Son zamanlar bəşəriyyətin qarşılaşdığı yeni virus pandemiyasının sürətlə yayılmasının statistik təhlili göstərir ki, xəstəlik daha çox immun sistemi zəif olan insanlarda kəskin fəsadlarla müşayət olunur. Yəni, orqanizm azaçıq müqavimət göstərə bilərsə, bir çox xəstəliklər kimi virus infeksiyaları ilə yoluxmanın da qarşısını almaq iqtidarındadır. Ona görə də orqanizmin immun sistemi, onun formalaşma xüsusiyyətləri, eləcə də immunitetin möhkəmləndirilmə üsulları haqqında məlumatların əldə edilməsi günümüzün daha çox düşündurülən məsələlərindəndir.
İmmunitet - müxtəlif virus və bakteriya mənşəli xəstəliklərə qarşı orqanizmin formalaşdırdığı təbii müdafiə mexanizmidir ki, bunun sayəsində orqanizmimiz hər gün rastlaşdığı infeksiyalara qarşı müvəffəqiyyətlə mübarizə aparır, mükəmməl qorunma sistemi yarada bilir.
İnsan orqanizmi canlı aləmin ən mükəmməl qoruyucu sisteminə, yəni immun sisteminə malikdir. Bu sistem hüceyrə, toxuma, orqanların qarşılıqlı əlaqəsi ilə fəaliyyət göstərir, orqanizmin çoxsaylı fərdi komponentlərinin iştirakı ilə müdafiə reaksiyalarını formalaşdırır.
Hər gün immun sistemimiz yüzlərlə patogen mikroorqanizmlərin hücumlarını dəf edir və orqanizmimizə daxil olan və ya onun səthində (dərı örtüyündə) məskunlaşan yüzlərlə şərti patogen bakteriyaları nəzarət altında saxlayır. Bu mükəmməl sistem bütün ömrümüz boyu, bizi əhatə edən ətraf mühitdə orqanizmimiz üçün “qoruyucu mələk” funkisyasını yerinə yetirərək potensial “düşmənləri” izləyir, onlarla fəal mübarizə apararaq, bizə zərər verə bilənə qədər, yəni bizi yoluxdurana qədər onları qabaqlayır və məhv edir.
Deməli, hər bir orqanizm praktiki olaraq ideal və çox mükəmməl müdafiə sisteminə malikdir. Bu sistem o qədər səmərəli fəaliyyət göstərir ki, onu necə deyərlər "aldatmaq" çox çətindir. Onda belə bir sual ortaya çıxır: Nəyə görə immun sistem zəifləyir, hansı səbəblər onun fəaliyyətinin, qoruyuculuq funksiyasının azalmasına gətirib çıxarır?
İlk növbədə, uzun müddətli ağır stresslər (məsələn, ölümcül xəstəlik təhlükəsi, müharibələrin yaratdığı fəlakətlər), natamam qidalanma (tam koloroli qida çatışmazlığı), müəyyən mikroelementlərin və vitaminlərin uzun müddətli çatışmazlığı (avitaminoz) kimi dəyişikliklər immun sistemin zəifləməsinin başlıca səbəbləridir. Bu şərtlər uzun müddət, yəni aylar və illərlə davam edərsə, onda həqiqətən orqanizmin immun sisteminin qoruyucu mexanizmlərinin effektiliyi kəskin azalır.
Bunlardan əlavə immun sistemin zəifləməsinə bəzi xroniki xəstəliklər: şəkərli diabet, qan sisteminin xəstəlikləri (leykoz, talassemiya, hemofiliya), anadangəlmə immun çatışmazlığı (AİÇS) və qazanılmış immun çatışmazlığı (QİÇS) sindromları, həmçinin immun sistemini dağıdan prosedurlar (kimyaterapiya, immunosupressiv terapiya) səbəb olur.
Orqanizmin qocalması da immun sistemi zəiflədən amillərə aiddir. Yaşlılarda bütün sistemlərin, o cümlədən immun sisteminin fəaliyyəti azalır. Məsələn, orqanizmə daxil olmuş hər hansı infeksiya törədicilərinə qarşı cavab olaraq sintez edilən T-limfositlərin sayı yaşlanma ilə əlaqədar olaraq əhəmiyyətli dərəcədə azalır ki, nəticədə xəstəliklərə qarşı müqavimət zəifləyir.
Qeyd etmək lazımdır ki, "sıradan" infeksiyalar - soyuqdəymə, qrip və s. immun sistemin necə deyərlər “alışdığı” xəstəliklərdəndir. Hər il milyonlarla insanın ağrılı şərtlərlə, əziyyət çəkərək yaşadığı bu respirator infeksiyalar da əslində immun sisteminin göstərdiyi reaksiyanın bir hissəsidir.
Əgər immun sistemimiz müxtəlif xəstəliklərin, stress, qeyri-sağlam həyat tərzinin nəticəsində zəifləyərsə, eləcə də zəruri biofaktorların (qidalanma, vitaminlər, günəş süası, təmiz hava və s.) orqanizmimizə daxil olmasında problemlər yaranırsa, infeksiya törədicilərinin təsirinə tez məruz qalırıq ki, nəticədə qoruyucu sistemimiz bu xəstəlik törədicilərinə qarşı mübarizə aparmaq iqtidarında olmur. Çünki, mükəmməl immun sisteminə malik orqanizm müxtəlif qoruyucu reaksiyaları ilə hətta, yoluxduğu xəstəlik törədicilərinin xaric olunmasında müvəffəqiyyətlə mübarizə apara bilir. Məsələn, soyuqdəymələr zamanı öskürək, bədən temperaturunun yüksəlməsi qoruyucu müdafiə reaksiyaları olub, virus və bakteriyaların orqanizmdən xaric olunmasına (bəlğəm gətirmə, tər ifrazı ilə) şərait yaradır.
Məlumdur ki, insan yaşadığı təbii mühitin ayrılmaz bir hissəsidir, onun bütün fəaliyyəti yaşadığı mühitlə harmonik əlaqədən asılıdır. Ona görə də insanın immun vəziyyəti daha çox onu əhatə edən ətraf mühitin, iqlim faktorlarından birbaşa asılıdır. Bir çox mövsümi xəstəliklər kimi soyuq qış aylarında insanlar respirator infeksiyalara yoluxmağa daha çox meyilli olurlar. Bu, bir tərəfədən ona görə baş veririr ki, qış aylarında insanlar isidilən, nəmliyi aşağı olan qapalı məkanlarda daha çox olurlar ki, belə vəziyyət, yəni, sıx təmas, hava-damçı yolu ilə yayılan infeksiyaların ötürülməsi üçün ideal şərait hesab edilir. Digər tərəfdən qış aylarında immun sistemimizin zəifləməsinin başlıca səbəbi vitamin deposu hesab edilən təzə meyvə-tərəvəz məhsullarının nisbətən az miqdarda qəbulu nəticəsində orqanizmə vitaminlərin təbii girişinin azalmasıdır. Nəticədə, orqanizmin qışda soyuğun təsirinə daha çox məruz qalması nəticəsində respirator infeksiyalar sütətlə yayılır.
Qış aylarında açıq havada az vaxt sərf edildiyindən günəş süalarının çatışmazlığı nəticəsində immun sisteminin möhkəmləndirilməsinin başlıca komponentlərindən olan D3 vitaminin sintezini çətinləşir. Çünki, D qrupu vitaminlər orqanizmdəki hüceyrələrin, T-limfositlərin fəaliyətini gücləndirir, effektiv immun hüceyrələrini fəallaşdırır ki, onlar patogen mikroorqanizmlərin məhv edilməsi istiqamətində başlıca qüvvəyə çevrilirlər. Gündəlik qidamlzda D qrupu vitaminlər kifayət qədər olarsa, immun sisteminin əsas elementləri sürətlə formalaşır. Bu vitaminlər balıq, yumurta, süd məhsullarında daha çox üstünlük təşkil edir.
Orqanizmin möhkəmləndirilməsində, immunitetin yüksəldilməsində, eləcə də bakteriosit təsir xüsusiyyətlərinə görə qədim dövrlərdən bal və sarımsaqdan geniş istifadə edilir. Bu əvəzsiz məhsulların gündəlik qəbulu orqanizmimizin bir çox xəstəliklərə qarşı dayanıqlığını təmin edir.
Təbii ki, immunitet haqqında danışarkən, ilk növbədə, orqanizmin xarici patogen təsirlərə qarşı səmərəli mübarizə aparmaq qabiliyyəti nəzərdə tutulur. Yəni, sağlam orqanizmin mükəmməl immun sistemi olur və daha güclü müqavimət sistemi formalaşdıra bilir.
İnfeksion xəstəliklərin profilaktikasında vaksinasiyadan (peyvənd) geniş istifadə edilir. Ancaq, peyvənd immun sistemin gücləndirilməsi vasitəsi deyil. Sadəcə, orqanizmə daxil ola biləcək mümkün təhlükələrə qarşı vaxtında və düzgün reaksiya verməyə yönəldilmiş bir vasitədir. Antigen kimi orqanizmə daxil olan vaksin xəstəlik törədə bilmir, lakin orqanizmin bütün immun sistemini xəstəliyə qarşı yönəldə bilir ki, xarakterik xəstəlik baş verən zaman törədicini tanımaqla antitellər əmələ gətirir, yəni adaptiv immuniteti formalaşdırmış olur. Ona görə də hətta, yaşlı insanlarda orqanizmin müdafiə sisteminin zəifləməsinə baxmayraq, bu və ya digər xəstəliyə qarşı peyvənd edildikdə onların immun sisteminin müdafiə qabiliyyəti xəstəlikdən qorunma şansını nəzərəçarpacaq dərəcədə yüksəltmiş olur.
Məlumdur ki, immunitet sistemi yalnız normal, sağlam orqanizmdə mükəmməl fəaliyyət göstərir. Ona görə də tam kolorili qidalanma, normal çəki, sağlam yuxu orqanizmin bütün sistemləri kimi immun sistemin də düzgün fəaliyyəti üçün başlıca şərtlərdir. Əksinə, pis vərdişlər-siqaret çəkmək, alkoqoldan istifadə orqanizmin immun sisteminin zəiflələməsinə, müxtəlif xəstəliklərin törənməsinə səbəb olur.
Qeyd etdiyimiz kimi orqanizmin immun sistemi bir neçə müdafiə səviyyəsinə malikdir. Bunlardan ən mükəmməli selikli qişalarda membran səviyyəsində yaranan müdafiə reaksiyalarıdır. Siqaret tüstüsü tənəffüs yollarının selikli qisalarının membranını zədələyir, nəticədə hüceyrə tamlığının qoruyucu funksiyası pozulur, müxtəlif infeksiyalar üçün qapılar açılır. Spirtli içkilərin qəbulu da orqanizmdə immunitetə ciddi zərər vurur. Alkoqol T-limfositlərin əmələ gəlmə prosesini ləngidir, leykositlərin fəaliyyətinə mənfi təsir göstərir, nəticədə patogen bakteriyalara qarşı mübarizə reaksiyaları kəskin zəifləyir.
Ümumiyyətlə, saglam həyat tərzi orqanizmin bütün fuksional sistemləri kimi immun sistemin də normal fəaliyyəti üçün əsas şərtdir. Müntəzəm fiziki fəaliyyət, idmanla məşğul olmaq ürək və qan damarlarının sağlamlığını qoruyur, bədən çəkisinə və qan təzyiqinə nəzarət etməyə imkan verir. Sağlam, fiziki cəhətdən inkişaf etmiş hər bir insanın immun sistemi istənilən patoloji təhlükələrə qarşı tez və səmərəli cavab verir. Fiziki hərəkətlər həmçinin, immun sistemlə əlaqəli olan bir çox xroniki xəstəliklərin, məsələn, şəkərli diabetin fəsadlarını azaltmağa imkan verir. Demək, gündəlik həyatda orqanizmin imkanları həddində fiziki hərəkətlər, sağlam qidalanma, stresslərdən uzaq olmaq bütün həyati funksiyaların mükəmməl çalışmasını təmin edir. Bu baxımdan, “Hər kəsin sağlamlığı öz əlindədir” fikri çox doğru aforizmidir. Hər zaman sağlam yasayın.
Etibar Məmmədov
biologiya üzrə elmlər doktoru
Naxçıvan Dövlət Universitetinin
Magistratura mərkəzinin direktoru