişikliklər təhsil sistemində beynəlxalq standartlara uyğun əsaslı islahatlar həyata keçirilməsini zəruri edirdi. Ulu öndər 1993-cü ilin oktyabrında Prezident seçildikdən sonra təhsilin inkişafı onun ən çox diqqət mərkəzində olan məsələlərdən oldu. Azərbaycanın təhsil siyasətində mühüm istiqamətlərdən birini təhsilin məzmunu sahəsində aparılan islahatlar, xüsusən də, ümumtəhsil pilləsi üçün proqram və dərsliklərin məzmunca müstəqillik prinsipləri əsasında tərtib olunması, nəşri və təhsil müəssisələrinin onlarla ahəngdar təminatı təşkil edirdi. Dahi rəhbərin “İnsan təhsilinin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəblər xüsusi yer tutmalıdır” və “... İndi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar” kimi, konseptual göstərişləri təhsil sisteminin ümumtəhsil pilləsində təhsil alan şagirdlər üçün dərslik, dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatların hazırlanması işində əsas prinsip, strateji xətt kimi götürülmüşdür. Əlbəttə, bu dərsliklər içərisində Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və s. bu qəbildən olan humanitar profilli milli dərsliklərin hazırlanması sahəsində görkəmli dövlət xadiminin xüsusi tələb və tapşırıqları, hər şeydən öncə, həmin dərsliklərdə milli dövlətçilik ideologiyasının – azərbaycançılıq, milli və ümumbəşəri dəyərlər, dövlətçilik və s. komponentlərin ciddi şəkildə əks olunması ilə nəticələndi. Bu isə şagirdlər tərəfindən onların daha yaxşı mənimsənilməsinə, nəticə etibarı ilə məktəbli gənclərdə milli vətənpərvərlik hisslərinin tərbiyə olunmasına birbaşa kömək edir.

1993-cü ildə yenidən hakimiyyətə gələrkən qarşısında bir neçə ciddi problemlərin olmasına baxmayaraq, o, təhsilə xüsusi önəm verdi. Ulu öndər “Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi” - nin yaradılması məsələsini ortaya qoydu və böhran halını yaşamağımıza baxmayaraq, təhsil yolunda ilk addımlarını atan şagirdlərin kitablarla ödənişsiz təmin olunmasını tələb etdi.

1998-ci ildə “Təhsil sahəsində islahatlar Proqramı” qəbul edildi. Komissiyanın yekun iclasında çıxış edərkən ümummilli lider Heydər Əliyev demişdir: “Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri, tədrici dəyişikliklər xarakteri daşıyır... Təhsil Qanunu elə bir qanundur, təhsil islahatları elə islahatlardır ki, iqtisadiyyatdan, maliyyədən, başqa sahələrdən fərqli olaraq, bunda bütün cəmiyyətin iştirakı lazımdır”.                                                                                          1998-ci ildə müstəqil Azərbaycan müəllimlərinin 1-ci qurultayı keçirildi. Dahi şəxsiyyət qurultayda tarixi çıxış etdi. Bu çıxış təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli üçün proqram idi. Qurultayda təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası yaradıldı.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 1999-cu il 9 oktyabr tarixli qərarı ilə Azərbaycanda milli təhsilin, elm və mədəniyyətin inkişafı sahəsindəki böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə universitetin fəxri doktoru alimlik dərəcəsi verilmiş və Naxçıvan Dövlət Universitetinin fəxri doktoru diplomu 11 oktyabr 1999-cu ildə Prezidentin universitetə gəlişi zamanı Ulu öndərə təqdim edilmişdir.

Azərbaycan Respublikasının orta təhsil sistemində ən ciddi problemlərdən biri, təbii ki, məktəb tikintisi, ümumtəhsil məktəblərinin təmiri və avadanlıqlarla təchizatı idi. Ulu öndər 2000-ci il iyunun 13-də “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” yeni fərman imzaladı. Fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı. Ümummilli lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd edib ki, “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda, təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.

Dahi rəhbərin uzaqgörən siyasi kursunun mübariz davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Azərbaycan milli təhsil strategiyasına xüsusi önəm vermiş və verməkdədir. Buna misal olaraq, Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2011-ci il tarixdə imzaladığı “2011-2021- ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında Sərəncamını xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi, dövlət hesabına gənclərimiz xarici ölkələrin ən məşhur universitetlərində təhsil aldılar. Azərbaycan tələbələrinin xaricdə təhsilini təmin etməkdə əsas məqsəd, şübhəsiz, bütün sahələrdə sürətlə inkişaf edən respublikamız üçün yüksək səviyyəli kadrların hazırlanmasıdır. Yeni məktəb binalarının tikintisi və həmin məktəblərdə milli ruhlu, vətənpərvər övladların yetişdirilməsi dövlətimizin milli təhsil sistemidə siyasətinin ana xəttini təşkil edir.

Naxçıvan Muxtar Respublikasında da Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən təhsil sahəsinə daim diqqət göstərilmişdir. Muxtar respublikada yeni məktəblərin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunması prioritet istiqamətlərdəndir. Bundan əlavə, yüksək nəticələr göstərən məzunların Ali Məclisinin Sədri tərəfindən mükafatlandırılması ənənə halını almış ən maraqlı tədbirlərdən biridir ki, bu da, şagirdlərin müvəffəqiyyətlər əldə etməsində böyük rol oynayır. Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində həyata keçirilən tədbirlərin, ümumi təhsilə göstərilən qayğının nəticəsində yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan məktəblilərin sayı ildən-ilə artmışdır.

Ali Məclisin Sədri çıxışlarında ulu öndər Heydər Əliyevin “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Ona görə də təhsil hər bir insana lazımdır” fikrini dəfələrlə xatırlatmış və bu gün ümumtəhsil məktəblərinin müasir tələblərə uyğun qurulmasının da bu məqsədə xidmət etdiyini vurğulamışdır. Bəli, məhz buna görə, bu gün hər bir vətəndaş əminliklə deyə bilər ki, Azərbaycan təhsil sahəsində xeyli uğurlar qazanmışdır.



Aygün Sultanova
Naxçıvan Dövlət Universitetinin Ümumi və nəzəri fizika

kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR