Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaranmış mövcud vəziyyətə görə bütün dərslər onlayn qaydada tədris olunur. Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş şeir müsabiqəsi də onlayn keçirilmişdir.
Müsabiqəni giriş sözü ilə açan Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodkabinet müdiri Sabir Məmmədov pandemiya dövründə keçirilən onlayn tədbirlərdə şagirdlərin iştirakını yüksək qiymətləndirərək onlara müsabiqədə uğurlar arzulamışdır. Naxçıvan ədəbi mühitinin nümayəndəsi, münsif Elxan Yurdoğlu ümummilli liderin həyat və yaradıcılığı barədə şagirdlərə geniş məlumat vermişdir.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Təhminə İbrahimova ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışaraq qeyd edib ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.
Müsabiqənin sonunda şagirdlər Naxçıvan Şəhər Təhsil Şöbəsinin diplomları ilə təltif olunmuşlar.