AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasında cari il üçün təsdiq edilmiş plana uyğun olaraq tədqiqat işləri uğurla davam etdirilir.
Laboratoriya rəhbəri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev bizimlə müsahibəsində burada görülən işlərlə bağlı ətraflı məlumat verdi. Alim bildirdi ki, dünyada baş verən iqlim dəyişkənlikləri stres amillərinin artmasına və bir çox qiymətli bitki növlərinin məhv olmasına səbəb olur. O, biomüxtəlifliyin qorunması, toplanması, bərpası, öyrənilməsi, o cümlədən yaranan stress amillərə qarşı davamlı genotiplərin aşkarlanması günün aktual məsələlərindən biri olduğunu vurğuladı.
“Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir”, -- deyən Pərviz Fətullayev qeyd etdi ki, muxtar respublikanın torpaq-iqlim şəraiti kənd təsərrüfatı bitkilərinin, o cümlədən payızlıq taxılların (yumşaq və bərk buğda, arpa və sair), yem bitkilərinin (yonca, soya və sair) becərilməsi və onlardan yüksək məhsul alınması üçün əlverişli şəraitə malikdir.
Muxtar respublika şəraitində yüksək məhsuldar və keyfiyyətli buğda dəninin istehsalı ərzaq təhlükəsizliyinin təminatında əsas yerlərdən birini tutur. Naxçıvanın torpaq-iqlim xüsusiyyətlərinə uyğun, ekoloji plastikliyi, keyfiyyət göstəriciləri ilə fərqlənən, kompleks təsərrüfat əlamətlərə malik yeni taxıl sortlarının yaradılması və fermer təsərrüfatlarında tətbiqi günün zəruri problemlərindəndir. Alim rəhbərlik etdiyi Dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasında bu sahədə mövcud olan müasir metodik göstəricilər əsasında tarla şəraitində buğda hibridlərinin öyrənildiyini diqqətə çatdırdı. Bildirdi ki, aqrotexniki tədbirlər muxtar respublika üçün ümumi qəbul edilən qaydada aparılır.
Pərviz Fətullayev vurğuladı ki, 2019-2020-ci illərdə tədqiqat materialı olaraq bərk buğdanın 54, yumşaq buğdanın 41 hibridi və 49 bərk və yumşaq buğda sortları kolleksiya pitomnikində, əlavə olaraq bir bərk, bir yumşaq buğda hibridi və bir ikicərgəli, pivəlik istiqamətli arpa seçilərək artırma pitomnikində muxtar respublika şəraitində öyrənilməsi üçün tədqiqata cəlb edilib. Tədqiq edilən buğda sort və hibridlərinin toxumları institutun təcrübə sahəsində suvarma şəraitində səpilib və hazırda bütün nümunələrə vegetasiya suları verilməkdədir.
Alim laboratoriyda, həmçinin heyvandarlığın, quşçuluğun və arıçılığın inkişafında əsas yem bazasının əhəmiyyətli bir hissəsini təşkil edən, torpağın münbitlik səviyyəsini daha da yaxşılaşdıran yonca bitkisinin də öyrənildiyini bildirdi: “Müxtəlif mənşəli 8 yonca bitkisi sortlarının muxtar respublika şəraitində xəstəlik və ziyanvericilərə qarşı davamlığı, gübrələrin, su normasının və biçin sayının məhsuldarlığa təsiri öyrənilib, bu sortların keyfiyyət analizləri, qiymətləndirilməsi və müqayisəsi aparılıb”.
O, laboratoriya əməkdaşları tərəfindən bu günlərdə 15 soya bitkisinin -- “Sinara”, “Apisa”, “Opus”, “Krasnodar-68”, “Alexa”, “Kyota”, “Kofu”, “Antonia”, “Regale I-II”, “Bravo I-II”, “Kanata”, “Angelica” və “Asuka” adlı sortlarının ümumi qəbul edilən metodikalara uyğun əkininin aparıldığını bildirdi. Qeyd etdi ki, tərkibindəki zülalın miqdarına və digər qiymətli bioloji aktiv maddələrə görə dənli paxlalı bitkilər arasında əsas yerlərdən birini tutan soya zülalının tərkibinə bütün amin turşuları daxildir.
Laboratoriya rəhbəri məlumat verdi ki, bitki yağı istehsalına görə dünyada birinci yeri tutan soya dəninin tərkibində zülallarla yanaşı 18-24% yağ, külli miqdarda A, B, D, E vitaminlər də vardır ki, bunlar da insan orqanizminin normal inkişafını təmin edir, bəzi xəstəliklərin qarşısını alır.
Türkanə Bəylərli
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsinin əməkdaşı