22 Dekabr 2024, Bazar

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində növbəti “Azərbaycan dilinin Naxçıvan dialekt və şivələri” adlı tədqiqat işi yekunlaşıb.

Dilimizin bu günkü inkişafı ona göstərilən dövlət qayğısından birbaşa asılıdır. Bu prosesdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il

23 may tarixdə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamının da xüsusi rolu vardır. Bu proqramın 6.3.5 bəndində Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi də nəzərdə tutulurdu. Ona görə də son illərdə dilçiliyin ən çox diqqət yetirilən sahələrindən biri də dialekt və şivələrdir.

Müasir dövrümüzdə çox aktual olan elm və təhsilin inteqrasiyası çərçivəsində gələcək tədqiqatçıların yetişdirilməsi, gənclərin elmi fəaliyyətə həvəsləndirilməsi məqsədilə “Azərbaycan dilinin Naxçıvan dialekt və şivələri” adlı layihənin icrasına başladıq. Naxçıvan Muxtar Respublikasının müxtəlif rayon və kəndlərində olduq, burada yaşlı əhali ilə söhbətlər etdi, dialektoloji materiallar topladıq. Toplanan materiallar əsasında şagirdlərimiz Naxçıvan dialekt və şivələri üzərində müəyyən araşdırmalar apardıq.    

Qədim tarixə, zəngin sərvətlərə, əlverişli təbii şəraitə malik olan qədim Naxçıvan torpağının sakinləri milli-mənəvi dəyərlərə daim hörmətə yanaşmış, onları qorumuş və gələcək nəsillərə ötürmüşlər. Belə sərvətlərimizdən biri də dialekt və şivələrimizdir. Dialekt və şivə dedikdə ədəbi dildən fərqli, hər bölgənin özünəmxsus danışığı nəzərdə tutulur. Yəni eyni xalqın danışığında müəyyən regional fərqlər əmələ gəlir ki, bunlar da dialektlər adlanır. Bir dilin bir neçə dialekti ola bilər. Onlar arasındakı fərq onun fonetik sistemində, qrammatik quruluşunda və lüğət tərkibində özünü göstərir. Azərbaycan dili də bu fərqlərə əsasən müəyyən dilalektlərə ayrılır ki, bunlardan biri də Naxçıvan Muxtar Respublikası ərazisini əhatə edən dialekt və şivələrdir. Dilimizin dialekt və şivələrinin daha sistemli tədqiqi üçün onlar tarixi-coğrafi prinsip əsasında oxşar xüsusiyyətlərinə görə müəyyən qruplar halında birləşdirilmiş və bu şəkildə öyrənilmişdir. Buna əsasən Azərbaycan dilinin dialekt və şivələri üç qrupda – cənub, qərb və şimal-şərq ləhcə qruplarında birləşdirilmişdir. Naxçıvan dialekt və şivələri cənub qrupuna daxildir. Cənub qrupunun bir sıra özünəməxsus xüsusiyyətləri vardır ki, bunları biz öz bölgəmizin əhalisinin danışığında da müşahidə edirik.

Azərbaycan dilinin dialekt və şivələrinin qədim vəziyyətini biz yazılı abidələrimizdən, folklor nümunələrimizdən də öyrənə bilirik. Onların öyrənilməsi dilimizin tarixinin öyrənilməsi üçün çox vacibdir. Çünki dilimizin bir çox qədim xüsusiyyətləri köhnələrək ədəbi dilimizdən çıxmış, yalnız dialekt və şivələrdə yaşamaqdadır.

Dialekt və şivələrimizilə ədəbi dilimiz arasına uzun əsrlərdir sürən qarşılıqlı əlaqə vardır və dialektlərimiz ədəbi dilimizin formalaşmasında yaxından iştirak etmiş, ona təsir göstərərək zənginləşdirmişdir. Naxçıvan ərazisində 2 dialekt – Naxçıvan və Ordubad və 6 şivə qrupu – Babək, Culfa, Kəngərli, Şahbuz, Şərur və Sədərək ayrılır. Bu dialekt və şivələrin həm bir-birinə bənzər, ortaq xüsusiyyətləri, həm də hər rayonun özünəməxsus maraqlı xüsusiyyətləri müşahidə olunur.

Tədqiqat göstərir ki, Naxçıvan dialekt və şivələrinin fonetikasında daha çox xarakterik cəhətlər özünü göstərir. Belə ki, burada “ə” səsinin daha açıq tələffüzü və “a” səsinin “ə” səsi ilə, “e” səsinin isə “ə” səsi ilə əvəzlənməsi hadisəsi sözün əvvəlində, ortasında və sonunda xarakterikdir: ev “əv”, deyil “dəyil”, çevir “çəvir”, elə “həylə”, pendir “pənir”, daha çox Ordubad və Culfa rayonlarının şivələrində özünü göstərən qara “qərə”, bağ “bəğ”, lampa “ləmpə”,  ayaq “əyax”, qayçı “qəçi”, yarpaq “yərpəx”, bıçaq “piçəx”, xalça “xəlçə”, şaftalı “şəfdəli”, avam “əvvam”. 

Eyni zamanda “a” səsinin “ə” səsi ilə əvəzlənməsi hadisəsinin əksi olan “ə” səsinin “a” səsi ilə əvəzlənməsi hadisəsinə də daha çox Şahbuz və Şərur şivələrində rast gəlirik: qüvvə “quvvat”, cümə “cuma”, Heydər “Heydar”, ciyər “ciyar”, idarə “idara”, Zeynəb “Zeynab”, zəif “zayıf”.

Naxçıvan dialekt və şivələrində ən çox yayılan əvəzlənmələrdən biri də “o” səsinin “a” səsi ilə əvəzlənməsi hadisəsidir ki, buna bütün şivələrimizdə rast gəlmək olur: qohum “qahım”, qovun “qavın”, ovuc “avıc”, dovşan “davşan”, molla “malla”, tovuz “tavız”, nov “nav”, sovmaq “savmax”. Bununla yanaşı gənc tədqiqatçılarımız leksik və qrammatik səviyyədə də çox maraqlı və qədim dil faktları müşahidə edərək tədqiqata cəlb etmişlər. Araşdırmalardan məlum olur ki, dialekt və şivələr tədricən ədəbi dil qarşısında zəifləməkdədir. Ona görə də onların öyrənilməsi dilçilik qarşısında duran aktual məsələlərdən biridir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında dialekt faktlarının əhalinin nitqində qorunub saxlanması sevindirici haldır. Çünki şivələr xalqın qədimdən bəri həyat tərzini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini, eyni zamanda dilin tarixini özündə yaşadan bir vasitədir. Onları öyrənmək həm də xalqın tarixini öyrənmək deməkdir.   

Bu layihənin ən əhəmiyyətli tərəflərindən biri də apardıqları araşdırmalar nəticəsində elmi fəaliyyətdə ilk addımlar atılaraq bu sahədə müəyyən təcrubələr əldə edilməsidir. Dilimizin öyrənilməsi və təbliği istiqamətində də böyük əhəmiyyət kəsb edən bu işdə gənc tədqiqatçılarımıza bir daha aşılanır ki, milli dəyərlərimizi qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. 

 Nuray ƏLİYEVA

filologiya üzrə fələsəfə doktoru, dosent

Nurcan MÜSLÜMOVA

Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin şagirdi

Fatimə HÜSEYNOVA

Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin şagirdi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR