“Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” mövzusunda beynəlxalq elmi konfrans iki qardaş ölkənin – Azərbaycan və Özbəkistanın elmi-mədəni əlaqələrinin inkişafına bir töhfədir.
Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr olunan konfransın açılış mərasimində deyib.
O bildirib ki, Əlişir Nəvai özbək ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli simalardan biridir. Eyni zamanda, Əlişir Nəvai ümumtürk ədəbiyyatında, hətta türk-müsəlman dünyasında ədəbiyyat korifeyləri sırasında şərəfli yer tutur.