http://oldserqqapisi.az/index.php/humanitar/elm-v-t-hsil/23283-nakhdzh-van-doevlaet-universitetindae-distant-taehsilin-perspektivlaeri-vae-elmi-kitabkhanan-n-bu-taehsil-sisteminae-intezhrasiyas.html#sigProGalleria8c9ebb1042
Distant təhsil məsafəli təhsil olub öyrədən ilə öyrənənin fərqli məkanlarda olma imkanını təşkil edən informasiya kommunikasiya texnologiyaları vasitəsidir. Günbəgün müasirləşən dünyada insanlar şəxsi işi, biznesi, ailə öhdəlikləri, maddi çətinlikləri və digər səbəblərdən dolayı beynəlxalq təhsil üçün başqa ölkələrə və yaxud təhsil müəssisələrinə getməsi mümkün olmur. Distant təhsil bütün bu çatışmazlıqların üzərindən xətt çəkərək tələbə ilə müəllim arasında faks, e-poçt, video, audio qrafik, multimedia texnologiyas kimi elektron daşıyıcılarından istifadə edərək təhsili reallaşdıran sistemdir.
Distant təhsildə internet resursları, müəllimlərlə tələbələr arasında ikitərəfli əlaqəni təmin edən bütün zəruri tədris-metodik və təhsil-inzibati informasiyanı əks etdirən özünəməxsus web sayt olamlıdır. Tələbənin Distant təhsil alması üçün o, kompüter, tablet, telefon və internet vasitələrindən istifadə etmək imkanına malik olmalıdır. Distant təhsil 2 rejimdə fəaliyyət göstərə bilər. Həm poçt -email protokollarına əsaslanan offlayn rejimində, həm də interaktiv öyrədici texnologiyalarından istifadə etməyə imkan verən http, ftp, gopher və digər protokollara əsaslanan onlayn rejimində. Distant təhsil texnologiyaları işlənib hazırlanarkən bu göstəricilər mütləq əsas götürülməlidir: Ev tapşırığının yerinə yetirilməsi, virtual dərsliklə iş, öyrənilən materialın elmi icmalı, mühazirə, videofilmə baxış, kompüter siniflərində iş, diskussiyalar, kitab müzakirələri, işgüzar formada interaktiv seminarlar, şifahi və yazılı kurs işlərinin yerinə yetirilməsi, elektron kitabxana fondları ilə iş, cari modul testləşdirmə və ya buraxılış imtahanları və qiymətləndirmə. Bunu da qeyd etmək lazımdır ki, offlayn təlim texnologiyasından istifadə etməklə tələbə internetə daxil olmadan e-mail vasitəsi ilə bütün tədris materiallarını əldə edə bilər.
Distant təhsil sistemi ənənəvi təhsil sistemi ilə müqayisədə təhsil alanın asudə vaxtını səmərəli istifadə etməsini, müstəqilliyini, aktivliyini, qısa zamanda daha çox elmi məlumatlar əldə etməsini və digər imkanlarını genişləndirir. Artıq demək olar ki, Avropanın bir çox ölkələrində distant təhsil formasından geniş istifadə olunur. Əhalinin bütün təbəqələri üçün münasib və baha olmayan bu təhsil formasının əsas məqsədi müasir informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə təhsil alan şəxsin ixtisasının artırılmasıdır. Distant təhsilin yaradılmasına ilk cəhd, 1840-ci ildə İsaak Pitman tərəfindən poçt məktubları vasitəsi ilə Birləşmiş Krallıqda tələbələrə stenoqrafiyanı öyrətməklə başlanılmışdır.
Azərbaycanda Distant təhsilin rəsmi yaranması 19 iyun 2009-cu il hesab olunur. “Təsil haqqında” Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycanda təhsil almağın 4 forması mövcuddur. Bunlar: əyani, qiyabi, distant (məsafəli) və eksternat (sərbəst) təhsil formalarıdır.
Azərbaycanda ilk dəfə olaraq, Naxçıvan Muxtar Respublikasında Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü ilə 17 yanvar 2018-ci il tarixdə Naxçıvan Dövlət Universitetində Distant Təhsil Mərkəzinin açılışı olmuşdur. Ali Məclisin Sədri Vasif Talıbov demişdir: ‘’Naxçıvan Dövlət Universiteti yüksək ixtisaslı kadrların yetişdirilməsində müstəsna xidməti olan bir ali təhsil ocağıdır’’. Qeyd etmək yerinə düşərdi ki, ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə məhz həmin universitetində distant təhsilin əsasının qoyulması, Naxçıvan Dövlət Universitetinin dünya təhsil siteminə inteqrasiyasını daha da sürətləndiriləcəyinə əyani sübutdur. ”Təhsil hər bir millətin gələcəyidir’’ deyən ümummilli lider Heydər Əliyevin də vurğuladığı kimi, Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişafında Naxçıvan Dövlət Universitetinin özünəməxsus yeri və böyük xidmətləri vardır. Zəngin maarifçilik ənənələrinin layiqli davamçısı olan bu universitet, muxtar respublikanın ali təhsilli mütəxəssislərə olan ehtiyacını ödəyən müasir təhsil mərkəzidir. Fərəhli haldır ki, bu təhsil ocağının yetirmələri həm Naxçıvanın müxtəlif guşələrində, həm də onun hüdudlarından kənarda uğurla çalışırlar. Ali təhsilli kadr yetişdirmək, şübhəsiz ki, böyük təhsil, eyni zamanda böyük əmək tələb edir. Ali təhsil sahəsində çalışanlar fədakar insanlardır. Xalqımız onların əməyini həmişə qiymətləndirir və ali təhsil ocaqlarında çalışan adamlara həmişə xalq arasında böyük hörmət və ehtiram var. Naxçıvan Dövlət Universiteti 1996-cı ildə ölkəmizdə fəaliyyət göstərən 37 universitet arasında 36-cı yerdə olsa da, 2016-2017-ci tədris ilində yeni texnologiyaların tədbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə ölkəmizdəki ali təhsil müəssisələri arasında birinci yerə laiq görülmüşdür. Hazırda, Naxçıvan Dövlət Universiteti bütün ixtisasları üzrə distant təhsil həyata keçirir. Distant təhsil almaq istəyən əcnəbi vətəndaşlar universitetin ndu.edu.az portalına müraciət edərək “Distant təhsil” bölməsinə daxil olmalıdırlar. Vətəndaşlar burada distant təhsil haqqında məlumatlar və qəbul qaydaları ilə tanış olduqdan sonra tələb olunan sənədləri elektron formada universitetə göndərir və qeydiyyatdan keçən hər bir tələbəyə proqram tərəfindən fərdi identifikasiya nömrəsi verilir və ona şəxsi kabinet ayrılır. Bu da onu göstərir ki, tələbə məzun olduqdan sonra da öz istifadəçi adı və şifrəsi ilə sistemə daxil olmasına və təhsil sənədlərini əldə etməsinə imkan verir. Çoxfunksiyalı təhsil sistemində dərslər offlayn və onlayn rejimdə tədrsi olunur. Tədris planları, ixtisaslar və müəllimlər haqqında məlumatlar sistemə yüklənmiş, müəllimlərin mühazirələrinin elektron variantı və video-dərslər hazırlanmışdır. Tələbəbələr əvvəlcədən dərs proqramları, müəllimlərin verdiyi tapşırıqlar və mühazirələrlə tanış olaraq həm offlayn, həm də onlayn rejimdə suallar ünvanlayıb cavabları ilə tanış ola bilərlər. Bununla yanaşı, tələbələr arasında diskussiyalar təşkil etmək, onlayn müzakirələr aparmaq mümkündür. Həmçinin, tələbələr video və yazılı formada təqdim edilən dərsləri kompüterlərinə yükləyə və istənilən vaxt yararlana bilərlər. Tələbələr bu təhsil sistemində istənilən ölkədən kompüter, mobil telefon və planşetlər vasitəsi ilə proqrama qoşulma imkanına malikdirlər. Distant təhsil üzrə məzunlara Azərbaycan və İngilis dillərində təhsili bitirmək haqqında elektron sertifikatlar təqdim olunur.
Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzində keçirilən dərslərin yaxşı mənimsənilməsi üçün universitetin elektron kitabxanasının portalı da bu sistemə inteqrasiya olunmuşdur. Elektron kitabxanaya müraciət internet üzərindən həyata keçirilir. Kitabxana istifadəçilərinin əksəriyyəti kitabxanaya müraciət etmədən, virtual kitabxana vasitəsilə kitabxana resurslarından daha çox və səmərəli istifadə edə bilər. Bu da onu göstərir ki, tələbələrin böyük əksəriyyəti distant təhsilə daha çox önəm verəcək və fiziki olaraq elektron kitabxanada olan çap materiallarının asan və surətli əldə edə biləcəklər. Elektron kitabxana öz istifadəçilərini zəruri olan informasiya ilə təmin etməli, informasiya kommunikasiya texnologiyaları yeniliklərini kitabxanaya tətbiq etməli, təhsildə fürsət bərabərliyini yaratmalı, təhsil və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün kitabxana xidmətlərinin göstərilməsini və müasir İKT vasitələrinin tətbiqini həyata keçirilməlidir. Universitet kitabxanasında da ənənəvi texnologiyalardan yeni İKT texnologiyalarına keçid dövrü hələ 1999-2000-ci illərdə başlayıb. Amerika Birləşmiş Ştatlarının “Tədris İnformasiya Mərkəzi” kitabxanaçılar üçün kompüter bilikləri, internet, elektron rabitə, kitabxana standartları, məlumat bazaları və digər xüsusi proqramlar vasitəsilə kitabxanaçıların yeni texnologiyalardan istifadə qaydasını mənimsəməyə yardım edib. Həmçinin kitabxana əməkdaşları kitabxana proseslərinin avtomatlaşdırılması və kataloqlaşdırılması sahəsində müxtəlif illərdə ABŞ, Rusiya,Türkiyə və Bakıda keçirilmiş bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak etmişdir.
Daima dövlət qayğısı ilə əhatə olunan bu kitabxana, 9 iyul 2013-cü il tarixdə yenidən təmir olunmuş, elektron kitabxana yaradılmışdır. Elektron kitabxanaya müraciət edən hər bir oxucu Prolib Avtomatlaşdırılmış İdarəetmə sistemi vasitəsi ilə, elektron qeydiyyatdan keçdikdən sonra seçdiyi çap məhsulunu sifariş edə bilər, yaxud elektron köşk vasitəsilə axtardıqdan sonra elektron oxu zalından istifadə edə bilər. Lib.ndu.edu.az kitabxananın geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Saytda kitabxananın tarixi, strukturu, keçirilən tədbirlər, beynəlxalq əlaqələr, elektron kataloq və elektron kitabxana bölmələri mövcuddur. Bu proqram vasitəsi ilə artıq 5 minə yaxın kitabın elektron versiyası sayta yüklənmişdir.
Məlumdur ki, dünyada yayılmış pandemiyası ilə əlaqədar artıq kitabxanalar da online rejimə keçərək, öz oxucularına xidməti daha da artırıb. Kitabxana, həmçinin, “kitablardan pıçıltılar” onlayn kitab müzakirələrinə də start verib. “Go to meeting” proqramı vasitəsi ilə həftədə iki dəfə -- dördüncü və bazar günləri kitabsevərlər üçün kitab müzakirəsini və Azərbaycan filmlərinə baxışı təşkil edir. Universitetin bütün fakültələrindən olan tələbələrin iştirakı ilə Oxunması zəruri olan kitablar silsiləsindən Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması və “Şəhriyar yaradıcılığının sönməyən nisgili”, Ernest Heminqueyin “Qoca və Dəniz” povesti, Mikayıl Muşfiqin həyatı və yaradıcılığı müzakirə edilib. Bununla yanaşı Azərbaycan filmlərindən “Arşın mal alan”, “O olmasın bu olsun”, “Qəm pəncərəsi” filmlərinə də baxılır və müzakirə edilir.
Müşahidələr göstərir ki, onlayn şəkildə keçirilən bu müzakirələri və “evdə qal, kitabsız qalma” aksiyası tələbələrin məmnunluq hissləri ilə yadda qalır. Bunu onların istifadə etdikləri sosial şəbəkələrdən də aydın görmək mümkün olur.
Fariz Əhmədov
Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasının direktoru