Məlum olduğu kimi, dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə, o cümlədən də muxtar respublikada tədris müvəqqəti olaraq dayandırılıb. Karantin rejimi elan olunan bu müddətdə muxtar respublika ərazisində yerləşən bütün ümumtəhsil müəssisələrində müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə dezinfeksiya işləri aparılıb.
Məktəblərin müvəqqəti bağlanmasına baxmayaraq muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin sinif rəhbərləri tərəfindən dərs cədvəlinə uyğun olaraq mövzular şagirdlərə ev şəraitində çatdırılır. Həmçinin müəllimlər müxtəlif proqramlar vasitəsilə şagirdlərə gündəlik dərsləri onlayn qaydada izah edirlər. Bundan əlavə Təhsil Nazirliyinin rəsmi internet saytında da şagirdlərin ev şəraitində öz biliklərini daha da dərinləşdirmələri üçün zəruri şərait yaradılıb. Belə ki, tehsil.nmr.az saytında video dərslər, vizuallaşdırılmış dərslər, elektron dərslik bölmələri üzrə keçidlər yaradılmışdır. Bu bölmələrdə dərslər gündəlik olaraq yenilənir.
Şagirdlərin istedadlarının üzə çıxarılması ilə bağlı Təhsil Nazirliyi tərfindən vaxtaşırı müxtəlif istiqamətlərdə onlaynyaradıcılıq müsabiqələri təşkil edilir. Məktəblilərin ev şəraitində asudə vaxtlarını səmərəli keçirməsi, onları müxtəlif fəaliyyətlərlə motivasiya etmək, heykəltəraşlıq üzrə istedadlarını aşkara çıxarmaq məqsədilə nazirlik tərəfindən “Evdə qal, yaradıcılıqdan qalma!” təşəbbüsü ilə aprelin 25-i Təhsil Nazirliyinin instaqram səhifəsində məktəblilər arasında “PLASTİK OBRAZLAR” mövzusunda virtual heykəltəraşlıq müsabiqəsi elan edilib. Müsabiqə aprelin 25-dən mayın 4-dək davam etdiriləcək.
Bundan əlavə muxtar respublika üumtəhsil məktəblərinin şagirdləri arasında Təhsil Nazirliyi tərəfindən mayın 12-dək davam edəcək “Naxçıvan – mənim doğma diyarım” onlayn şeir müsabiqəsinə də start verilmişdir. Müsabiqə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin yaradiciliq.merkezi instaqram səhifəsində virtual qaydada təşkil olunur. Naxçıvan Muxtar Respublikasının inkişafını, tarixi abidələrini, təbiətini, milli-mənəvi dəyərlərini, görkəmli şəxsiyyətlərini tərənnüm edən mövzularla bağlı keçirilən müsabiqədə bütün yaş kateqoriyalarına aid şagirdlər iştirak edə bilər. Müsabiqə şərtlərinə görə şagirdlər tərəfindən yazılacaq şeirlər 3-5 bənddən çox olmamalıdır. Müsabiqədə fərqlənən şagirdlər sonda diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Ötən tədris ilindən başlayaraq verilmiş tapşırığa əsasən, məktəb dərsliklərinin nəşrqabağı təkmilləşdirilməsi ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən muxtar respublika ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin iştirakı ilə müzakirələr keçirilir. Prosesin davamı olaraq 2019-2020-ci tədris ilində müzakirələrin iki mərhələdə keçirilməsi nəzərdə tutulmuş və IX-X sinif dərsliklərinin təkmilləşdirilməsinə dair birinci mərhələ yanvar ayında yekunlaşmışdır. Müzakirəyə çıxarılmış dərsliklərlə bağlı irad və təkliflər ümumiləşdirilmiş, hazırlanmış yekun rəylər dərsliklərin təkmilləşdirdirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilmişdir.
Yenidən nəşri nəzərdə tutulan I, V və IX sinif dərliklərinin nəşrqabağı təkmilləşdirilməzinə dair müzakirələrin ikinci mərhələsi dünyada yayılmış pandemiya ilə əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən ZOOM proqramı vasitəsi ilə onlayn qaydada həyata keçirilir. Aprelin 28-dən başlayan müzakirələrdə ilk olaraq V və IX sinif “Azərbaycan dili” və “Ədəbiyyat” fənləri üzrə dərsliklərin müzakirəsi keçirilmiş, qrafikə uyğun olaraq digər dərsliklərin müzakirəsinin mayın 8-dək yekunlaşması nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi yaranmış fasilədən daha səmərəli istifadə edərək bütün təhsil sahəsinin əhatə etdiyi istiqamətlərdə onlayn qaydada öz işini davam etdirir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti