22 Dekabr 2024, Bazar

Cəmiyyətin gələcək tərəqqisi, bir çox cəhətdən bu gün, gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti




Müəllimlik peşəsi hər zaman hörmətli olmuş və ulu öndər Heydər Əliyev də onların əməyini yüksək qiymətləndirərək müəllimlik peşəsinin bu gün də, gələcəkdə də hər zaman şərəfli peşə olacağını qürurla demişdir. Naxçıvanda isə bu siyasət Ali Məclisin sədri cənab Vasif Talıbov tərəfindən layiqincə davam etdirilir, belə ki, əməyində fərqlənən insanları təltif və ordenlərlə mükafatlandıraraq, müəllimlərə hər zaman diqqət və qayğı göstərir.

Dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da təhsil ocaqlarının işinə fasilə verilməkdə məqsəd dünyada yayılmış pandemiya ilə mübarizədə xüsusi karantin rejiminin qaydalarına əməl etmək, özünütəcrid vasitəsilə bu imtahandan uğurla çıxmaqdır. Onlayn dərslərdə həm müəllimlər, həm də tələbələr psixoloji və bəzən də texniki mürəkkəbliklərlə qarşılaşsa da, bu bir fürsət olaraq dəyərləndirilmədir, çünki görünən odur ki, bu təhsil forması da bundan sonrakı həyatımızın bir parçası olacaqdır. Zaman və məkan məhdudiyyəti olmayan təhsil sistemi dedikdə söhbət distant təhsil sistemindən və onun bu gün müəllimin qarşısına qoyduğu tələblərdən gedir. İstər ənənəvi sinifdə, istərsə də, onlayn sinifdə dərsi təşkil edən bir müəllimin öyrətmə strategiyası düzgün olmalı, nəinki müəllim özü yeniliklərə, istənilən mühitdə işləmə vəziyyətinə uyğunlaşa bilməli, həm də onun arxası ilə irəliləyən, öyrənən cəmiyyətə hədəfi düzgün göstərə bilməlidir. İçində öyrətmə istəyi və coşğusu olmayan, ətrafında və dünyada baş verənlərə biganə qalan, səbirsiz, yeniliklərə və dəyişməyə qapalı, öyrətmə texnikası yanlış və içində insan sevgisi olmayan, bezmiş, yorğun bir xarakterdə olan müəllimin uğur qazanmaq şansı yoxdur. Zaman və məkan məhdudiyyətləri olmayan virtual mühit, müəllim və tələbə əlaqələrinin qarşılıqlı, yüksək səviyyədə olmasını tələb edir. İnternet də daxil olmaqla, İKT-nin inkişafı, onların tətbiqi, çox sayda distant öyrənmə fəaliyyətinə ev sahibliyi edir, informasiya mənbələrini əlçatan və uyğun edir. Buraya coğrafi məsafəni heçə sayan, sərbəst əməkdaşlıq edərək, komanda işi, açıq dialoqlar, debatlar, müzakirələr şəklində öyrənmə mühiti daxildir. Tipik, dörddivarlı sinif otağı bu gün artıq onlayn şəkildə bütün dünyaya və tələbələrə açıq hala gəlmişdir. Bu gün müəllimin rolu bir “hi-tech” (yüksək texnologiyalara əsaslanan) sinfində “diaqnoz qoyan” və “yönləndirən” kimi görülür.

Tələbə qrupları ilə işləyən müəllim kompüterdə onların tapşırıqları düzgün yerinə yetirməkdə kömək edə bilən, kompüter texnologiyalarını intellektual və ağıllı şəkildə yönləndirə bilən “navigator” və ya “orkestrın dirijoru” olmalıdır. Koqnitiv, sosial, fərdi proseslər də daxil, öyrənmə mühitində baş  verən dinamik prosesləri düzgün idarə edə bilməlidir. Məsafədən öyrənmə həm də tələb edir ki, müəllim öyrənənləri üçün özəl və dəstəkləyici cavab-feedback versin, öyrənənləri arasında baş verən müzakirəyə rəhbərlik etsin, virtual öyrənənlərinə doğru mənbə və araşdırma metodları göstərsin.

Müəllim məlumatın dispeçeri yox, biliyin açarını göstərən olmalıdır. Distant təlim daha çox tələbəyönümlüdür, yəni, öyrənən bunun məsuliyyətini özü götürdüyü üçün, müəllim yaxşı bir pedaqoq olmalı, təlimdə iştirak edənlərə psixoloji təsir göstərə bilməlidir. Onlayn dərslərdə müəllim ümumi muxtariyyətini itirərək, komandanın bir üzvü olur, yəni, mühitin aktiv iştirakçıları tələbələrdir. Geniş çeşidli onlayn mənbələrə qoşulan tələbə müəllimdən asılı olmayıb, bilik öyrənən zaman yalnızdır. Onlayn təlimçi və ya müəllim özü ilə tələbə arasında anlayış və ünsiyyət, yeri gəldikdə isə coğrafi boşluqları aradan qaldıra bilən körpü ola bilməlidir.

Bu günlərdə baş verən proseslər dünya əhalisini məsafədən təhsil sistemindən tamamilə asılı bir vəziyyətə gətirdi və bu təhsil növünün inkişafına, yeni prinsip və metodlarla təşkil edilməsinə ehtiyac olduğunu göstərdi. Pedaqoqları isə gələcək nəsillərin tərbiyə olunması prinsiplərini bir daha gözdən keçirməyə, üzərində dayanmağa məcbur etdi. "Covid-19" insanların bir-birinə necə yaxın, insanlığın problemlərinin və həlli məsələlərində ortaq olduğunu, qlobal əməkdaşlığın qlobal problemlərin öhdəsindən gəlməkdə necə vacib olduğunu  göstərdi. Gələcəkdə insanların karyera həyatında üstün cəhətləri onların empatiya, emosional zəka,ünsiyyət və səmərəli əməkdaşlığı hesab ediləcək. İnkişaf edən elm və yeni nəsil texnologiyaları, hələ bu gün bizə məlum olmayan, gələcəkdə mövcud olacaq iş yerlərində çalışmış olacaq öyrədən təbəqəyə – müəllimin üzərinə yalnız və yalnız biliyin, doğru yolun bələdçisi olmaq düşür.

Türkan İSMAYILLI

 Naxçıvan Dövlət Universitetinin

 İngilis dili və metodika kafedrasının müəllimi

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR