Naxçıvan Dövlət Universitetində onlayn qaydada növbəti iclas keçirib. İclasın məqsədi ali təhsil ocağında universitetin LMS (Learning Management System) Öyrənmənin idarəolunması sisteminə hazırlığın vəziyyəti, sərbəst iş mövzularının müəllimlər tərəfindən təqdim edilməsi, dövlət imtahanları və buraxılış işləri, onlayn və offlayn qaydada keçirilən dərslərin müzakirəsi olub.
Universitetin rektoru, dosent Elbrus İsayev ilk növbədə müxtəlif proqramlar vasitəsilə keçirilən onlayn dərsləri təqdirəlayiq hal kimi dəyərləndirərək qeyd edib ki, ardıcıl və sistemli keçirilən elektron dərslər artıq ölkəmizin bir çox universitetlərində də tətbiq olunan nümunəvi addıma çevrilib.
Dekanlar rəhbərlik etdikləri fakültələr üzrə müvafiq ixtisaslara uyğun keçirilən onlayn dərslər haqqında danışıblar. Bildirilib ki, elektron dərslər artıq müəyyən bir ardıcılıq və sistem üzrə keçilir. Verilən siyahıya nəzər saldıqda aydın görünür ki, son iki ay ərzində müəllimlərin iştirakı ilə onlayn dərslərin sayı 3000-ə çatdırılıb.
Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov buraxılış işi və yekun dövlət attestasiyalarının keçirilmə qaydalarına dair çıxış edib. Bildirilib ki, universiteti bitirən 1262 nəfər məzunun 594-ü dövlət imtahanı, 668 isə buraxılış işi müdafiə edəcək. Buraxılış işlərinin hazırlıq vəziyyətinə nəzər salan prorektor həmçinin vurğulayıb ki, artıq dövlət imtahanları da kafedralarda və fakültə elmi şuralarında müzakirə edilib. Mövcud fakültələr üzrə buraxılış işi və dövlət imtahanlarının statistikası diqqətə çatdırılıb.
Məsafədən təhsilin onlayn və offlayn formalarının mövcud olduğu, KOİCA şirkəti tərəfindən Naxçıvan Dövlət Universiteti üçün “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia” layihəsi çərçivəsində yaradılan Öyrənmənin idarəolunması sistemi (Learning Management System) haqqında universitetin Xarici tələbələr üzrə dekan müavini, Distant təhsil şəbəkəsinin administratoru Hüseyn Qasımov məlumat verib. Qeyd edilib ki, artıq hər bir tələbənin adı, fənnlər, tədris planları sistemə daxil olunub, elektron mühazirə otaqları yaradılıb. Bu platforma vasitəsi ilə tələbələrə mühazirələrin, video dərslərin, kurs işi və sərbəst iş mövzularının çatdırılması nəzərdə tutulur. Sistemdə eyni zamanda tələbələrin öyrənməsinə nəzarət üçün onlara test və ya açıqtipli sualların verilməsinin həyata keçirilməsi də mümkündür.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı Aqşin Məhərrəmov bildirib ki, artıq ali təhsil ocağının professor-müəllim heyətinin iştirakı ilə videodərslər yazılaraq sayt üzərindən tələbələrin elektron kabinetlərinə yerləşdirilib.
Sonda rektor qaşıya qoyulan vəzifələrdən danışıb. Vurğulanıb ki, virtual əlaqə zamanı dekan, kafedra müdirinin dərslərdə iştirakı təmin olunmalıdır. Bu, tələbə və müəllimin qarşılıqlı məsuliyyətin artmasına və tədrisin keyfiyyətinə birbaşa təsir edən faktor kimi əhəmiyyətlidir. Diqqətə çatdırılıb ki, laborotoriyalarda təcrübələr keçirilməli və tələbələr bu imkanlardan onlayn faydalanmalıdırlar.
Rektor qeyd edib ki, bu sistemin bizə verdiyi geniş imkanları dəyərləndirməklə yaradılan şərait hərtərəfli qiymətləndirilməli və hər bir müəllim mövcud durumda bu imkanlardan yararlanmalıdır. Yaşından və ixtisasından asılı olmayaraq elektron resurslardan istifadə edə bilmək bacarığı pedaqoqların qarşısında bir tələb kimi qoyulub.
Səadət ƏLİYEVA
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri