Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi müəllim və tələbələri üçün “Azərbaycan təsviri sənəti qədimlərdən bugünə” mövzusunda onlayn seminar keçirib.
Fakültənin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov seminarı giriş sözü ilə açaraq qeyd edib ki, Naxçıvanda professional rəssamlıq sənəti XX əsrin əvvəllərində yaransa da bu sənətin köklərinin Gəmiqaya rəsmlərinə (e.ə. VII-I minilliklər) qədər getdiyi qəbul edilməkdədir. Naxçıvanda professional rəssamlığın təşəkkülünün Bəhruz Kəngərlinin adı ilə bağlı olduğunu bildirən əməkdar rəssam vurğulayıb ki, realist Azərbaycan rəssamlığının banisi B.Kəngərlinin əsərlərində dövrün koloriti, öncül mövzuları əksini tapıb. Onun yaradıcılığında mənzərə və portret janrları üstünlük təşkil edir.
Professor Ziyadxan Əliyev seminarda Azərbaycanın qədim incəsənət nümunələri sayılan, əcdadlarımızın yaratdığı bəşəriyyətin ən qədim insan məskənlərindən biri olduğunu sübut edən Qobustan qayaüstü rəsmləri, Gəmiqaya petroqlifləri haqda danışıb. Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti və Azərbaycanın təsviri sənət tarixinə öz töhvələrini vermiş Bəhruz Kəngərli, Səttar Bəhlulzadə kimi görkəmli rəssamların əsərləri geniş təhlil edilib. Həmçinin, Azərbaycan memarlarının müəllifi olduğu türbələr, məscidlər və hamamlar üzərinə boyalı kaşıdan işlənmiş ornament kompozisiyaları seminarın əsas mövzularından olub.
Sonda müəllim və tələbələrin suallarına aydınlıq gətirilib.
Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri