Azərbaycan ədəbi dilinin inkişaf və zənginləşməsində ayrı-ayrı sənətkarların böyük rolu vardır. Onlar həm dilimizin saflaşmasında, həm də leksik-qrammatik və semantik baxımdan yeni-yeni uğurlar əldə etməsində özlərinəxas xidmət göstərmişlər.
Müxtəlif tarixi zamanlarda yaşayıb yaradan ədəbi similar öz bədii əsərləri ilə dil yaradıcılığında, ədəbi-bədii dilimizin inkişaf və zənginləşməsində, ədəbi dilimizin funksional üslublarının formalaşmasında iştirak etdikləri kimi, elmi və publisistik əsərlərində, bəzən hətta bədii əsərlərində dil haqqında dəyərli fikir və mülahizələri ilə də yadda qalmışlar. Həmin sənətkarların ədəbi-bədi iirsi hər iki cəhətdən öz mahiyyətini saxlayır və çağdaş oxucunu maraqlandırır. Azərbaycan ədəbi dili, ümumiyyətlə, ədəbi dil müxtəlif üslubların toplusundan ibarət olsa da, o, öz başlanğıcını bədii dildən almış və uzun zamanlardan bəri bədii üsluba əsaslanmışdır. Bu da məlumdur ki, söz ustalarının çoxu yalnız bədii üslubla kifayətlənməmiş, bu üslubdan başqa, digər üslublara da müraciət edənlər olmuşdur. Bu mənada, Nəriman Nərimanovun fəaliyyəti xüsusilə diqqəti çəkir. Ana dilini məxsus olduğu xalqın nümayəndələrinə və başqalarına öyrətmək məqsədilə dərsliklər yazan ədib bu dilə xor baxan, xalqın ədəbi dilini yad ünsürlərlə doldurmağa çalışanlara qarşı mübarizəyə qalxmış, Azərbaycan dilinin dövlət dili olması haqqında fərman imzalamışdır. Bu, Nəriman Nərimanovun ana dilinə münasibətini təyin edən göstəricilərdən biridir. Yazıçının yaradıcılığı bir çox sahələrdə olduğu kimi, dilçilik araşdırmaları üçün də çox dəyərli və zəngin bir qaynaqdır. O, çoxcəhətli fəaliyyəti ilə ana dilinin saflığı, inkişafı, leksik-qrammatik, semantik və üslub cəhətdən zənginləşməsi uğrunda aparılan mübarizələrin ön cərgəsində dayananlardandır.
Nəriman Nərimanovun ana dili məsələləri ilə bağlı bir sıra qiymətli fikirləri vardır ki, onlardan çağdaş dövrümüzdə də faydalanmaq olar. Bu fikirlərdən bəziləri onun “Müqəddimə” adlı məqaləsində əks olunubdur. Əslində, bu məqalə Nəriman Nərimanovun 1899-cu ildə Bakıda nəşr edilən “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” kitabına yazılmış girişdir. Müəllifi bu əsəri yazmağa vadar edən məsələlərdən biri budur: “Bu axır zamanda mərifətli əhli-qələm qardaşlarımız tövrbətövr kitablar yazmağa məşğuldurlar, ancaq bu vaxtadək türk-Azərbaycan dilində bir qayda olmamağına görə hər kəs nə tövr istəyir, yazır. Qaydasız yazılan inşalar nə dilə, və nə millətə nəf gətirməz”. Nəriman Nərimanov burada vahid orfoqrafiya qaydalarının olmaması nəticəsində dildə baş verən nöqsanlı cəhətlərdən danışır. Əsərdən məlum olur ki, eyni bir sözü hərə bir cür yazır və nəticədə onu oxumaq çətin olur ki, bu da dilin inkişafına mane olan səbəblərdəndir.
Nəriman Nərimanov “Müqəddimə” adlı məqaləsində Azərbaycan dilinin asanlaşdırılması üçün mübarizə məsələsini ön plana çəkir və bunu mədəni bir hadisə kimi dəyərləndirir. “Bu zəmanədə mədəniyyətli millətlər çalışırlar ki, dillərini və yazılarını asana çıxartsınlar, çünki bir lisanın yazısı nə qədər asan olsa, o lisan o qədər tez yayılıb o dildə yazılan inşalar daha tez intişar tapar”. Nəriman Nərimanov yaşadığı dövrdə -- dilimizin qarışıq zamanında dilimizi ərəb və fars dillərinin təsirindən xilas etmək üçün ciddi şəkildə fəaliyyət göstərir, milli dilin qələbəsi üçün əlindən gələni edirdi. O, bu mövzudakı düşüncələrin bir hissəsini “Müqəddimə” adlı məqaləsində verərək qarşıya qoyduğu suallara ziyalılardan cavab istəyir. Çünki bu işdə ziyalıların fikir birliyi olmasa, müsbət nəticələrə gəlmək mümkün deyildir.
Nəriman Nərimanovun “Mühüm bir məsələ” adlı məqaləsində də dil məsələləri ilə fikirləri əsas yer tutur. Doğrudur bu məqalənin əsas mövzusu Qori Müəllimlər Seminariyasının harada yerləşdirilməsi haqqındadır. Lakin burada Nəriman Nərimanovun dilçilik görüşləri də özünəməxsus mövqeyə malikdir. Həmin əsərdə dövlətin ana dilinə münasibəti də açıqlanmışdır və məktəbləri bağlanmasının əsas səbəblərindən biri kimi vurğulanır və bunun mənfi nəticələrindən bəhs edilir: “İyirmi il bundan müqəddəm dövlət qonşularımızın, milli camaatımızın ianəsinə açılan məktəbləri qapadı, çünki həmin məktəblərdə ana dili təlim edirdilər. Dövlət isə rus lisanından başqa, ona tabe olan millətlərin lisanlarını bilmərrə aradan götürmək istəyirdi”... Bu proses o zaman çar Rusiyasının bir çox müstəmləkəsində baş vermişdi. Nəriman Nərimanov bir sıra məsələləri nümunə gətirməklə, ziyalıların dövlətin həmin mövzudakı siyasətinə münasibətini bildirir və insanların şüuruna təsir etmək istəyirdi. Çünki bir sıra müstəmləkələrdə dillərində təlim verən məktəblərin bağlanmasını camaat qəbul etməmiş və müəllimlər məktəblərdə deyil, evlərdə dərs verməyə başlamışdılar. Belə olduqda, nəinki müəllimlərin əli işdən soyumuş, hətta onların məsuliyyət və sayı çoxalmışdır. Bu isə dövləti başqa bir addım atmağa vadar etmişdi: “Dövlət səhvini düşündü, gördü zor ilə milləti dilindən ayırmaq mümkün deyil. Qapanmış məktəblərin açılmağına izn verdi. Məktəblərin, müəllimlərin sayı daha ziyadələşdi”.
Nəriman Nərimanov uşaqlarının rus dilində təhsil almasını vacib hesab edənlərin özlərini “qanacaqlı” bilmələrinə gülürdü. Həmin adamlar öz ana dilinə həqarətlə baxırdılar. “Nəriman Nərimanovun əməkçi kütlələri maarifləndirmək əzmi, insanlara xidmət etmək kimi nəcib bir arzusu, hadisələri dərindən başa düşməsi, istedad və bacarığı onu Azərbaycan demokratik və ictimai-siyasi fikir nümayəndələrinin ön cərgəsinə çıxartdı”.
Nəriman Nərimanov elə bir tarixi dövrdə yaşamışdır ki, o zaman Azərbaycan ədəbi dilində əlifba məsələsi ön planda idi. Sözsüz ki, böyük ədib də bu məsələyə biganə qalmamışdır, hətta o, əlifba məsələsi ilə bağlı ciddi şəkildə fəaliyyət göstərmişdir. Ümumiyyətlə, əlifba sahəsində Nəriman Nərimanovun böyük xidməti olmuşdur. Əlifba məsələsində o, M.F.Axundovun mövqeyində dayanırdı. Lakin Nəriman Nərimanovun əsas tarixi xidməti bundan ibarət idi ki, o, Azərbaycan tarixində ilk dəfə olaraq, Əlifba Komitəsi təşkil etmişdir. Komitə yarandıqdan sonra ayrı-ayrı regionlarda onun şöbələri yaradılmış və təbliğat məqsədi ilə bir sıra işlər görülmüşdür. 1922-ci ilin əvvəlində Nəriman Nərimanovun təşkilatçılığı ilə keçirilən yığıncaqda, əslində, iki komissiya təşkil olunmuşdur. Onlardan biri ərəb əlifbasından latın əlifbasına keçmək üçün material hazırlamalı, digəri isə ərəb əlifbasını islah etməlıi idi. Lakin ikinci komissiyanın fəaliyyəti tezliklə dayandırıldı, birinci komissiya isə Yeni Türk Əlifbası Komitəsi kimi fəaliyyətə başlamışdı.
Hələ Yeni Türk Əlifbası Komitəsi yaranmamışdan əvvəl – 1921-ci il dekabrın 30-da Azərbaycan ziyalılarının qarşısında çıxış edən Nəriman Nərimanov əlfba məsələsi haqqında qəti düşünməyin zəruriliyini əsaslandırırdı.
Yeni əlifbanın yaradılması və yayılmasında Nəriman Nərimanov təkid və zəhmətlə çalışmışdır. O, bu əlıifbanı nəinki Azərbaycanda, hətta bütün ümumrusiya türkləri arasında yaymaqdan ötrü bir sıra təşkilati işlər görmüşdür. Əlifba ilə bağlı Nəriman Nərimanovun fikri belə idi: “Bilik və elm üçün asan əlifba lazımdır”. Ədib ziyalılara dərk etdirmək istəyirdi ki, mədəni inkişaf üçün əlifbanın böyük rolu vardır.
Nəriman Nərimanovun əlifba təşəbbüsləri ilə bağlı fəaliyyətini ilk dəfə olaraq Səməd ağa Ağamalıoğlu 1922-ci ildə “İzvestiya” qəzetində çap etdirdiyi məqaləsində yüksək qiymətləndirmişdir. “Yeni yol” qəzeti 5 may 1924-cü ilin 10-cu nömrəsində Nəriman Nərimanovun “Yeni türk əlifbası xüsusunda tezislər”ini dərc etmişdir. 1925-ci ildə həmin qəzetin 165-ci nömrəsində ədibin əlifba uğrundakı mübarizə və fəaliyyəti xüsusi olaraq qiymətləndirilmişdir. Həmin nömrədə M.F.Axundzadə və Nəriman Nərimanovun - əlifba uğrunda Azərbaycan mübarizlərinin şəkilləri də verilmişdir. Ümumiyyətlə, Nəriman Nərimanov görkəmli bir yazıçı, tanınmış dövlət xadimi, şöhrətli teatrşünas, iti qələmli jurnalist, əvəzsiz həkim, pedaqoq və psixoloq, dilçi kimi nəinki Azərbaycan, hətta bütün Rusiya ərazisində tanınmışdır.
Nəriman Nərimanov “Həftə fəryadı” məqaləsində də dil məsələlərinə münasibət bildirmişdir. Bu əsər janrına görə felyetondur və “Həyat” qəzetinin 7 iyul 1906-cı il tarixli 148-ci nömrəsində “Nər” imzası ilə dərc edilmişdir. Felyetonda “söz düzüb” mənadan kənar olanlar tənqid edilirlər. Əsərə epiqraf da verilmişdir: “Yaman ad qazanıb “ölənlər” adsız ölənlərdən nəflidirlər!”.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Bizdən ötrü Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məmmədəmin Rəsulzadə də böyük şəxsiyyətlərdir, Nəriman Nərimanov da... Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir”. Nəriman Nərimanovun dilçilik görüşləri, dil uğrunda mübarizələri, dil sahəsindəki fəaliyyəti təsdiq edir ki, o həm də dilçi alimdir. Əslində, Azərbaycan tarixində nasir, dramaturq, publisist, müəllim, ictimai-siyasi xadim kimi tanınan Nəriman Nərimanovun dilçilik elmi sahəsində o qədər ardıcıl, ciddi və fədakar mübarizəsi olmuş və o, bu sahədə o qədər qiymətli əsərlər yazmış və o dərəcədə dəyərli fikir və mülahizələr irəli sürmüşdür ki, onun həqiqi bir dilçi alim kimi səciyyələndirilməsinə imkan verən çox sayda faktik materiallar vardır.
XIX yüzilliyin sonu və XX yüzilliyin əvvəlində -- mürəkkəb və qarışıq bir dövrdə Azərbaycanda mətbuat orqanlarının və məktəblərin say baxımından çoxalması ədəbi dilimizə güclü şəkildə təsir edir və bu hadisə ilə bağlı olaraq dilə daxil olan müxtəlif leksik vahidlərin, nitq faktlarının sayı artırdı. Belə bir dövrdə Nəriman Nərimanov lazımsız söz və ifadələrin dilə keçməsi prosesinə qarşı öz etirazını bildirir, bunun qarşısını almaq üçün yollar axtarır və bu sahədə gərgin əməli fəaliyyət göstərirdi.
Nəriman Nərimanovun dil məsələləri ilə bağlı mövzularda qələmə aldığı əsərlər və mövzular müxtəlifdir. Bəzən onun hər hansı bir əsərində ayrı-ayrı məsələlər qoyulsa da, dilə münasibət də bildirilir. Yəni həmin əsərləri ümumi bir məqsəd birləşdirir: Ana dili.
Nəriman Nərimanov Bakı gimnaziyasında Azəbaycan dili müəllimi işlədiyi zaman dərsliklər yazmağa başlamışdı. Azərbaycan dili, onun tədrisi yazıçını düşündürən mühüm məsələlərdən olmuş, o, bu məsələni milli məsələnin tərkib hissəsi kimi həll etmək üçün əlindən gələni etmişdir. O bilirdi, ki, ana dilinin tədrisində əsas vasitə dərslikdir. Nəriman Nərimanov ana dili ilə bağlı üç dərslik yazmışdır:
“Türk – Azərbaycan dilinin müxtəsər sərf-nəhvi”.
Самоучитель татарского языка для русских – Müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça
Самоучитель русского языка – Müsəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça
Sözügedən dərsliklərin hər üçü eyni tarixdə -- 1899-cu ildə Bakıda çap olunmuşdur.
Nəriman Nərimanovun dərslikləri məqsədinə, dil materiallarından istifadə məsələlərinə, tərtib prinsipi və quruluşuna görə bir-birindən fərqlənən, biri digərinin təkrar etməyən orijinal dərsliklər idi. Onlar dövrü üçün yeni tipli dərsliklər olub, metodiki ardıcıllığına, nəzəri və faktik materialların vəhdətinə görə, yığcamlığı ilə dövrün dərsliklərindən fərqlənirdi.
Nəriman Nərimanovun Azəbaycan dilinin qrammatikasına həsr edilmiş “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” adlı dərsliyi başqa bir cəhətdən də maraqlıdır: müəllif burada ensiklopedik və tərcümə xarakterli yazılar da vermişdir ki, bu, rus dilində təhsil alan şagirdlərin dilimizin qrammatikasında asan yolla və tez bir zamanda faydalanmalarına kömək məqsədi daşıyırdı. Bundan başqa, Nəriman Nərimanovun layiqli və diqqəti çəkən işlərindən biri də budur ki, o, ərəb dilində olan terminlər üzərində iki istiqamətdə iş apamışdır:
Dilimizdə ərəb dilində işlənən terminləri sadələşdirmişdir.
Mümkün olduqca, ərəb dilindəki terminləri işlətməməyə çalışmışdır.
Nəriman Nərimanovun “Türk- Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” adlı ilk dərsliyi girişlə başlayır. Dərsliyin girişi dörd səhifədən ibarətdir. Bu dərslik rus və Azərbaycan məktəblərində Azərbaycan dilində oxuyan şagirdlər üçün nəzərdə tutulmuşdur. Müəllif kitabı nə üçün tərtib etməsi, bunun üçün hansı məqsəd daşıdığını aşağıdakı kimi göstərmişdir: “Biz isə özümüzü türk-Azərbaycan tayfasından hesab edib ana dilimuizə cüzi bir nəf gətirməkdən ötrü bu kitabçanı düzəltdik. Sərf və nəhv elmi çox çətin elmlərdən biridir və bu elmlə məşğul olan gərəkdir bir dilin barəsində yazanda o dili yaxşı bilmiş olsun; hərçənd biz türk dilini yaxşı bilmirik və hünərlər göstərməmişik, bununla belə qeyrətli, mərifətli əhli-qələm qardaşlarımızın köməkliyinə ümid bağlayıb özümüzə bu cürəti götürdük. Ümid edirik ki, qeyrətli qardaşlarımız ümumi xeyirdən ötrü nəzərlərinə gələn səhvlərimizi göstərələr, ta ikiminci çapda o səhvlər olmaya”.
Nəriman Nərimanovun dilçilik fəaliyyəti yalnız bir istiqamətə yönəlməyib. O, nitq mədəniyyəti, tərcüməçilik və əlifba məsələlərinə də dərindən nüfuz edən fikir adamı kimi tanınır.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 2020-ci il. 14 fevral tarixdə məşhur yazıçı, dramaturq, publisist, tərcüməçi, həkim, dövlət xadimi və maarifçi kimi Azərbaycan ədəbiyyatının və Azərbaycan məktəb fikir tarixinin qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynayan Nəriman Nərimanovun anadan olmasının 150 illiyi ilə bağlı Sərəncam imzalamışdır. Bu Sərəncamın icrası istiqamətində görüləcək çoxsaylı tədbirlər görkəmli yazıçı və ictimai-siyasi xsdimin Azərbaycan ədəbi dili tarixində dilçiliyin müxtəlif sahələrindəki fəaliyyəti onu yüksək nitq mədəniyyətinin daşıyıcısı və tərəfdarı, qrammatikamızın bilicisi və təbliğatçısı, ana dilimizi qorumağa, yüksəltməyə, ondan düzgün istifadə etməyə çağıran və bütün bunların əhəmiyyətini anladan əsərlər müəllifi kimi daha dərindən tanıdacaq və onun adının Azərbaycan tarixinin şərəfli səhifələrində yazılma haqqını bir daha təsdiqləyəcək.
Qənirə ƏSGƏROVA
Naxçıvan Dövlət Universitetinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent