Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının “Kitablardan pıçıltılar” adlı növbəti onlayn müzakirəsi keçirilib. Universitetin rektoru, dosent Elbrus İsayevin də iştirak etdiyi müzakirədə görkəmli şair, qəzəlxan Əliağa Vahidin həyat və yaradıcılığına nəzər salınıb. Rektor belə müzakirələrin keçirilməsinin tələbələrin mütaliə vərdişində əhəmiyyətli rol oynadığını qeyd edib. Vurğulanıb ki, hər bir müəllim və tələbə vaxtından maksimum istifadə etməli və mütaliəni gündəlik peşə fəaliyyətinə çevirməlidir. Rektor günün 24 saatını onlayn şəkildə oxuculara xidmət göstərən kitabxananın fəaliyyətini yüksək qiymətləndirərək hər kəsi müzakirələrdə fəal olmağa səsləyib.
Elmi Kitabxananın direktoru Fariz Əhmədov Azərbaycanın görkəmli şair və qəzəlxanın həyat və yaradıcılığı haqqında danışıb. Bildirib ki, Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Şairin poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilən qəzəlləri xanəndələrin repertuarında mühüm yer tutur. Vurğulanıb ki, şairin “Döyüş qəzəlləri”, “Qəzəllər” kitablarında vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edilir. “Vahid” təxəllüsü ilə məşhurlaşan qəzəlxanın yaradıcılığı yüksək qiymətləndirilib və şairin tərcüməçilik fəaliyyəti də önə çəkilib.
Şairin həyat və yaradıcılığı haqqında öz fikir və düşüncələrini bölüşən tələbələr qeyd ediblər ki, onun ilk kitabı “Tamahın nəticəsi” adlanır. Vurğulanıb ki, şairin oğlu Ramizin atası ilə bağlı xatirələrindən aydın olur ki, Əliağa Vahid dövrünün tanınmış şair və aktyorları ilə dostluq edib.
Tədbirdə, eyni zamanda, ustad şairə həsr olunmuş “Qəzəlxan” filmi də müzakirə olunub. Qeyd edilib ki, filmdə vahid bir süjet xəttinin olmamasına baxmayaraq şairin həyatı xronoloji ardıcıllıqla izlənilir. Filmdə Vahidin çətin keçən həyat yolunun ayrı-ayrı məqamları lentə alınmaqla onun ümumiləşdirilmiş bədii obrazı yaradılıb. Tələbələr film haqqında təəssüratlarını bildirib, müzakirələr ediblər.
Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri