22 Dekabr 2024, Bazar

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “21 Fevral-Beynəlxalq Ana Dili Günü” ilə bağlı tədbir keçirilib.

Tədbiri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan dili özünəməxsus zənginliyi ilə başqa dillərdən seçilir. Ulularımızın bizə miras qoyub getdikləri ana dilimiz “Dədə Qorqud” və “Koroğlu” dastanlarından başlayaraq, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məmməd Araz, Hüseyn Cavid və digər görkəmli qələm sahiblərinin əsərlərində zənginləşib, böyük sənətkarlarımızın yaradıcılıqları ilə daha da inkişaf edib.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründən başlayaraq Azərbaycan dilinin inkişafı istiqamətində məqsədyönlü iş aparıb, mövcud tarixi təcrübəni və müasir dövrün tələblərini nəzərə alaraq mükəmməl dil siyasəti həyata keçirib. Ölkəmiz müstəqillik qazanandan sonra bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunların qəbul edilməsi, ana dilimizin qorunması, inkişaf etdirilməsi, bütün idarə və təşkilatlarda dövlət dili kimi tətbiq edilməsi istiqamətində qətiyyətli addımlar atılıb. 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Həmçinin, böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunur.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət dil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının qəbul etdiyi çoxsaylı dövlət sənədləri müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, dilimizə dövlət səviyyəsində göstərilən qayğının ifadəsidir.
Diqqətə çatdırılıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında daən ali milli dəyərimiz olan dövlət dilimizin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir. İstər danışıq, istərsə də yazı dilindən düzgün istifadə olunması, ana dilimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, təbliğ olunması diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi dilimizə ehtiramın ən böyük ifadəsidir.Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “Oxunması zəruri olan kitablar”ın siyahısının təsdiq olunması, bədii sözün daşıyıcısı olan dəyərli ədəbi nümunələrin gənclərə tövsiyə edilməsi həm də ana dilimizin təbliği, “Dədə Qorqud yurdu Naxçıvan atlası”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” və bu kimi yüzlərlə kitabların Azərbaycan dilində nəşri eyni zamanda dilimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Əliyevin “Milli varlığımız-Ana dilimiz”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimlinin “Şair və yazıçılarımız ana dili haqqında” mövzularında çıxışları dinlənilib.
Sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında dilimizə həsr edilmiş şeirlər bədii qiraət olunub, kitabxanada təşkil olunmuş kitab sərgisinə baxılıb.


- Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR