AMEA Naxçıvan Bölməsinin institutlarında alim və ziyalılar pandemiya dövründə də müntəzəm olaraq hamiliyə götürülən tələbələrə onlayn açıq dərslər keçirlər.
Bölmənin İnformasiya şöbəsindən bildirilib ki, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş Tarix-filologiya fakültəsinin tarix ixtisası üzrə təhsil alan II kurs tələbələri üçün “Zoom” proqramı vasitəsilə növbəti açıq dərs təşkil edilib.
İnstitutun Antik və Orta Əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Naxçıvan abidələrinin öyrənilməsi və qorunması sahəsində əldə olunan nailiyyətlər” mövzusunda məruzə ilə çıxış edib. Alim Azərbaycanda, o cümlədən Naxçıvanda xeyli sayda abidələrin həm yazıyaqədərki, həm də yazının meydana çıxmasından sonrakı tariximizi öyrənmək üçün əvəzsiz mənbələr olduğunu qeyd edib. O, qədim sivilizasiya mərkəzlərindən biri olan Naxçıvanda zəngin arxeoloji abidələrin tədqiqindən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublika ərazisindəki Qazma, Kilid, Daşqala mağaraları və Daş dövrünün abidələri bu diyarın ilk insan məskənlərindən bir olduğunu sübut edir. Həmin abidələrdən tapılan fauna və flora qalıqları, müxtəlif formalı əmək alətləri və digər arxeoloji materiallar Naxçıvanda Daş dövrünün bitki və heyvanat aləmi ilə yanaşı, insanların həyat tərzi, məşğuliyyət sahələri haqqında da məlumatlar verir.
Vurğulanıb ki, Naxçıvan ərazisindəki arxeoloji abidələrdə aparılan tədqiqatlar zamanı yalnız Azərbaycanın deyil, həmçinin Cənubi Qafqazın Neolit, Eneolit, Tunc və Erkən Dəmir dövrü abidələrinin dövrləşməsi üçün mühüm elmi əhəmiyyət daşıyan nəticələr əldə olunub.
Toğrul Xəlilov Ovçulartəpəsi, Oğlanqala, I və II Kültəpə, Xələc, Ərəbyengicə, Duzdağ, Şahtaxtı, Qızılburun, Nəhəcir və digər qədim yaşayış yerlərində aparılan arxeoloji qazıntıların nəticələrini tələbələrin diqqətə çatdıraraq bildirib ki, tarixin canlı şahidi olan, onun daş yaddaşına çevrilən abidələrimizin hər birində zəngin mədəniyyət yaşayır. O, bu gün abidələrimizin əsaslı təmir və bərpa olunmasının, bir çox abidələrin tarixi qoruq sırasına daxil edilməsinin muxtar respublikada qədim tariximizə, mədəniyyətimizə göstərilən diqqət və qayğının əməli nəticəsi olduğunu söyləyib.
Alim vurğulayıb ki, muxtar respublikada abidələrin öyrənilməsi və qorunmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Rеspublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci ildə imzaladığı tarixi Sərəncam mühüm yer tutur. Həmin sərəncama əsasən muxtar respublikanın bütün bölgələrinə ekspedisiyalar təşkil olunaraq bir çox yeni abidələr qeydə alınaraq pasportlaşdırılıb, fundamental elmi əsərlər, kitab və monoqrafiyalar işıq üzü görüb.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.