Azərbaycan Milli Elmlər Akademiyası −75
Dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə, mədəniyyətə yüksək qiymət verən xalqlar, dövlətlər və onların başçıları bununla öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin etməklə yanaşı həm də dünya elminə, mədəniyyətinə , ümumiyyətlə sivilizasiyaya böyük töhfə vermiş olurlar. Təsadüfi deyil ki, yer kürəsində yaşayan çoxsaylı xalqlar içərisində o xalqların adı daha öndə və hörmətlə çəkilir ki, onların bu sahədə payları daha çoxdur. Böyük qürur hissi ilə söyləmək olar ki, xalqımızın adı da həmin simvolik siyahıda kifayət qədər öndə yerləşdirilə bilər. Bu baxımdan respublikamızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da istisna təşkil etmir.
Məlumdur ki, Naxçıvan diyarı hələ lap qədimlərdən Yaxın və orta Şərqin çox mühüm elm mərkəzlərindən biri olmuşdur. Bu diyar orta əsrlərdə Azərbaycan elminə bütün bölgədə yüksək şöhrət qazandırmış onlarca görkəmli elm adamı bəxş etmişdir. Onlar öz zamanlarında dünya elm xəzinəsinə çoxsaylı dəyərli töhfələr vermişdir. Lakin qeyd etmək vacibdir ki, Azərbaycanda, o cümlədən də Naxçıvan Muxtar Respublikasında müasir elmin əksər sahələrinin yüksək inkişaf yoluna qədəm qoyması XX əsrin 20-ci illərindən başlanmışdır. "Azərbaycanı Tədqiq və Tətöbbö" cəmiyyətinin Naxçıvan şöbəsinin yaradılması bu diyarın zəngin təbii sərvətlərinin aşkara çıxarılmasında, tarixinin, elm və mədəni irsinin öyrənilməsində müəyyən rol oynamışdır. 1945-ci ildə Azərbaycanda Elmlər Akademiyasının yaradılması isə respublikanın digər bölgələri ilə yanaşı muxtar respublikada da elmin inkişafına daha güclü təkan vermişdir.Bundan sonra muxtar respublikada bir çox elmi idarənin, məsələn Araz ( Naxçıvan) Kompleks zona Təcrübə stansiyasının, Naxçıvan Elmi-Tədqiat Baytarlıq Stansiyasının, AMEA-nın Naxçıvan Regional Elm Mərkəzinin, Elm və Texnika Mərkəzinin, Şamaxı Astrofizika Rəsədxanasının Günəşi Müşahidə Stansiyasının ( Batabat rəsədxansının) yaradılması digər elmlərlə yanaşı fundamental elmlərin də inkişafına böyük təkan vermişdir. Bu baxımdan 1972-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə yaradılmış Naxçıvan Elm Mərkəzində fundamental elmin müxtəlif sahələri üzrə aparılan tədqiqatlar xüsusilə yüksək önəm kəsb edir. Respublikamız müstəqillik əldə etdikdən sonra da elmin inkişafına daim yüksək önəm verən xalqımızın ümumilli lideri Heydər Əliyev məlum çətinliklərə baxmayaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsünü və Azərbaycanın bu bölgəsinin geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqust ayının 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında 1003№ li tarixi sərəncam imzalamışdır. Həmin il avqust ayının 12-də Naxçıvan Muxtar Respublikasında bu münasibətlə keçirilən müşavirədə sədrlik edən ümummilli liderimiz öz nitqində demişdir: ˶ Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, eliminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməybdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var".
Beləliklə, Azərbaycan Milli Elmlər Akdemiyasının Naxçıvan Bölməsi əvvəllər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı ilə yaradılmış Naxçıvan Regional Elm Mərkəzi və digər elmi idarələrin bazasında yaradılmışdır. Hələ o vaxtlar ulu öndərin qayğısı nəticəsində Naxçıvan Regional Elm Mərkəzinin maddi-texniki bazasının yaradılması və kadr potensialının formalaşdırılması sahəsində işlərin görülməsi bu elm ocağının qısa müddətdə işlək hala düşməsinə əhəmiyyətli dərəcədə kömək etmişdir. Bölmənin yaradılmasından sonra Naxçıvanda elmin vahid mərkəzdən idarə edilməsi, əlaqələdirilməsi, elmi kadrların hazırlanması və regionun hərtərəfli öyrənilməsi istiqamətində fəaliyyət üçün şəraitin yaranmasına səbəb oldu. Qeyd edilən sərəncama müvafiq olaraq Bölmədə 6 Elmi Tədqiqat İnstitutu-Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu; İncəsənət, Dil və Ədəbiyyat İnstitutu; rəhbərliyi mənə həvalə edilən Təbii Ehtiyatlar İnstitutu; Bioresurslar İnstitutu; Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılmışdır.
Məlumdur ki,elmin inkişafı təkcə yuxarıda göstərilən elm ocaqlarının açılmasından və onların maddi-texniki təminatından deyil, həm də orada çalışacaq yüksək ixtisaslı kadırların hazırlıq səviyyəsindən, onların elmi fəaliyyətindən də aslıdır. Bu amili nəzərə alaraq 1998-ci ildən Naxçıvan Dövlət Universitetində dörd ixtisas üzrə, 2006-cı ildən isə AMEA Naxçıvan Bölməsində üç ixtisas üzrə Dissertasiya Şuralarının yaradılması və fəaliyyəti yüksək ixtisaslı elmi kadrların, o cümlədən fundamental elmlər sahələrində çalışan kadrların hazırlanması işinə öz müsbət təsirini göstərmiş və bu gün də göstərir. Təsadüfi deyil ki, 1995-ci ilə qədər Naxçıvan Muxtar Respublikasında 5 nəfər elmlər doktoru, 100-dən bir qədər artıq fəlsəfə doktoru olduğu halda, hazırda elmlər doktorlarının sayı 38-ə, fəlsəfə doktorlarının sayı isə 300-ə çatmışdır və bu say durmadan artmaqdadır. AMEA-ya 2003, 2007, 2014 və 2017 -ci illərdə keçirilən seçkilərdə Naxçıvandan olan elm və təhsil işçilərindən 3-ü akademik, 13-ü isə müxbir üzvü seçilmişdir.İstər Dissertasiya Şuralarının yaradılması, istərsə də AMEA-ya keçirilən seçkilərdə əldə edilən uğurlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü, diqqət və qayğısının nəticəsində mümkün olmuşdur.
Uzun illərdən bəri, xüsusilə də AMEA və onun Naxçıvan Bğlməsinin yaradılmasından sonra Naxçıvan diyarında elmin inkişafı məqsədi ilə həyata keçirilmiş bütün bu işlər öz müsbət bəhrəsini vermiş və bu gün də verməkdədir. Bütün bu illər ərzində ulu öndərin də tövsiyyə etdiyi kimi Naxçıvan Muxtar Respublikasının qədim tarixi, mədəniyyəti, ədəbiyyatı ilə yanaşı onun təbiəti, təbii sərvvətləri, torpağı, suyu və.s ilə bağlı da fundamental tədqiqatlar aparılmış və onlar bu gün də davam etdirilir. Müxtəlif dövrlərdə həyata keçirilən , xüsusilə də 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra daha da genişləndirilən geoloji-kəşfiyyat işlərinin nəticəsində muxtar respublikaının ərazisində mövcud olan çoxsaylı faydalı qazıntılar aşkara çıxarılmış, onlarla bağlı vacib parametrlər təyin edilmişdir. Göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikasının mineral ehtiyatları kifayət qədər perspektivlidir.
Həmçinin göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikasının faydalı qazıntılarını şərti olaraq aşağıdakı qruplara bölmək olar. Metal faydalı qazıntılar; Qeyri-filiz faydalı qazıntılar; Bəzək daşları; Tikinti materialları.
Hər bir qrupdan olan faydalı qazıntıların özlərini də çoxlu sayda yarımqruplara bölmək olar. Məsələn, metal faydalı qazıntılarını aşağıdakı yarımqruplara bölmək olar: Dəmir və manqan filizləri, Mis filizləri, Molibden filizləri, Volfrom filizləri, Qurğuşun və sink filizləri, Alüminium filizləri, Maqneziumlu karbonat filizləri, Kobaltlı filizlər, Civə-sürmə-mərgümüş filizləri, Qızıl filizi, Uran filizi.
Qeyri-filiz faydalı qazıntılarını aşağıdakı yarımquruplara bölmək olar: Dağ kimyəvi xammal yataqları ( məs.daşduz, dolamit, kükürd, şüşə sənayesi üçün mineral xammalar və s.); Aqro kimyəvi xammal yataqları ( məs. fosforit, seolit); Yanar faydalı qazıntılar ( məs.torf); Mineral piqmentlər ( məs. təbii mineral boya xammalı, Gülüstan oxra yatağı).
Bəzək daşlarına sirab araqonit ( mərmər oniksi) yatağı, Biləv mərmər oniksi təzahürü, Kilit buynuzdaşı yatağı, Parağaçay andaluzit-rutil təzahürü və s. misal göstərilə bilər.
Tikinti materiallarını aşağıdakı qruplara bölmək olar: Üzlük daşlar( məs. travertin, maqmatik mənşəli üzlük daşları və.s); Divar ( mişar) daşı; Gil; Sement Sənayesi üçün xammallar; Büzücü materiallar istehsalı üçün mineral xammallar; Gips və gəc; əhəng; Qum-çınqıl qarışığı və tikinti qumu; Tikinti daşı.
Qeyd olunduğu kimi AMEA Naxçıvan Bölməsi AMEA-nın Naxçıvan Regional Elm Mərkəzinin bazasında yaradılmışdır. Burada çalışan tədqiqatçılar hələ Elmi Mərkəz dövründən kifayət qədər aktual mövzular üzərində çalışmış və bu gün də həmin istiqamətdə olan işləri davam etdirirlər.
Kimyaçılarımızın araşdırmaları muxtar respublikanın təbii xammal ehtiyatları əsasında qeyri-üzvi və bioloji-aktiv maddələrin və preparatların alınması üsullarının işlənib hazırlanmasına yönəldilmişdir. Darıdağ termal sularının (DTS) kompleks öyrənilməsinin prinsipial texnoloji sisteminin təklif edilməsi, bu sulardan bor-arsen konsentratının, sonda isə yüksək təmizliyə malik arsen 3-sulfidin sintezi belə işlərdəndir. Karbon <https://az.wikipedia.org/wiki/Karbon> qazının alınması ilə bağlı mərkəzin mütəxəssisləri muxtar respublikanın istehsal sahələrinin yerli xammal əsasında işləməsi üçün də axtarışlar aparmışlar.Bu araşdırmalar respublika dövlət mükafatına layiq görülmüşdür ki, bu da mərkəzin yüksək uğurlarından biri sayılır.
DTS-nun araşdırılması ilə bağlı uzun illərdən bəri aparılan tədqiqatlar xüsusilə yüksək aktuallıq kəsb edir. Məlumdur ki,dünyada arsenli sular içərisində əsas yeri karbonatlı-arsenli sular tutur. Bunların əsas xüsusiyyəti tərkiblərində yüksək miqdarda karbon qazının olmasıdır. Qazın miqdarı 3,5-9,0 q/l-ə çatır. Ayrılan qaz qarışığında karbon qazının miqdarı yüksək olub 95-100 % təşkil edir. Qalan hissə azotun və təsirsiz qazların payına düşür. DTS qrupu MDB-də ən yüksək debitli mineral su mənbələridir. Mənbələr Culfa şəhərindən 9 km şimal-şərqdə, dəniz səviyyəsindən 900 m yüksəklikdə, Şorsuçay dərəsində bir-birindən 0,5-2 km məsafədə yerləşir. Dövlət Ehtiyatlar Komitəsi tərəfindən Darıdağ mineral suların istismar ehtiyatı 4,5 min m3/sutka olduğu təsdiq edilmişdir. DTS-nin dünya arsenli suları içərisində öz müalicəvi əhəmiyyətinə görə xüsusi yeri var. Hazırda xüsusi şəraitdə suyun quru qalığı alınaraq satışa verilir.
Yuxarıdakı məlumatdan da görünür ki, DTS -nun tərkibində asan emal edilən və Naxçıvan Muxtar Respublikasında böyük tələbat olan komponentlərdən biri də karbon qazıdır. Suda spontan karbon qazından başqa həll olmuş formada karbon qazı da vardır. Suyun kompleks emalı prosesində karbon qazının hər iki forması sərbəstləşir. 1980-cı ildə Darıdağ ərazisində maye karbon qazı istehsal edən sex yaradılmışdır. Sonrakı dövrlərdə sex Darıdağ Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş, 2008-ci il dekabr ayından isə “Karbon qazı Zavodu” ASC kimi fəaliyyət göstərir. 2007-ci il Sahibkarlığa Kömək Fondundan zavoda 680 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. İkimərtəbəli inzibati və istehsal binasından ibarət olan müəssisədə əsaslı təmir və yenidənqurma işləri aparılmış, qazın mənbəyindən zavoda qədər 2650 metr boru xəttində təmir işləri yerinə yetirimişdir. Zavoda Rusiya Federasiyası və Ukraynadan müasir texnoloji avadanlıqlar alınıb gətirilmiş və quraşdırılmışdır. Zavodun illik istehsal gücü 6300 ton maye karbon qazı və 50 ton quru buzdur.
Darıdağ antimonit yatağı filizindən sürmənin müxtəlif üçlü halogenitlərinin və metal sürmənin alınması metodları da kimyaçılarımız tərəfindən işlənmişdir.
Bundan başqa Darıdağ arsen filizindən arsenin bir sıra ikili və üçlü birləşmələrinin alınması da kimyaçılarımız tərəfidən həyata keçirilmişdir.
Biləv alüminium süxurundan alüminiumun bir neçə birləşməsinin ( kalium-alüminium zəyi, alüminium-sulfat və alüminium hidroksid) alınmasının elmi əsasları da kimyaçılarımız tərəfindən verilmişdir. Kimyaçılarımızın mühüm işlərindən biri də Gümüşlü sink-qurğuşun filizindən metal qurğuşunun alınması texnologiyasının işlənib hazırlanması, eyni zamanda Gümüşlü flotasiya fabrikinin tullantısından 65-70 % -li barium sulfat konsentratının alınması və onun fabrik miqyasında sınaqdan keçirilməsi olmuşdur.
Parağaçay molibdenit yatağının işlənməsi də kimyaçılarımızın xidmətlərindəndir. Molibdenit filizi də flotasiya üsulu ilə zənginləşdirilmiş, iki təmizləmədən sonra 18-20% -li molibdenit konsentratı alınmışdır ki, onların əsasında isə sonda molibdenin bir sıra üçlü birləşmələri alınmışdır.
Kimyaçılarımız tərəfindən çoxkomponentli sistemlərdən qiymətli elementlərin sorbsiya metodu ilə ayrılmasının nəzəri və praktik əsasları da işlənib hazırlanmış, müxtəlif ionitlərilə bəzi ağır metal ionlarının udulmasının kinetikası və dinamikası öyrənilmişdir. Təbii seolitin termiki emalı, alınmış məhsulun fiziki-kimyəvi xassələri, kimyəvi modifikasiyasının, dehidratlaşmanın mexanizmi öyrənilmişdir.
Naxçıvan Muxtar Respublikası ərazisində olan bulaq və çay sularının tədqiqi də kimyaçılarımıza məxsusdur. Təbii suların yayılma qanunauyğunluqları, onların kimyəvi tərkibi, ehtiyatı, suvarmaya yararlığının qiymətləndirilməsi bu tədqiqatlardandır.
Qeyd edilən işlər bu gün də yüksək aktualıq kəsb etdiyindən kimyaçılarımız tərəfindən dəvam etdirilir. Yaxın gələcəkdə muxtar respublika ərazisində böyük ehtiyatları olan gillərin tədqiqi və tətbiqi ilə bağlı işlərin daha da genişləndirilməsi nəzərdə tutulur.
Respublikamızda elmlər Akademiyasının, xüsusilə də AMEA Naxçıvan Bölməsinin yaradılmasından sonra muxtar respublikamızda fundamental və tətbiqi elmlərin digər sahələrindədə nəhəng inkişafa nail olunmuşdur. Fiziklərimiz Naxçıvan Muxtar Respublikası ərazisində alternativ (bərpa olunan) enerji mənbələrinin öyrənilməsi, yarımkeçirici nazik təbəqələr əsasında yüksək effektli fotovoltaik materialların və çeviricilərin alınması, alınmış strukturların fotoelektrik və optik xassələrinin araşdırılması sahəsində tədqiatlar aparılmış və bugün də onu davam etdirirlər. Muxtar Respublikada 2500 m hündürlükdə çaylar şəbəkəsinin sıxlığı araşdırılmış, bir sıra ölçmələr həyata keçirilmiş, çaylarda su sərfinin get-gedə zəifləməsi müəyyən edilmişdir. Çayların enerji ehtiyatları öyrənilmiş, bu enerjinin elektrik enerjisinə çevrilməsi üsulları elmi əsaslandırılmışdır. Enerji alınması üçün istifadə olunması nəzərdə tutulan qurğuların etibarlı, davamlı və uzunmüddətli istismar edilmələri üçün onların əsas iqtisadi göstəriciləri müəyyənləşdirilmiş və bu enerji sistemlərinin yerləşdirilmələrinin iqtisadi məqsədəuyğunluğu aydınlaşdırılmışdır.Həmçinin günəş çevricilərində geniş istifadə edilən birləşmələrin nano hissəciklərinin və nazik təbəqələrinin alınması istiqamətində işlər aparılmışdır və aparılır. Belə ki, kadmium-sulfidin kadmium-telluridə onun isə telluratransformasiyası və tellurunhəllolması ilə gedən ardıcıl prosesin tsiklik xarakterli olub-olmaması aydınlaşdırılmış, ilk dəfə olaraq kadmium-sulfid nazik təbəqələrində və narın tozunda metastabil hal aşkar edilmiş və metastabil haldakı kadmium-sulfid nazik təbəqəsi ilə normal haldakı nazik təbəqənin optik xassələri müqayisə olunmuş, metastabil halda qadağan olunmuş zonanın eninin 2,5 eV-dan 2,0 eV-a qədər azaldığı müəyyən edilmişdir.
Bu dövdə alimlərimizin fundamental elmlərlə bağlı 40 - dan artıq monoqrafiya və kitabları nəşr edilmiş, onlar 20-dən çox patent almışlar.
Azərbaycanda Elmlər Akademiyasının yaradılmasından təqribən 5 il, Aşqabad zəlzələsindən 2 il sonra (1950) Naxçıvanda Seysmoloji Xidmət Mərkəzi yaradılmışdır. Lakin bu stansiyada quraşdırılan seysmoqrafın texniki imkanları məhdud olduğundan o yalnız maqnitudası 4-dən böyük olan zəlzələləri qeydə ala bilirdi. Respublikamız müstəqillik əldə etdikdən sonra fundamental elmlərin digər sahələri kimi seysmoloji xidmət sahəsində də çox ciddi irəliləyişlərə nail olunmuşdur. Belə ki, 12 may 2004-cü ildə bu xidmət mərkəzi AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun tabeliyinə verildikdən sonra mərkəzin işində böyük bir canlanma olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı sayəsində mərkəzə müasir standartlara cavab verən peyk-rabitə sistemli rəqəmsal telemetrik stansiyaların alınıb quraşdırılmasından sonra (31 avqust 2016-cı il) Mərkəzdə aparılan ölçmələr dünya standartlarına tam cavab verir. Bu stansiyaların köməkliyi və proqram təminatı sayəsində maqnitudası hətta 0,01 olan zəlzələləri də qeydə almaq mümkün olmuşdur. Həm də bu ölçmələr 2500 km radiusda yerləşən məntəqələri (Naxçıvan Muxtar Respublikası ilə yanaşı respublikamızın digər bölgələrində, eləcə də qardaş Türkiyə, İran İslam Respublikası və Qərbi Azərbaycan ərazilərini) də əhatə edir, 500 km radiusda yerləşən məntəqələrdə baş verən zəlzələləri yüksək dəqiqliklə qeydə alır. Seysmoloji Xidmət Mərzəzinin muxtar respublika ərazisində yerləşən Heydərabad, Şahbuz, Naxçıvan və Ordubad stansiyalarından ötürülən siqnallar emal edildikdən sonra alınmış məlumat operativ qaydada lazımi yerlərə çatdırılır.
AMEA-nın və onun Naxçıvan Bölməsinin yaradılmasından sonra elmin digər sahələri kimi astronomiyanın da Azərbaycanda geniş vüsət aldığı bir dövr olmuşdur. Şamaxı Astrofizika Rəsədxanasının, onun Batabat bölməsinin və müşahidə stansiyalarının, kosmosun tədqiqi ilə bağlı digər müəssisələrin yaradılması, yüzlərlə yüksək ixtisaslı mütəxəssislərin yetişməsi, mükəmməl bir astronomiya məktəbinin formalaşması məhz bu dövrə təsadüf edir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda astronomiya rəsədxanasının yaradılması məsələsi hələ 1927-ci ildə ortaya qoyulsa da otuzuncu illərin məlum hadisələri və İkinci dünya müharibəsi bu işlərin tamamlanmasına imkan verməmişdi.
Müharibədən sonra Azərbaycanda rəsədxana üçün müvafiq yerin seçilməsi məsələsi yenidən gündəmə gəlmişdir. Moskva və Leninqrad alimlərinin də yaxından iştirak etdiyi ekspedisiyaların Azərbaycanın demək olar ki, bütün dağlıq regionlarında apardıqları tədqiqatlar nəticəsində gələcək rəsədxananın yeri Şamaxı rayonu ərazisində müəyyən edilmişdir. Rəsədxananın strukturu, orada qurulacaq cihazlar, kadr məsələsi və digər təşkilati məsələlər həll edildikdən sonra, 1959-cu ilin noyabr ayında Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) yaradılması haqqında müvafiq qərar verilmişdir.
XX əsrin 60-cı illərinin sonunda -Ulu Öndərin birinci hakimiyyəti dövründə Şamaxı Astrofizika Rəsədxanasında astronomik müşahidələrin artıq tam qaydaya düşdüyü bir vaxtda, rəsədxananın daha yüksək bir nöqtədə yerləşə bilən müşahidə stansiyasının yaradılması zərurəti ortaya çıxmışdır. Bu yer astronomik iqliminə görə ŞAR-dan da üstün olmalı idi. Bunun üçün dəfələrlə bir sıra zonalar, o cümlədən Naxçıvan MSSR-nin də bəzi məntəqələri nəzərdən keçirilmişdir(Bu işdə o vaxtlar Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədrinin birinci müavini olan dosent Səfərəli Babayevin də xüsusi xidməti olmuşdur). Nəhayət yekunda müşahidə stansiyasının Şahbuz rayonunun Batabat adlanan ərazisində qurulması qərara alınmış və Azərbaycan SSR EA Rəyasət Heyətinin 1971-ci il mart ayının 25-də qəbul etdiyi 13 saylı qərar əsasında ŞAR-ın Batabat bölməsi yaradılmışdır.
Az bir müddət ərzində Dəniz səviyyəsindən təqribən 2050 m hündürlükdə yerləşən Batabat stansiyasında Kude sistemində işləyən 200 mm-lik bir teleskop qurulmuş, Bakı, Moskva və Leninqrad Universitetlərini bitirmiş yerli gənclər işə cəlb olunmuşdur. 1974-cü ildə Batabat bölməsində ilk böyük teleskop – Günəş Koronoqrafı qurulmuş, həmin teleskopda Günəş fizikası sahəsində aparılan tədqiqatlar çərçivəsində müşahidələrə başlanmış və çox maraqlı elmi nəticələr alınmşdır. Bu işlər Moskva astronomları ilə müştərək olaraq yerinə yetirilmişdir.
Batabat bölməsi çox qısa vaxt ərzində keçmiş Sovet İttifaqının məşhur astronomik mərkəzləri ilə əlaqə yaratmışdır. 1976-cı ildə burada Tam Günəş Tutulmasının müşahidəsi təşkil oluunmuş, 1978 və 1979-cu illərdə kometlər üzrə Ümumittifaq konfransları keçirilmişdir. 1970-80-ci illərdə Batabat bölməsi əməkdaşlarının 120-dən çox elmi əsəri SSRİ-nin və Avropanın bir çox nüfuzlu elmi jurnallarında çap olunmuşdur.
1980-ci ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Naxçıvana səfəri çərçivəsində Batabat bölməsində olması, bölmənin həyatında mühüm hadisə idi. Batabat bölməsinin fəaliyyəti ilə yaxından tanış olan Ümummilli lider həmin vaxt orada olan Azərbaycan SSR Elmlər Akademiyasının Prezidentinə, ŞAR-ın direktoruna və Naxçıvan MSSR-nin yüksək partiya və hökümət rəhbərlərinə Batabat bölməsinin inkişaf etdirilməsi barədə tapşırıq və tövsiyyələr vermişdir. Artıq 80-ci illərin sonlarında ŞAR-ın Batabat bölməsi keçmiş SSRİ-də kifayət qədər tanınmış mükəmməl bir rəsədxana kimi formalaşmışdı. Bölmə əməkdaşlarının Moskvada, Leninqradda və Kiyevdə çalışan məşhur alimlərlə müştərək elmi məqalələri dərc edilməyə başlanmışdır. Batabat bölməsində əsasən Göy mexanikası, Günəş fizikası, ulduz astronomiyası və qalaktikalar sahəsində tədqiqatlar aparılırmış və bugün də həmin tədqiqatlar davam etdirilir.
1990-cı ilin yazında Batabat bölməsində “Seiss-600” teleskopu quraşdırılmışdır. Bu işdə Krım Astrofizika Rəsədxanasının əməkdaşları da yaxından iştirak etmişdilər. Bu, bölmənin həyatında olduqca əlamətdar bir hadisə idi. Göstərilən teleskopun qurulması ilə Batabat bölməsində elmi-tədqiqat işlərinin daha da genişləndirilməsi nəzərdə tutulurdu . Bununla belə, təəssüflə qeyd ediməlidir ki, 1988-ci ildən başlayaraq Naxçıvanın mənfur ermənilər tərəfindən blokada vəziyyətinə salınması və Batabat bölməsinin Ermənistanla həmsərhəd ərazidə atəş xətti zonasında yerləşməsi bu elmi idarənin fəaliyyətində mənfi faktora çevrildi. 1991-ci ildən 2000-ci ilə qədər Batabat bölməsinin ərazisi ordu hissələrinin nəzarətində olmuşdur. Bu dövrdə bölmədə nəinki elmi-tədqiqat işləri ilə məşğul olmaq, bəzən hətta əraziyə nəzarət etmək belə mümkün olmamışdır. Nəticədə bölmənin fəaliyyəti iflic vəziyyətinə düşmüş və bölmənin həm kadr potensialı, həm də maddi-texniki bazası ciddi itkiyə məruz qalmışdır.
Qeyd edildiyi kimi, hələ keçən əsrin 20-ci illərində Leninqrad astonomları Azərbaycan ərazisində astronomik stansiya qurmaq ideyası üzərində işləyirdilər. Bu ideyanı həyata keçirmək onlara yalnız 60-cı illərin sonunda, ulu öndərin birinci hakimiyyəti dövründə müyəssər olmuşdu. 1969-cu ildən başlayaraq Ordubad rayonunun Ağdərə məntəqəsində Pulkovo Rəsədxanasının daimi ekspedisiyası fəaliyyətə başlamışdı. Artıq 80-ci illərin əvvəllərində Ağdərə Astronomiya Stansiyasında (AAS) iki teleskop – astroqraf “AFR-1” və uzun fokuslu meniskli “Ay-Planet” teleskopu fəaliyyət göstərirdi. 80-ci illərdə Leninqrad astronomları AAS-da qiymətli mövqe müşahidələri aparmışdılar. Bunların içərisində Sovet-Amerika birgə “VEQA” proqramı çərçivəsində Halley kometinin yerüstü müşahidələri xüsusi yer tuturdu.
Təəssüflər olsun ki, 80-ci illərin sonunda baş verən məlum dağıdıcı proseslər, AAS-nın fəaliyyətinə də son dərəcə mənfi təsir göstərdi. 1991-ci ildə Leninqradlı astronomlar stansiyanı tərk etdilər. AAS 1997-ci ilədək faktiki olaraq nəzarətsiz qaldı. Azərbaycan EA Rəyasət Heyətinin 05 noyabr 1997-ci il tarixli qərarı ilə AAS Şamaxı Astrofizika Rəsədxanasına birləşdirildi. Batabat Astrofizika Rəsədxanası isə AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasından sonra, 2003-cü ilin yanvar ayından yenidən faktiki fəaliyyətə başlamışdır.
Müstəqillik illərində Azərbaycan Respublikasında, o cümlədən muxtar respublikamızda elm və təhsilə göstərilən yüksək dövlət qayğısı Batabat Astrofizika Rəsədxanasını da əhatə etmişdir. Məhz bu qayğı nəticəsində 2004-cü ildə Naxçıvan şəhərində Rəsədxana üçün inzibati bina istifadəyə verilmiş, 2006-2007-ci illər ərzində ŞAR-ın Batabat bölməsi yerləşdiyi ərazidə tam şəkildə müasir tələblərə cavab verən inzibati bina tikilərək Rəsədxana əməkdaşlarının istifadəsinə verilmişdir.“Seyss-600” teleskopu Krım Astrofizika Rəsədxanasına göndərilərək müasir səviyyədə modernləşdirilmiş və 2007-ci ilin sentyabr ayında Batabatda quraşdırılmışdır.
Bu gün AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanası Naxçıvan şəhərindəki inzibati binadan, Şahbuz rayonu ərazisindəki Batabat stansiyasından və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyasından ibarət bir struktur daxilində fəaliyyət göstərir. Burada çalışan əməkdaşların elmi fəaliyyəti üçün lazımi şərait yaradılmış, elmi-tədqiqat işləri yüksək səviyyədə, ən müasir cihaz və avadanlıqlarların köməyi ilə yerinə yetirilir. Batabat Astrofizika Rəsədxanası həm Respublikamızın, həm region ölkələrinin, həm də bəzi postsovet ölkələrinin uyğun elmi-tədqiqat qurumları ilə sıx əlaqə saxlayır. Bu əlaqələr əsasən elmi kadrların yetişdirilməsində, cihaz və avadanlıqların hazırlanmasında, birgə qrant layihələrində, müştərək elmi-tədqiqat işlərinin aparılmasında və elmi seminar və konfransların keçirilməsində özünü göstərir.
Beləliklə, yuxarıda verilən qısa məlumatdan bir daha aydın olur ki, AMEA-nın, xüsusilə də onun Naxçıvan Bölməsinin yaradılması muxtar respublikada digər elmlərlə yanaşı fundamental və tətbiqi elmlər sahəsində də aparılan işlərin vahid mərkəzdən idarə olunmasına, onların daha rasional əlaqələndirilməsinə əlverişli şərait yaranmışdır ki, bu da öz növbəsində həmin elmlərin yüksək inkişaf səviyyəsinə qalxmasına səbəb olmuşdur. Respublikamızın müstəqillik əldə etməsindən sonra elm və təhsilə yüksək dövlət qayğısının göstərilməsi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin və bu gün onun işini layiqincə davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bu sahədə həyata keçirdikləri işlər qədim Naxçıvan Diyarının möhtəşəm inkişaf səviyyəsinə yüksəlməsinə səbəb olmuşdur.
Tofiq Əliyev
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar
İnstitutunun direktoru, AMEA-nın
müxbir üzvü, professor