AMEA Naxçıvan Bölməsində koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan olunan karantin rejiminin müəyyənləşdirilmiş tələb və tövsiyələrinə riayət edilir. Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda da 2020-ci ilin elmi-tədqiqat işlərinin planına əsasən əməkdaşlar fəaliyyətlərini məsafədən həyata keçirirlər.
Bölmənin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən bildirilib ki, əməkdaşlar “Evdə qal” prinsipini əsas götürərək Naxçıvanın folkloru, onomastikası, dialekt və şivələri, o cümlədən ədəbi-mədəni mühitinin tarixi ilə bağlı tədqiqatları sistemli şəkildə davam etdirirlər.
Qeyd edək ki, bu il institutun əməkdaşlarının 85 elmi əsəri nəşr olunub. Biri xaricdə olmaqla 3 monoqrafiya, 3 kitab, 5-i xaricdə olmaqla 44 məqalə, 9-u xaricdə olmaqla, 35 konfrans materialları işıq üzü görüb. Əsərlərdən biri impakt faktorlu, 22-si beynəlxalq kodlu jurnallarda çap edilib. 86 elmi əsər isə çapa təqdim olunub. İnstitutun təsis etdiyi və il ərzində 4 nömrəsi işıq üzü görən “Axtarışlar” jurnalının bu ilə olan ilk sayı nəşrə hazırlanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncamına uyğun olaraq, elmi dərəcəsi olan əməkdaşlar ilin ilk 3 ayı ərzində məzunu olduğu tam orta məktəblərdə ayda bir dəfə nümunəvi dərs deyib. Eyni zamanda, alimlər orta ixtisas təhsilli müəssisələrdə təşkil olunan müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Akademiyanın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun 5 əməkdaşının rəhbərliyi ilə Naxçıvan şəhərində yerləşən 8 orta ümumtəhsil məktəbinin VIII-IX siniflərində təhsil alan və elmə marağı olan 10 şagird “Ümummilli lider Heydər Əliyev və ana dilinin inkişafı məsələləri”, “Naxçıvan toponimlərinin tədqiqi”, “İbtidai sinif dərsliklərində yer alan folklor nümunələrinin şagirdlərin zehni inkişafına təsiri”, “Naxçıvan Muxtar Respublikasının dialekt və şivələri” və “Sosial məkanda Ana dilinin saflığının qorunması: problemlər, perspektivlər” mövzusunda tədqiqatlar aparıb.
İnstitut əməkdaşları 2 beynəlxalq elmi konfransa onlayn qatılıb, həmçinin muxtar respublikanın digər təşkilatlarında keçirilən 15 elmi konfrans və tədbirlərdə məruzə ilə çıxış ediblər.
Hazırda institutun filoloq alimləri akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə müstəqillik dövrü Naxçıvan ədəbi mühitinə həsr olunmuş fundamental monoqrafiya üzərində işləyirlər.