Naxçıvan Dövlət Universiteti onlayn təlim və tədris üsullarına dair beynəlxalq əhəmiyyətli onlayn konfransda təmsil olunub. Ali təhsil ocağını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin İngilis dili və tərcümə kafedrasının müəllimi Aidə Cəlilzadə təmsil edib. Xəzər Universitetinin təşkil etdiyi konfransda Azərbaycan İngiltərə, Finlandiya, İspaniya, Macarıstan, Qazaxıstan və Özbəkistanın bir sıra universitetlərindən olan professorlar, müəllim heyəti də iştirak edib. Konfransda pandemiya ilə əlaqədar dünyanın əksər ölkələrində yaranmış təlim-tədris problemləri, onlayn təhsilə keçid, mövcud durumla bağlı hər bir ölkənin qəbul etdiyi təhsil platformaları müzakirə edilib.
Naxçıvan Dövlət Universitetinin müəllimi Aidə Cəlilzadə ali təhsil ocağında məsafədən təhsilin onlayn forması ilə yanaşı, offlayn formasının mövcudluğundan da danışıb. Bildirilib ki, KOICA şirkəti tərəfindən Naxçıvan Dövlət Universiteti üçün “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia” layihəsi çərçivəsində yaradılan “Öyrənmənin idarə olunması” sistemi (Learning Management System) vasitəsilə tələbələrə mühazirələr, videodərslər, sərbəst iş mövzuları çatdırılıb.
Tərəflər tələbələrin onlayn tədrisə cəlb olunması istiqamətində aparılan işlərdən danışıblar. İngilis dilində edilən təqdimatlar Xəzər Universitetinin rəsmi “Facebook” səhifəsindən canlı yayımlanıb. Konfrans 3 plenar iclasda öz işini davam etdirib, suallar cavablandırılıb.
Səadət ƏLİYEVA